Fizuli Ələkbərov bolqarıstanlı həmkarı ilə görüşüb

11 Aprel 2012 22:00 (UTC+04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov Bolqarıstanın Əmək və Sosial Siyasət naziri Totyu Mladenovun dəvəti əsasında aprelin 9-da həmin ölkəyə səfər edib.

Səfər çərçivəsində iki ölkənin nazirləri arasında keçirilən görüşdə Azərbaycan və Bolqarıstan arasında dostluq və əməkdaşlıq əlaqələrinin uğurlu inkişafından məmnunluq ifadə olunub.

ƏƏSMN-n İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, əmək və sosial müdafiə sahəsində ikitərəfli əməkdaşlığın prioritetlərinin müzakirə olunduğu görüşdə "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Bolqarıstan Respublikasının Əmək və Sosial Siyasət Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum"un müddəalarının həyata keçirilməsi məqsədi ilə "2012-2013-cü illər üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Bolqarıstan Respublikasının Əmək və Sosial Siyasət Nazirliyi arasında Əməkdaşlıq Proqramı" imzalanıb.

Proqram hər iki nazirliyin fəaliyyətinə aid istiqamətlər üzrə məlumat mübadiləsinin aparılmasını, qarşılıqlı təlim səfərlərinin və seminarın təşkilini, tabeçilikdə olan qurumlar arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.