“Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif olunan dəyişikliklər Milli Məclisin plenar iclasına çıxarıldı

11 Aprel 2012 18:22 (UTC+04:00)

Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclasında "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna dəyişikliklər edilməsi barədə sənəd müzakirə olunub. SİA-nın xəbərinə görə, komitə sədri Hadi Rəcəbli layihə barədə məlumat verərək bildirib ki, sənəd qanunvericilik təşəbbüsü qaydasında ölkə başçısı tərəfindən Milli Məclisə təqdim edilib. Qeyd olunub ki, dövlət ölkə vətəndaşlarının sağlamlığının qorunması, əhalinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi işini daim diqqətdə saxlayır. Parlamentdə bu sahənin qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır.

Hadi Rəcəbli öz çıxışında "Psixiatriya yardımı haqqında" qanunda dəyişikliklər edilməsi barədə" sənədin tətbiqi ilə əlaqədar "Əhalinin sağlamlığının qorunması haqqında" qanunda bir sıra düzəlişlərin aparılmasının zəruriliyini söyləyib. O bildirib ki, qanunun 25-ci maddəsinə yeni hissələrin əlavə edilməsi nəzərdə tutulur. Təklif olunan əlavə və dəyişikliklərdə psixiatriya yardımı alan şəxsin müalicəsi ilə bağlı məlumatların pasiyentə və onun ailə üzvlərinə verilməsi ilə bağlı məsələlər öz hüquqi həllini tapıb. Sənədə əsasən, pasiyentə zərər törədə biləcək məlumatların üçüncü şəxsə verilməsi qadağandır.

Komitə sədri digər düzəlişlə bağlı qeyd edib ki, qanunun 32-ci maddəsinə "İlkin tibbi yardım göstərən tibb müəssisələrində müalicəsinə icazə verilən psixi pozuntuların müalicəsi" məzmunda bəndin artırılması məqsədə uyğundur.
Sonra iclasda iştirak edən komitə üzvləri, bir sıra dövlət qurumlarının nümayəndələri, mütəxəssislər, habelə beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri məsələ ətrafında aparılan müzakirələrdə öz fikirlərini söyləyiblər.

Müzakirələrin sonunda deputatlar "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna təklif olunan dəyişikliklərin Milli Məclisin plenar iclasına çıxarılmasını qərara alıblar. Daha sonra komitə sədri Hadi Rəcəbli qanunun əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələrinin əks olunduğu 3-cü maddəsinə bir sıra düzəlişlərin edilməsi barədə fikirlərini açıqlayıb.

Müzakirələrdə bildirilib ki, bu düzəlişlər xəstəliklərin profilaktikası üçün bir sıra yeyinti məhsullarının zənginləşdirilməsinin tətbiq edilməsi, habelə uşaqlarda əlilliyin erkən yaşlarda aşkarlanması və aradan qaldırılması məqsədi daşıyır. Qeyd olunub ki, bununla bağlı daha geniş müzakirələrin aparılması nəzərdə tutulub.