Qərbin qorxu sindromu - TƏHLİL

9 Aprel 2012 15:53 (UTC+04:00)

"Soyuq müharibə" qurtardı. Amma Qərb üçün yeni müharibə başladı. Rusların yerini yeni düşmən - islamçılar tutdular. Daha doğrusu, islam radikalizmi və fundamentalizmi. Təbii ki, burada siyasi amillər - SSRİ-nin süqutundan sonra onun belə demək mümkünsə mirasına, yəni postsovet, bir qədər geniş yanaşsaq, postsosialist ölkələri məkanına, həmçinin Yaxın və Orta Şərqə sahiblik istəyindən qaynaqlanan motivlər başlıca rol oynadı. İslamafobiya isə Qərbin dünya ağalığındakı mübarizəsinin ideoloji simasına çevrildi.


Belə demək mümkünsə, qorxu siyasəti özünü müxtəlif aspektlərdə göstərməkdədir. Baxın, demokratiyanın beşiyi sayılan Fransada islamçıların tutulması orta əsrlərdə Amerikada baş verən hindu ovlarını xatırladır. Ölkə prezidenti Nikola Sarkozi onların axtarışı zamanı antropoloji xüsusiyyətlərin, ilk baxışdan diqqət çəkən göstəricilərin - bığın, saqqalın nəzərə alınacağını vurğulayacaq qədər gülməli fikirlər söyləyə bilir və Fransa ictimai rəyi, elə bütövlükdə Qərb cəmiyyəti bunu heç nə olmamış kimi qarşılayır. Mövcud yanaşmanı zəruriləşdirən isə fobiyadır və onun təzahürüdür ki, psixoloji baxımdan mübarizədəki hər bir metod, hətta qeyri-bəşəri olsa da, məqbul dəyərləndirilir.


Əlbəttə, ara-sıra fobiyanı təzələmək zərurəti yaranır. Bu mənada 2001-ci ilin 11 sentyabr terroru xüsusi vurğulana bilər. Tuluzada yəhudi məktəbinə hücum çəkərək uşaqları qətlə yetirən müsəlman gəncin "tapılması" və mövcud fonda Sarkozinin "müsəlman ovları"nın zəruriləşməsi də əslində məhz qorxu yaddaşını təzələməyə hesablanmışdı. Liviyada Qəzzafi rejiminin devrilməsindən sonra Avropa cəmiyyətinin qlobal Yaxın Şərq planına münasibətdə biganəliyini aradan qaldırmaq üçün "Tuluzalı atıcı"dan yaxşı nə ola bilərdi ki? O, aparılan müharibənin belə desək, müqəddəsliyini özünə qaytardı, imperialist səciyyə daşımasına dair Avropa cəmiyyətlərindəki fikirləri heçə endirdi.


Qeyd etdiyimiz kimi, qorxu sindromu Sovetlər Birliyi dönəmində daha güclü idi. SSRİ-nin qurulduğu ilk vaxtlardan başlayaraq vəziyyət acınacaqlı xarakter almışdı. Ölkənin xarici məsələlər üzrə xalq komissarı, faktiki olaraq xarici işlər naziri olmuş Georgi Çiçerin 1922-ci ildə (o zaman Çiçerin Sovet Rusiyasının xarici işlər komissarı idi. SSRİ yaranmamışdı) Genuya konfrasında iştirak üçün İtaliyaya ayaq basanda sadə insanlar sanki başqa planetdən gələn şəxsi görməyə yığışmışdılar. Təbii ki, SSRİ-yə rəğbət duyulurdu. Amma üstün olan qorxu hissi idi.


Sonrakı dönəmlərdə bu mənada daha dramatik hadisələr yaşandı. SSRİ-nin İkinci Dünya Müharibəsindən qalib ayrılmasından sonra Qərbin fobiyası daha da gücləndi. İngiltərənin baş naziri Uinston Çörçilin ABŞ-ın Fulton Universitetindəki çıxışı ilə başlanan "soyuq müharibə" dönəmi Qərbin qorxusunu həm də dəhşətli psixoza çevirdi. Həmin vaxt xof təkcə adi insanlara deyil, yuxarı dairələrə də sirayət etmişdi. Fikrimizi təsdiqləmək üçün 1949-cu ildə ABŞ-ın sabiq müdafiə naziri Ceyms Forrestelin psixiatrik xəstəxananın pəncərəsindən tullanaraq özünə qəsd etməsini misal çəkmək mümkündür. Deyilənə görə, o, ölümündən əvvəl "TheRussiansarecoming" (ruslar gəlir) deyə sayaqlayırmış.


Sonradan qorxu ayrıca cərəyan şəklini aldı. Söhbət makkartizmdən gedir. Birləşmiş Ştatların Respublikaçılar Partiyasının Viskonsin əyalətindən olan senatoru Cozef Raymond Makkartinin adı ilə bağlanan 1947-1957-ci illər ABŞ-da "ikinci qırmızı qorxu günləri" dövrü kimi xarakterizə edilir. Bu mərhələdə makkartizm tərəfdarları ölkənin hər yerində kommunist ovuna çıxmışdılar. Hamını qırmızı düşərgəyə aid adam kimi görmək meylləri yaranmışdı. Təsadüfi deyil ki, Makkartinin özü ABŞ-ın Xarici İşlər Nazirliyində belələrinin sayının 205 olduğunu söyləmiş və onların adlarının olduğu iddia edilən sənəd də tapmışdı. Bütün bu psixozların kuliminasiya nöqtəsi isə ABŞ prezidenti Ronald Reyqanın "şər imperiyası" ifadəsi idi.


Amma demək olmaz ki, Amerika canındakı rus qorxusunu tam ata bilib. İndi bu qorxu SSRİ dönəmindəki tək psixoz mərhələsini geridə qoysa da, keçmişə məxsus bir sıra nişanələrini qorumaqdadır. Fikrimizin isbatı üçün ABŞ-ın Respublikaçılar Partiyasından olan prezidentliyə namizəd Mitt Romninin bu günlərdə səsləndirdiklərini diqqətə çatdırmağa zərurət var. O, sırf siyasi gediş təsiri bağışlasa da, Rusiyanın Birləşmiş Ştatların "bir nömrəli düşmən"i adlandırdı və ölkənin hazırkı prezidenti Barak Obamanın rəsmi Moskva ilə əməkdaşlıq niyyətlərini tənqid etdi.


Respublikaçı namizədin bu çıxışı əslində ruslardan qorxu sindromunun ABŞ cəmiyyətində hələ də hökm sürdüyünü sübuta yetirdi. Çünki əvvəla, Romni özü də müəyyən mənada o cəmiyyətin məhsuludur, digər tərəfdən namizəd hansı ideyanın ictimaiyyət içərisində təşəkkül tapa biləcəyini hesablamamış deyil. Bu mənada Rusiya prezidenti Dmitri Medvedyevin fikirləri həm M.Romnini, həm də Amerika cəmiyyətini sanki ifrat yuxusundan oyatdı. Rusiyanın dövlət başçısı başlıca olaraq "soyuq müharibə"nin başa çatdığını xatırlatdı. Belədə aydın oldu ki, respublikaçı namizəd qorxu yaratmağı bir vasitə kimi düzgün dəyərləndirib. Sadəcə həmin qorxunun təsirlilik arealının genişləndirilməsinin zəruriliyini nəzərdən qaçırıb.


Dediyimiz kimi, SSRİ dağıldı və "ruslar gəlir" ifadəsi belə demək mümkünsə, "islamçılar partladır"la əvəzləndi. Əvvəllər qorxunc qatil simasında kazaklar göstərilirdisə, indi saqqalı müsəlmanların oxşar təqdimatı vüsət tapıb. Amma zənnimizcə, ruslardan fərqli olaraq öz oyunlarını oynaya bilməyən müsəlmanları daha qlobal məqsədlər üçün istifadə etmək düşünülür. Birincilərə münasibətdə Qərb cəmiyyətində yaradılan kof kommunizmdən müdafiə mövqeyində idi, müsəlmanalardan qorxmaq sindromu isə əvvəldən hücuma hesablanıb. İndi terrorçu qurumlar kimi qələmə verilən təşkilatların Qərbdə, o cümlədən ABŞ-da vaxtilə geniş yayılmasına imkan yaradılmasının, onlara geniş qol-qanad verilməsinin məğzində də yerlilərin ikrahını formalaşdırmaq məqsədi durmuşdu. Təxminən belə - baxın, biz demokratikik, bu adamalar üçün fəaliyyət şəraiti formalaşdırırıq, onlar isə terrora yuvarlanırlar. Düzələn deyillər!


Nəticə göz qabağındadır - "islam terrorçuları" ifadəsi hər bir Qərb vətəndaşının düşüncəsinə əbədi hakim kəsiləcək qədər təşəkkül tapıb. Təbii ki, belə olan halda istənilən Qərb dövlətinin Şərqə hücum planı pislərlə mübarizə kontekstində ideoloji qiyafəsinə bürünür. Yəni, tutalım sadə amerikalı böyük ölçüdə demir ki (ABŞ daxilində iqtisadi böhranın başlandığı anlarda nəzərə çarpan dillənməklər nəzərdə tutulmur), nəyə görə Birləşmiş Ştatların ordusu Əfqanıstanda, İraqda olmalıdır? Beləcə o da hökuməti kimi daxildəki problemlərin həllini xaricdə axtarmaq ideyasına bəlkə özü də bilmədən dəstək olur. Lazım gəlsə, indi də olacaq. Bu mənada qarşıda İran adlı böyük hədəf var. Hazırda Qərb insanının təfəkküründə bu ölkənin və onun rəhbərlərinin qəddar, ən əsası isə qorxunc obrazlarının aşılanması prosesi gedir. Əlbəttə o da nəzərə alınır ki, İran nə İraq, nə Əfqanıstan, nə də bir qeyrisidir. İstənilən halda isə bütün bunlar Qərbin, o cümlədən ABŞ-ın SSRİ-nin süqutundan sonrakı müharibə ssenarisinin qorxu notlarına köklənmiş davamını gətirmək məhkumluğudur. Çünki bu məhkumluq onun yaşam vəsiqəsidir. /168.az-ın Analitik Qrupu/