Ermənistan iqtidarı müxalifətə seçki qərargahı yaratmağa imkan vermir

9 Aprel 2012 15:35 (UTC+04:00)

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca vəziyyət gərginləşməyə başlayıb. Hakim partiya rəqiblərini sıxışdırmaq üçün bütün təzyiq rıçaqlarından istifadə edir. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, hakim dairlərdə əyləşən şəxslər ölkənin müxalifət partiyasının nümayəndələrinə seçki qərargahı yaratmağa imkan vermir. Ermənistan Ümummilli Hərəkatı Partiyasının İdarə Heyətinin sədri, deputatlığa namizədliyini irəli sürən Aram Manukyan yaranmış vəziyyətlə bağlı axır ki, öz etirazını bildirib. O, qeyd edib ki, hazırda onun namizədliyini irəli sürdüyü seçki dairəsində heç bir qərargahı yoxdur.

"Artıq bir aydır ki, mən bina axtarışındayam. Hətta internetdə bununla bağlı elan yerləşdirmişəm. Müəyyən obyektlər tapmışam. Əvvəlcə razılaşırlar, amma bir gündən sonra gəlirsən, eyni mənzərə ilə rastlaşmırsan. Obyekt sahibləri soruşurlar ki, nə üçün və kimə götürüsən? Nə üçün götürdüyün məlum olan kimi vəziyyət dəyişir. Onlar şikayət etməyə başlayırlar ki, onlara mane olurlar, icazə vermirlər, əgər onlar buna razılaşsalar, onlara nəsə edəcəklər. Bina sahibləri onların vergidən və polisdən olduğunu deyirlər. Və nəticədə bizim binamız yoxdur".

Aram Manukyan deyir ki, iqtidar müxalifətlə mübarizə üsulu üçün bütün çirkin vasitələrdən istifadə edir: "Bilmirəm, onlar nə üçün mənim qərargahımın olmasından bu cür qorxurlar? Lakin onlar nə etsələr də mənim seçkiqabağı kampaniyamın gedişinə təsir etməyəcəklər. Çünki yerli əhali məni tanıyır, mən evlərə gedəcəyəm və hamı ilə görüşəcəyəm. Lazim gəlsə küçədə, çadırda qərargah düzəldəcəyəm".

Həmçinin eyni problemlə "İrs" partiyası da çıxış edib. Belə ki, partiyanın mətbuat xidmətinin yaydığı xəbərdə deyilir ki, ölkənin Sünik vilayətində müxalifətçi "İrs" partiyasının seçki qərargahının yaradılmasına imkan verilmir. Süni yaradılan maneyə vilayət administrasiyasının rəhbəri başçılıq edir. Xəbərə əsasən partiyaya Gorus sakinləri ilə görüş keçirmək məqsədi ilə seçki qərargahının yaradılması üçün obyekt verilib. Lakin bir müddət sonra heç bir səbəb göstərilmədən obyektin açarı geri alınıb və binanın üzərindən partiyanın loqosu çıxarılıb.

"İrs" partiyasından olan millət vəkili Zauri Postancyan baş verən hadisə ilə bağlı vilayət administrasiyasının rəhbəri Suren Xaçatryanla görüşmək istəsə də bu baş tutamayıb: "Mən baş verən hadisə ilə bağlı onunla əlaqə saxladım. Lakin Xaçatryan yaranmış vəziyyəti yoluna qoymaq əvəzinə, məni təhqir edib. Biz "İrs" partiyası olaraq Mərkəzi Seçki Komissiyası və hüquq-mühafizə orqanlarının bu fakta münasibət bildirməyə çağırırıq. Eyni zamanda seçkinin bütün iştirakçılarına bərabər şəraitin yaradılmasını tələb edirik".