\"Avroviziya\" beynəlxalq musiqi yarışmasının bir qayda olaraq İsveçdə işıqlandırılmasını həyata keçirən SVT telekanalı rasizmdə ittiham olunub. Buna səbəb media qurumunun əməkdaşı Krister Borkmanın ölkəni \"Avroviziya-2012\"də təmsil edəcək heyətdən qara dərili rəqqas Osben Cordanı uzaqlaşdırmaq barədə təklif irəli sürməsidir.
Qərb mediası xəbər verir ki, \"Avroviziya-2012\"nin işıqlandırılması ilə bağlı məsələlərə cavabdeh olan K.Borkmanın sözlərinə müxtəlif yozumlar var. \"Aftonbladet\" nəşrinin yazdığına görə, o, Şərq ölkələrində rasizmin geniş vüsət aldığını düşünərək hesab edib ki, qara dərili rəqqasın müsabiqəyə qatılması İsveç nümayəndəsinin səslərinin itirilməsinə gətirəcək.
Maraqlıdır ki, Krister dediyini danmır. Hətta vurğulayır ki, Cordanın dərisinin rəngi SVT telekanalı ilə İsveçin nümayəndə heyəti rəhbərliyi arasında da müzakirəyə çıxarılıb. Bununla belə o, məsələnin rəqqası kənarlaşdırmaq baxımından aktual səciyyə daşımadığını önə çəkib.
Qeyd edək ki, qara dərili Cordan İsveç cəmiyyətində yayılan bu kimi söz-söhbətlərin onu təhqir etdiyini deyib. \"Euphoria\" kompozisiyası ilə İsveçin \"Avroviziya-2012\"dəki təmsilçiliyini həyata keçirəcək Lori isə vurğulayıb ki, nüfuzlu müsabiqəyə məhz Cordanla birgə qatılacaq.