Bu gün keçirilən Milli Məclisin iclasında spiker
Oqtay Əsədov Avronest Parlamanet Assambleyasının II sessiyasının Azərbaycanda
keçirilməsinə münaisbətini açıqlayıb. SİA-nın xəbərinə görə, Milli Məclisin sədri
Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında deyib ki, Bakıda Avronest
Parlament Assambleyasının iclası yüksək səviyyədə təşkil olunub.
Tədbirdə erməni deputatların da iştirak etdiyini xatırladan O.Əsədov onların sessiya zamanı dedikləri
fikirlərə də aydınlıq gətirib: "Həmin deputatlar erməni qəzetlərinə
müsahibə verərək, Azərbaycan prezidentinin ermənilər haqqında "faşist" ifadəsi
işlətdiyini deyiblər. Cənab prezident
çıxışında dedi ki, "Xocalıda baş verənlər barbarlığın və faşizmin
təcəssümüdür". İndi əgər onlar bu sözləri özlərinə götürürlərsə, deməli
faşistdirlər".
Milli Məclisin spikeri Avronest PA-nın həmsədri Kristian Vigeninin Ermənistana işğalçı demədiyinə görə qınayıb: "Avronest Parlament Assambleyasının həmsədri Kristian Vigeninin ürəyi gəlmədi ki, Ermənistana işğalçı desin". Amma O.Əsədov Avronest PA-nın digər həmsədri Boris Tarasyukun Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi barədə dediklərini yüksək qiymətləndirib.