Xəbər verdiyimiz kimi, bu günlərdə Bakı Slavyan Universitetinin rektoru, yazıçı-publisist Kamal Abdullanın Nobel mükafatına namizədliyi təsdiqlənib. Bundan sonra Azərbaycanın bəzi mətbuatında yayılan xəbərlər, ümumilikdə baş verən proseslərə aydınlıq gətirmək üçün bu gün Kamal Abdulla mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, mətbuat konfransında çıxış edən K.Abdulla baş verən hadisələri ardıcılıqla izah edib. O bildirib ki, ötən ilin noyabr ayında ilk öncə İsveç Akademiyasının Nobel Komitəsinin sədri tərəfindən universitetə məktub daxil olub. Məktubda qeyd olunub: "Hər hər il dünya üzrə bəzi universitetlər arasında təsadüfi seçim edərək ədəbiyyat və müasir dillər üzrə professorların ədəbiyyat sahəsi üzrə Nobel mükafatlarına namizədliyini irəli sürmək hüququ olduğunu xatırlatmaq üçün müraciət edirik. Məktuba qoşqu olaraq bir neçə dəvət forması təqdim edirik. Xahiş edirik ki, onları xüsusilə ədəbiyyat sahəsinə marağı olan kadrlarınıza paylayasınız".
Sonra isə universitet prorektorlarının hər birinin adına şəxsi anket sorğu göndərilib. Burada isə 6 universitet işçisi bir namizəd seçərək məktubla cavab göndəriblər. Gələn anketlərin sonunda prorektorlar birləşərək Kamal Abdullanın namizədliyini təklif ediblər. Bu məsələ sonradan bir müddət unudulub. Yaxın günlərdə isə İsveç Akademiyasının Nobel Komitəsi daimi katibinin imzası ilə daxil olan məktubda universitet prorektorlarının təklif etdiyi namizədi məmnuniyyətlə qəbul etdiklərini deyiblər.
Daha sonra isə Kamal Abdulla Nobel mükafatına kimin namizədliyinin irəli sürülməsi məsələsinə də münasibət bildirib və jurnalistləri maraqlandıran sualları cavablandırıb.