Bulvarda “Eurovision” mahnı müsabiqəsinə hazırlıq işləri yekunlaşmaq üzrədir

27 Mart 2012 12:23 (UTC+04:00)

\"Mayda Azərbaycanda reallaşacaq "Eurovision" mahnı müsabiqəsinə hazırlıq işləri çərçivəsində Dənizkənarı Milli Parkda da abadlaşdırma işləri davam edir\". Milli Parkın rəis müavini Nazim Məcidovun SİA-ya verdiyi məlumata görə, Bulvarda aparılan abadlaşdırma işləri ilə yanaşı bir sıra yeniliklər də olacaq. Onun sözlərinə görə, yarışma dövründə daha çox insanın Milli Parkda olacağını nəzərə aldıqlarından bu istiqamətdə işlər daha da sürətlə və məsuliyyətlə aparılır.

N. Məcidov bildirib ki, müsabiqənin keçiriləcəyi məkan tamamilə bulvara aid olduğundan aparılan abadlaşdırma işlərində ən incə detallar belə nəzərə alınacaq: "Bir ay sonra ölkəmizə gələn və Dənizkənarı Bulvara daxil olan istər turist, istər qonaq, istərsə də müsabiqə iştirakçısı 7 kilometr olan bu ərazidə rahat və zövq alaraq gəzə biləcək.

Rəis müvini qeyd edib ki, ərazidə kiçik ölçülü avtobuslar, qolf maşınları və balaca qatarlar təşkil ediləcək ki, insanlar ərazini rahat şəkildə gəzə bilsin. Hazırda bulvarın yeni hissəsində işin 80 faizinin yekunlaşdığını deyən park rəsmisi bildirib ki, son tamamlama və abadlaşdırma işləri çərçivəsində ağaclar, kollar əkilir, yaşıllıqlar salınır, skamyalar quraşdırılır, işıq sistemi qurulur və. s.

Bunlardan əlavə N.Məcidov bildirib ki, müsabiqə zamanı ölkəmizə gələcək qonaqlar üçün bulvarda yaradılan şəraitə parkda qurulan post terminallar da daxildir ki, bunların da vasitəsi ilə xarici qonaqlar parkda alış-veriş edərkən ödəniş etməyə çətinlik çəkməyəcək.

Hazırlıqlar içərisində xüsusi olaraq diqqət yetiriləcək məsələnin bulvarda çalışanların qonaqlarla ünsiyyət prosesi olduğunu deyən rəis müavini qeyd edib ki, 50 nəfər bulvar işçisi 3 aylıq ingilis dili kursu keçib ki, onlar da yaxın günlərdə kursu bitirəcəklər.

N. Məcidov bildirib ki, sadalanan hazırlıqların tamamlanması işləri yaxın günlərdə, daha da dəqiq müsabiqəyə qədər tam yekunlaşacaq.


Aynurə Asimqızı