Yarımfabrikat məhsullar alarkən diqqətli olun!

14 Mart 2012 16:59 (UTC+04:00)

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 41 ünvanında Ratan Əfəndiyevə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı ətli və xəmirli yarımfabrikat məhsullarının uyğunluq sertifikatı və müvafiq reseptura olmadan istehsal edildiyi, yarımfabrikat məhsullarının saxlama müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunduğu müəyyən edilib. Qurumdan SİA-ya verilən məlumata görə, yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Qanun pozuntuları ilə əlaqədar, yarımfabrikat yeyinti məhsullarının istehsalı və satışının dayandırılması və ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə Dövlət Xidməti tərəfindən sahibkar Ratan Əfəndiyevə icrası məcburi göstəriş verilib. Araşdırmalar davam edir.