Orta və ali təhsil ocaqları ilə mütəmadi olaraq layihələr həyata keçirən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti maraqlı layihə ilə çıxış edib. Teatrdan SİA-ya verilən məlumata görə, layihə adıçəkilən teatr, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası, Yasamal rayon 53 saylı məktəbin birgə təşkilatçılığı ilə reallaşıb.
Layihə çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında olan, yazıçı-dramaturq Əli Əmirlinin "Mən səni sevirəm – MSS" ikihissəli lirik komediyası əsasında "Biz teatrı sevirik" adlı görüş-diskussiya baş tutub.
Şagirdlərə Azərbaycan ədəbiyyatı, mədəniyyətinin aşılanması istiqamətində teatr müəssisələrinin rolundan danışan director Firəngiz Həsənova bu işdə Azərbaycan Dövlət Gənc Tamaşaçlılar Teatrının əvəzsiz rolunu xüsusi vurğulayıb: "Ölkə Prezidentinin müvafiq sərəncamı ilə Gənc Tamaşaçılar Teatrı təmirə dayananda bizim məktəbin kiçik zalında teatrın yaradıcı kollektivi bir sıra maraqlı tamaşalarla çıxış etmişlər. Bundan başqa, şagirdlərimiz Akademik Milli Dram Teatrı, Rus Dram Teatrında bir sıra səhnə əsərlərinin tamaşaçısı olublar".
Tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova birgə çalışdığı aktyorların yüksək potensialından danışaraq, məktəbin teatrlarla sıx əməkdaşlığını şagirdlərin dünyagörüşlərinin formalaşmasında düzgün siyasət kimi qiymətləndirib.
Diskussiyada məktəbin müəllim və şagird kollektivi, kitabxanın əməkdaşları və tamaşanın müəllifi Əli Əmirli, quruluşçu rejissoru, xalq artisti Cənnət Səlimova və başqaları iştirak edib.