\"İlk növbədə, qardaş-qardaşa nota vermir. Bundan əlavə qardaş-qardaşın torpağını işğal edən Ermənistan dövlətinə yardım etməməli idi\". Bunu SİA-ya açıqlamasında millət vəkili Qüdrət Həsənquliyev İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhraminin çıxışına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, əgər belə bir anlaşılmazlıq var idisə, İran rəsmilərini Azərbaycana göndərilməli idi: "Ermənistanı bir növ ayaqda saxlayan məhz İran dövlətidir. Hazırda onlar Ermənistana dəmir yolu, qaz kəməri çəkməyə hazırlaşırlar. Hesab edirəm ki, İran həmin ölkənin özündə yaşayan 35 milyonluq Azərbaycanlının hissiyyatına toxunur və onların milli kimliyinə hörmət etmir".
Parlament üzvü hesab edir ki, İran hakimiyyəti faktiki surətdə fars rejiminə qulluq edir: "Əgər bu dövlət İslam dininə xidmət etsəydi, Azərbaycanın yanında olardı, əksinə Ermənistanın yanında deyil. Bununla belə o Azərbaycanla yaxın qonşuluq siyasəti aparardı, "Səhər" telekanalı açaraq Azərbaycanın daxili işlərinə müdaxilə etməzdi və burada siyasi sabitliyi pozmaq istiqamətində fəaliyyət göstərməzdi. Hətta dini ekstremizmi Azərbaycana ixrac etmək barəsində düşünməzdi. Biz dəfələrlə şahidi oluruq ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən xəbər yayılır ki, İran xüsusi xidmət orqanları ilə bağlı şəxslər ölkəmizdə terror aktları təşkil etmək istəyir. Hesab etmirəm ki, İranın bu günki siyasəti Azərbaycanla dostluq və yaxın qonşuluq siyasətidir. Onlar öz siyasətlərinə yenidən baxmalıdırlar", -deyə Q.Həsənquliyev bildirib.