Naxçıvan görüşü daha çox kimə lazım idi? - TƏHLİL

9 Mart 2012 17:19 (UTC+04:00)

Nəhayət martın 7-də Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin üçtərəfli görüş baş tutdu. Bu görüşün ilkin tarixi bu il yanvarın 17-ə planlaşdırılsa da sonradan fevralın 22-ə ertələnmişdi. Lakin bu görüş də müəyyən səbəblərdən reallaşmadı. Tərəflərin üçtərəfli görüşü üçüncü cəhddə gerçəkləşdi.

Naxçıvan Bəyanatı İrana nəyi xatırlatdı?

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşün ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə zəmin yaradacağına əminlik ifadə edib.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və İranlı həmkarı Əli Əkbər Salehi də belə görüşlərin gələcəkdə davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Regional əlaqələrin və layihələrin müzakirə olunduğu görüşün yekunlarına dair Naxçıvan Bəyanatı qəbul olundu. Bəyanatda tərəflər Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət prinsipləri əsasında tezliklə həll olunmasının vacibliyini qeyd edirlər. Eyni zamanda tərəflər öz ərazilərinin düşmənçiliyə gətirib çıxara bilən hər hansı bir təhdid və ya fəaliyyət üçün istifadə edilməsinə heç bir halda icazə verməyəcəkləri barədə qətiyyətli olduqlarını ifadə edirlər.

Bəyanatda Bakı–Tbilisi- Qars dəmir yolunun mövcud Naxçıvan – Culfa - Təbriz dəmir yoluna birləşdirilməsi imkanlarının araşdırılacağı da bildirilir.

Azərbaycan və İran arasında gərginliyin yüksək olduğu bir vaxtda keçirilən bu görüş xüsusi maraq kəsb edirdi.

Nazirlərin görüşündə Türkiyə tərəfi hamıya, o cümlədən İrana xatırlatdı ki, Azərbaycan bölgədə tək deyil və ona qarşı hər hansı bir siyasi, iqtisadi təzyiq qəbul olunan deyil.

Azərbaycan və Türkiyə İranı qorudu

Politoloqlar isə görüşün nəticələri ilə bağlı müxtəlif fikirlər səsləndiriblər.

Politoloq Cümşüd Nuriyev bu görüşün gərgin olan münasibətlərə bir o qədər də təsir etməyəcəyini deyib: "Əvvəla orada Azərbaycan bir daha bəyan etdi ki, öz ərazisindən hər hansı bir dövlətə qarşı istifadəyə yol verilməyəcək. Eyni zamanda Türkiyənin xarici işlər naziri də bunu bəyan etdi. Məhz bu bəyanatdan sonra ABŞ-ın İrana olan mövqeyində ciddi dəyişiklik baş verdi. Çünki ABŞ bu ilin may ayında İrana girmək istəyirdi. Burada Azərbaycan da, Türkiyə də müsəlman dövləti mövqeyindən çıxış edərək İranı qorudu. Amma İran o qədər məkrli siyasət yürüdür ki, bu gün İrana hər hansı bir proqnozu vermək çətindir. Çünki İranda daha çox "bozbaş" mollaların səviyyəsində düşünən insanlar var. Orada İslamdan uzaq olan fitvalar verməklə məşğuldurlar. Əgər Quranın qaydalarına uyğun hərəkət etsələr, ümumiyyətlə onlar Ermənistanla heç bir əlaqə saxlamamalıdırlar. Bu görüşdən sonra İranın müsbət addımlar atacağını demək sadəlövhlük olar".

C. Nuriyev bildirib ki, İranın ali dini lideri Xomneyi Ermənistanla hər hansı bir münasibət qurmağı, iqtisadi əlaqələr yaratmağı qadağan edən fətva vermişdi, amma bu günə qədər onu icra etməyiblər: "Çünki, İranda çox ciddi bir problem var. İranda prezident seçkilərindən sonra azərilərin siyasi fəaliyyətinin zəifləməsi farsların aktivləşməsinə gətirib çıxarıb. Bu zaman-zaman belə olur. Farslar bir müddət aktivləşəndən sonra azərilər onları yerində oturdur. Hələ ki, farslar aktivlik sərhədini pozmayıblar".


Burda alınan qərarlara sayğısızlıq göstərilməyəcək


Politoloq Qabil Hüseynlinin fikrincə, nazirlərin bəyanatında İran-Türkiyə, eləcə də İran-Azərbaycan arasında baş verən narazılıqların aradan qaldırılması, münasibətlərin inkişaf etdirilməsi ilə bağlı fikirlərin olması müsbət məqamlardan biridir. Son zamanlar İran və Azərbaycan arasında soyuqluğun olduğuna diqqət çəkən politoloq Naxçıvanda narahatlıq doğuran məqamların müzakirə olunduğuna və müsbət nəticələrin əldə olunacağına inanır: "Bu görüşlər sistematik xarakter daşımağa başlayıb. Bu barədə razılıq İstanbulda əldə olunub. Fikrimcə, kifayət qədər yüksək səviyyədir. Burda alınan qərarlara sayğısızlıq göstərilməsi ilk baxışdan mümkünsüzdür. Ən azından həlimlik yaxın qonşuluq münasibətlərinə layiq vəziyyətin yaranmasına kömək edəcək. Digər tərəfdən, İranın çətin vəziyyətdə olduğunu nəzərə alsaq, Azərbaycana qarşı təhdidləri dayandırmalıdır. Türkiyə isə İranla Qərb dünyası arasında vasitəçilik missiyasını öz üzərinə götürüb. Bu görüşlər İrana hava və su kimi lazımdır".

Xatırladaq ki, növbəti görüş 2012-ci ilin sentyabr ayında Türkiyənin Van şəhərində keçiriləcək.