12 illik təhsilin tətbiqi hərbi xidmətə hansı təsirlər göstərəcək?- TƏHLİL

9 Mart 2012 16:24 (UTC+04:00)

Azərbaycanda 12 illik təhsil sisteminə keçid və bunun hərbi xidmətə necə təsir göstərəcəyi son günlərin əsas müzakirə mövzularından biridir. Kimisi 12 illik təhsilin müəyyən problemlər yaradacağını, kimisi bunun hərbi xidmətə mənfi təsr edəcəyini, bəziləri bunun əlavə pul sərfinə gətirib çıxaracağını deyir. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc isə SİA-ya açıqlamasında deyib ki, bu gün ölkədə silahlı qüvvələrə çağırış 18 yaşında baş verir. Onun sözlərinə görə, 18 yaşa kimi insanların bu vaxta qədər abituriyent olaraq təhsil pilləkənlərində addımlaması üçün dövlət onlara müəyyən şans verir. Təhsil sistemi 12 illik olduqdan sonra isə bu proses bir il gecikmiş olacaq.


"Avtomatik olaraq təhsil islahatı hərbi sistemin həyatına da təsir göstərəcək. Bu mütləqdir və prosesi ayrı formada təsvir etmək mümkün deyil. Belə olan halda orta məktəblərə gedişi 1 il aşağı salmaq olar. Lakin mənim anlamımda hansı yaş və ya hansı müddətə uzatmaqdan asılı olmayaraq ən başlıcası mükəmməl təhsil verərək insanları cəmiyyət həyatına daxil etməyə nail olmalıyıq", - deyə o əlavə edib.



Z.Oruc hesab edib ki, bunların qarşısını almaq üçün təhsil sistemində daha fərqli islahatlar getməlidir. Onun fikrincə, ali məktəb, orta məktəblər haqqında qanun qəbul edilməli, müəllimlərin statusu haqqında qanun qüvvəyə minməlidir. Millət vəkili attestasiya edilərək savadsız müəllimlərin təhsil sistemindən uzaqlaşdırmalı olduğunu da qeyd edib: "Buna adekvat olaraq onlara alternativ iş yerləri təklif etmək lazımdır ki, onlar sosial qüvvə, narazı elektrat kimi kiminsə əlində bazaya çevrilməsin. O cümlədən, həmin müəllimləri ən yüksək səviyyədə mükafatlandırmaq, əmək haqqını artırmaq, həmçinin onlara dövlət qulluqçusu statusu verilməlidir. Necə ola bilər ki, dünyanın bütün kadrlarını müəllimlər formalaşdırır, amma onlar özləri dövlət qulluqçusu deyil. Dövlətin bütün strukturlarında təmsil olunan şəxslər müəllimlərin yetişməsidir, amma onlar dövlət qulluqçusu deyil. Ona görə də düşünürəm ki, təhsil islahatları dövlət idarəetmə, hərbi quruculuq sisteminin bir komponenti kimi özünü göstərməlidir. Atılan addımlar doğrudan da təhsil ideyasına xidmət etməlidir".



Millət vəkili vurğulayıb ki, təhsil islahatları beynəlxalq aləmdə də intensiv müzakirə olunan bir prosesdir. Hər bir ölkə özünün təhsilini unikal modellər əsasında qurmaq istəyir ki, gələcək nəslini ən yüksək intelekt əsasında formalaşdırsın, dövləti idarəetmə və yaxud cəmiyyət həyatını mükəmməl bir formada qursun. Bu mənada təhsil islahatları daimi bir prosesdir.



"Azərbaycanda bu ideyanın son günlərdə gündəmə gəlməsinə baxmayaraq hərb həyatının ayrılmaz bir hissəsidir. 12 illik təhsil əslində onlar üçün normaldır. Qardaş Türkiyənin hazırki həyatında 1 ay əvvələ qədər 4+4+4 sistemi ilə çox böyük ictimai, rezonans doğuran müzakirələr və soyuq savaş getməkdədir. Onlar da hesab edirlər ki, 8 illik məcburi təhsildən imtina edərək bunu yalnız 4 ilə verilməsi və yaxud da 12 ilin hamısının məcburi olması hansı nəticələr doğura bilər? Bu mənada Azərbaycanda təhsil islahatlarının davamlılığına normal yanaşmalıyıq".



Xatırladaq ki, bu günlərdə təhsil naziri Misir Mərdanov da jurnalistlərə açıqlamasında orta məktəblərdə 12 illik təhsil sisteminə keçiləcəyi təqdirdə oğlan məzunların məktəbi qurtaran kimi hərbi xidmətə çağırılacaqları barədə məsələyə aydınlıq gətirib. O bildirib ki, necə olursa olsun, təhsili heç bir şeyə, o cümlədən hərbi xidmətə qurban vermək olmaz: "Niyə biz ancaq əsgərliyi düşünürük? Gəlin, elmi, biliyi, təhsili də düşünək. Təəssüf ki, 12 illik təhsillə bağlı bu gün deyilənləri jurnalistlər ziyanına qabardırlar. 12 illik təhsilə keçid nazirliyin təklifidir. Dünyanın əksər ölkələrində ümumi təhsilin müddəti 12 ildir. Biz də parlamentə, hökumətə tövsiyə edirik ki, bizdə də belə olsa, yaxşıdır. Bu təklif ölkənin xeyrinədir. Dünyanın qatarı gedir, istəyirik ki, Azərbaycan da o qatara qoşulsun. Yəni Azərbaycanın attestatları dünyada tanınsın".

Nazir bunu tövsiyə xarakterli təklif olduğunu xatırladaraq deyib ki, parlament təklifi qəbul etsə, nazirlik bunun həyata keçirilmə mexanizmi üzərində işləyə bilər".


Amma etiraf etmək lazımdır ki, bunlar düzgün aparılmazsa, 1 il itirilmiş əlavə zamana, dövlətin bu yerə əlavə investisiyaların qoyulmasına, başqalarının təhsil imkanlarının mənimsənilmsinə səbəb ola bilər.Ona görə də elə edək ki, bu nə təhsilin keyfiyyətinə, nə də ordudakı xidmətlərə mənfi təsir göstərməsin.