ABŞ İran oyunu: kim qalib olacaq? - TƏHLİL

7 Mart 2012 14:36 (UTC+04:00)

ABŞ İranı vuracaqmı?

Bu, hazırda dünyanın sərlöhvəsinə yazılan əsas suallardan biridir. Dünyada media maqnatları daimi olaraq bu sualı başlığa çıxararaq, mövzunun təhlilini aparır, müəyyən ssenarilər və proqnozlar irəli sürür. Lakin bəzən sualın ilkin sözü hərdən dəyişdirilir və \"İsrail İranı vuracaqmı\" kimi önə çəkilir. Lakin mövcud imkanlara və reallıqlara baxdıqda aydınca görünür ki, ABŞ məsləyə əl qoymasa və İsrailin arxasında durmayacağı halda, Tel-Əvivin İrana hücum etməsi qeyri-mümkündür. İran nüvə silahı istehsal etməyə çox yaxınlaşıb. Hətta bu yaxınlarda nüvə silahı daşıyan ballistik raketlərin də sınağını keçirdi. İranda hadisələr məntiqi sonuna yaxınlaşmaq üzrədir. Bu da proseslərin sürətləndirilməsini tələb edir. İranda da hadisələrin İraqdakı kimi cərəyan edəcəyini güman etmək çətindir. Amerika məsələnin diplomatik yolla həllinə çalışacaq. Lakin hadisələr daha mürəkkəb məcrada cərəyan etsə və beynəlxalq böhran şəraiti hökm sürsə İrana müharibə müdaxiləsi gündəmdən çıxmayacaq. Bu zaman Amerika İsrailin sinəsini qabağa verib onu dəstəkləyəcək. Çünki Amerika İraqda imicini zədələdiyinə görə, ikinci dəfə özünü önə verməz.


İranın kəsici dişi artıq çürüyüb

İran keçirdiyi təlimlərlə Tehranın hərbi gücünü nümayiş etdirmək istəyir. Lakin illərlə davam edən beynəlxalq sanksiyalardan sonra İran müharibə olduğu təqdirdə köhnəlmiş avandanlığı ilə çətinlik çəkə bilər. İran mütəmadi olaraq öz hərbi qüdrətini artırdığını iddia edir və yeni istehsal etdiyi silah və texnikaları nümayiş etdirir. Amma hərbi ekspertlərin mütləq əksəriyyəti İranın "yeni texnika"larının o qədər də yeni olmadığı qənaətindədirlər. İranın öz hərbi potensialı ilə bağlı şişirdilmiş məlumatlara diqqət çəkməyə çalışması ümumi qəbul olunan məsələdir. Əslində isə bu ölkənin hərbi texnikasının 1970-1980-ci illərdən qalma olduğu ümumən bilinir. İrana tətbiq olunan embarqo qərarlarının sayının artmasına paralel olaraq İran hökuməti daxili iqtisadi-sosial vəziyyətin yaxşılaşdırılması əvəzinə neft gəlirlərini hərbi sahəyə yatırmağa daha çox üstünlük verir. Hamıya bəllidir ki, ABŞ və İsrailin mövcud hərbi potensialı İranı məhv etməyə qadirdir.


İran vəziyyəti ciddiyə alır

Vəziyyət heç də ürəkaçan deyil. Əlbətdəki İran üçün. Pentaqon rəhbəri Leon Panettanın çıxışı rəsmi Tehranı ciddi olmağa vadar edib. O, qeyd edib ki, ABŞ İrana qarşı güc tətbiq edə bilər. Panetta bildirib ki, belə bir addım İranın nüvə proqramı probleminin danışıqlar masası arxasında həllinin mümkünsüzlüyü halında atıla bilər. "Biz problemin diplomatik həllini tapmaq istəyirik. İrana təzyiqi artırmaqda davam edəcəyik ki, o məhz bu varianta razılıq versin. Lakin biz bütün mümkün variantları nəzərdən keçiririk, o cümlədən hərbi variantı", - deyə o vurğulayıb.

Panetta qeyd edib ki, problemin hərb yolu ilə həlli sonuncu variantdır: "Bunu yalnız başqa variantların nəticə vermədiyi halda tətbiq etmək olar. Başqa çıxış yolumuz olmasa, İrana zərbə endirməyə hazırıq". Həmçinin ABŞ təhlükəsizlik qüvvələri son ildə İran daxilində casusluq əməliyyatlarını daha da genişləndirib. Eyni zamanda Pentaqondakı İranla müharibə əleyhdarı hərbi kadrları dəyişdirməsi, Fars korfəzinə yeni ABŞ quru qüvvələrinin və hərbi dəniz donanmasının gətirilməsi, eləcə də hərbçilərin və diplomatların bölgədə getdikcə coxalan yeni görüşləri və görüşlərdə bir sıra məqamların açıqlanmaması bir çoxlarında yaxında müharibə olacaği qənaətini möhkəmləndirir. Elə İsrailin Aralıq dənizində keçirdiyi hərbi təlimlər və bu ölkənin yetkililərinin İrana hərbi hücumların olmasının vacibliyi haqda bəyanatları da bu qənaəti daha da gücləndirən amillərdəndir. İranın ABŞ-ın hücum planları ilə əlaqədar yazılanlara reaksiyası ABŞ-ın İrana hücum edəcəyinə dair xəbərlərin geniş yayıldığı bir vaxtda İran rəhbərliyi də davamlı olaraq ABŞ rəhbərlərini və təhlükəsizlik orqanlarını İran İslam Respublikasının daxili işlərinə müdaxilə etməkdə günahlandırır. Geniş yayılan İrana hücum ssenariləri fonunda artıq İranda ABŞ-ın hücumları haqda danışmağa qoyulan yasaq aradan qaldırılıb. İndiyə qədər İran siyasi və dini liderləri ölkə mətbuatının ABŞ-ın İrana hücumu ehtimalı haqda yazmasını ciddi dərəcədə məhdudlaşdırmışdı. İndi bu haqda qadağanın ləğv edilməsi İran rejiminin hücum ssenarilərini ciddiyə almağa başlamasının işarəsi sayıla bilər.


ABŞ niyə quyruğunu bulayır?

Hadisələrin inkişafı Amerikanın İrana hücum ehtimalını gücləndirdiyini göstərir. ABŞ-ın İrana hücum etməsinə mane olan səbəblərdə müxtəlifdir.

1.İranın nüvə mərkəzlərinin pərakəndə şəkildə olması və hücum zamanı onların tam məhvinin mümkün olmasının mümkünsüzlüyünü.

2. ABŞ-ın mümkün hücumu nəticəsində İranın nüvə fəaliyyətində müvəqqəti təxirəsalınmalar yaranacaq, ancaq onun davamının qarşısının alınması mümkün olmayacaq.

3.Amerikalıları İrana hücum etməkdən çəkindirən digər məsələ də müharibənin sonunu planlaşdıra bilməmələridir. Belə ki, ABŞ bu müharibənin nə zaman sona çatacağını təxmin edə bilmir.

Bəs hücum olarsa İran Amerika və İsrail hücumlarına necə cavab verəcək. Burada da fikir müxtəliflliyi mövcuddur. Belə ki, mümükün variantlardan biri İran hərbi qüvvələri körfəzdə Hörmüz boğazını bağlayaraq, İsrailə zərbə endirərib və xarici imkanlardan istifadə etməklə ABŞ-ın hücumlarına cavab verəcək. Çünki, ABŞ-ın İsrailin yardımı olmadan İrana hücum edə bilməyəcək və bu səbəbdən İran hərbi qüvvələrinin hər hansı bir hücum olduğu zaman İsrailin də mənafeyini hədəfə alacaqlarını xüsusi vurğulamaq lazımdır. Həmçinin İran belə bir müharibə olacağı təqdirdə neft amilindən də nəhayət istifadə etməyə cəhd göstərməyə çalışacaq. Çünki, müharibənin başlanması neftin qiymətinə böyük təsir göstərəcək. Üstəlik İran hərbi qüvvələri Amerikanın hücumlarına cavab kimi körfəzə və dünya enerji şəbəkəsinin şah damarı olan Hörmüz boğazına nəzarəti gücləndirəcəklər. Qərb mətbuatınada gündəmə gələn ABŞ-ın İranı vurma planının ciddiyəti İran tərəfindən çox ciddiyə alınmaya başlayıb. Odur ki, bütün mülahzələrin fonunda zaman göstərəcək ABŞ İranı vuracaqmı?