Niyə məhz Quba? - ANALİZ

3 Mart 2012 13:58 (UTC+04:00)

Yaxud icra başçısının məlum çıxışına niyə 100 gündən sonra "münasibət" bildirildi?


Qara qüvvələr Azərbaycanda çirkin niyyətlərin həyata keçirməyə can atır. "Ərəb baharın"dan ruhlanan, çaxnaşma üçün burnunun ucu göynəyən, xalqın sosial problemlərinin həllindən ürəkbulanması tutan, bölgələrin iqtisadi inkişafından başı gicəllənən kəslər adi məişət məsələlərini az qala fəlakət kimi təqdim etməklə suyu bulandırmağa çalışırlar. Problem varsa onu həll etmək dövlətin boynuna düşür. Vətəndaşların bu və ya digər məsələlərin həllində zora üstünlük verməsi yalnız xaosa gətirib çıxarar, marığa yatmış qüvvələr bundan istifadə etməsinə şans yarada bilər. Bu, həm də bizim hamımızın vətəni olan Azərbaycanı ötən əsrin son on illiyinə aparar, gələcəyimizi güllələyər. Qara qüvvələrin, onlara havadarlıq edən, öz ölkələrindəki dərin maliyyə problemlərindən fikri yayındırmaq üçün başqa ölkələrdə aranı qatan xarici güclərin provokasiyasına uymaqla biz sabahımızı şübhə altına almış olarıq.

Nədir, bəlkə xaosu, dərəbəyliyi yaratmaq istəyən qüvvələrin yanında çox cılız görünürük, ağlımız onlardan kəmdir, yoxsa biz həmin güclərin əlində təcrübə siçanıyıq? Ərəb ölkələrində hadisələri kimlər və nə üçün törətdilər, bunu həmin ölkələrin vətəndaşları – müxalifəti də, iqtidarı da yaxşı bilir. Amma onlar nə baş verdiyini anlayanda artıq gec idi. Ərəb ölkələrində baş verən "inqilablar" yalnız həmin güclərin xeyrinə işlədi, Qərb dövlətləri sosial problemlər, maliyyə böhranı məngənəsində sıxılan vətəndaşlarından vaxt oğurlaya bildi. Əvəzində "inqilabçı ərəb dövlətlərini" 20 il geri atdılar, maliyyə resurslarını ələ keçirdilər, insanlarını tayfa davasına sürüklədilər.

Biz müsəlman olsaq da tayfa adət-ənənəsini ana yasa səviyyəsinə qaldırmış ərəblərdən fərqliyik, səhra köçərisi deyilik. Azərbaycan xalqı öz düşüncəsi, intellektual səviyyəsi, savadı ilə çoxlarından üstündür. Dünyagörüşümüz bizə daha döğru addım atmağa imkan verəcək səviyyədədir.

Qayıdaq Quba hadisələrinə. Qəti şəkildə baş verənləri əvvəlcədən düşünülmüş, planlaşdırılmış, ssenarisi yazılmış, rejissoru, operatoru, aktyor truppası olan sənədli film adlandırmaq olar. İnanmayanlar sosial şəbəkələrdə yazılanları, müxalifət mətbuatının, ABŞ Konqresinin Azərbaycanda elektron aravuranı, casusu rolunda çıxış edən "Azadlıq radiosu"nun məlumatlarını gözdən keçirsinlər ki, iğtişaşların kimlər tərəfindən, hansı məqsədlə törədildiyini anlasınlar. Yəqin ki, qubalılar da noyabrın 22-də keçirilən tədbirdə icra başçısının dediyi sözlərə niyə 100 gündən sonra reaksiya verildiyinin fərqindədirlər. Məgər bir şəxsin etdiyi çərçivədənkənar çıxışa görə, ölkəni, xalqı, nəhayət Azərbaycanı kimlərinsə təcrübə poliqonunamı çevirmək lazımdır? Əlbəttə, yox! Ərəb ölkələrinə baxın, görün "ərəb baharı" onları ilin hansı "fəslinə" sürüklədi? Dəhşətdir, adını "ərəb baharı" qoysalar da, Qərb demokratiyası ərəb ölkələrinə əsl "çillə"ni gətirdi.


Gələk, "Qərb demokratiyasına" züy tutan "İctimai Palata" adlanan qurumun çıxardığı şəbehə. Qubada hadisələr baş verər-verməz müxalifət liderləri dünəndən yazılmış bəyanatın altına yeni tarix qoyub mətbuata çıxardılar. Doğrusu, özlərini Azərbaycan müxalifəti adlandıran bu siyasi qurumların fəaliyyətinə baxanda demokratiyaya nifrətim bir az da artır. Elə bilməyin ki, söz və mətbuat azadlığı, demokratiya, insan hüquqları kimi söz birləşmələrinə allergiyam var, əsla. Amma müxalifətin addımbaşı səhvləri, hər dəfə qərbli demokrat asqıranda cüt səbir gətirməsi, hadisələrə milli mövqedən yanaşmaması, hadisələrin quyruğunda getməsi, bəyanatlarının qeyri-səmimi olması, yalnız hakimiyyətə gəlmək barədə düşünüb mənafeyimizi kimlərəsə qurban verməsi məni bir vətəndaş olaraq çox pərişan edir. Əcaba, budurmu bizi 1992-93-cü illərdə təmsil edən "kişilər". Bunlar nə üzlə, hansı vədlərlə xalqın qabağına çıxmaq istəyirlər?

Siz deyin, icra başçısının məlum çıxışından düz 100 gün sonra, Ermənistanda baş verən (2008-ci il prezident seçkilərindən sonra) hadisələrin ildönümündə Quba hadisələrinin törədilməsi təsadüfdür, yoxsa...