Sofi Marinova tamaşaçılara 11 dildə “Səni sevirəm” deyəcək

1 Mart 2012 12:51 (UTC+04:00)
Bolqarıstan Azərbaycanda keçiriləcək \"Eurovision- 2012\" mahnı müsabiqəsindəki təmsilçisini seçib. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bolqarıstanda 12 iştirakçının yarışdığı final həyəcanı sona çatıb.


Münsiflər heyəti və tamaşaçıların birgə rəyinə əsasən, ölkəni Bakıdakı 57-ci Eurovision Mahnı Müsabiqəsi şousunda Sofi Marinova təmsil edəcək. Qeyd edək ki, 37 yaşlı müğənni kifayət qədər səhnə təcrübəsinə malikdir. Onun bu vaxtadək 11 musiqi albomu çıxıb. Sofi "Bakı Kristal Zalı"nın səhnəsindən tamaşaçılara "Sərhədsiz sevgi" ("Love Unlimited!") mahnısı ilə səslənəcək.


Sözləri Doni Vasilyevaya, musiqisi Yasen Kozev və Krum Georgiyevə məxsus olan bu mahnıda 11 dildə "Səni sevirəm" kəlməsi işlədilir. Müğənni "Love Unlimited!" mahnısında Azərbaycan, Türk, bolqar, ispan, fransız, ərəb, italyan, yunan, serb, qaraçı və ingilis dillərində sevgi etirafı edir.


Qeyd edək ki, Bolqarıstan təmsilçisi Eurovision Mahnı Müsabiqəsində mayın 24-də keçirilən ikinci yarımfinalda çıxış edəcək.