"Xocalıda qan tökən şəxs Ermənistana rəhbərlik edir" Türkiyə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli Xocalı soyqırımı ilə bağlı bəyanatında deyib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, MHP sədri Xocalıda ermənilər tərəfindən törədilən hadisələri etnik təmizləmə olaraq dəyərləndirib.
MHP-nin qrup toplantısında çıxışında Dövlət Bahçeli bildirib: "Erməni caniliyi, gözü dönmüşlüyü Xocalıda bir daha ortaya çıxdı. Ermənilərin Rusiya yardımıyla Xocalı və Dağlıq Qarabağın hər bölgəsində ölüm yağdırmasını Türk milləti əsla unutmayacaq. Bu hadisə dünya durduqca bağışlanmayacaq. Erməni qəddarlığıyla həyatını itirən bütün soydaşlarımıza Allahdan rəhmət diləyirəm", - deyə Dövlet Bahçeli bildirib.
Xocalıda qan tökən, qətliama liderlik edən bir insanın hazırda Ermənistan dövlətinin başında durduğunu bildirən Dövlət Bahçeli çıxışında Ermənistanın hələ də Türkiyə torpaqlarına iddialı olduğunu bildirib. Dövlət Bahçeli daha sonra Ermənistan qoşunlarının qeyd-şərtsiz Dağlıq Qarabağdan geri çəkilməli və bu torpaqların yenidən Azərbaycana qaytarılmasının vacib məsələ olduğunu vurğulayıb. "Dağlıq Qarabağın işğal edilməsindən sonra qaçqın vəziyyətinə düşən soydaşlarımız torpaqlarına qayıdaraq təzminat almalıdırlar", - deyə Devlet Bahçeli sonda qeyd edib