Süni peykin orbitə buraxılması Azərbaycana nə verəcək?

21 Fevral 2012 17:46 (UTC+04:00)

Son illər Azərbaycanda rabitə və informasiya texnologiyaları sektoru sürətlə inkişaf edir. Azərbaycanda rabitənin yaranma tarixinin qədim tarixi kökləri var. 30 illik tarixi inkişaf yolu keçən ölkə rabitəsi Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyəti dövründə daha da inkişaf etdi. Heydər Əliyev ölkəmizdə rabitə sektorunun inkişaf strategiyasının əsasını qoydu. Bununla da ölkədə yeni texnologiyaların tətbiqi, telekommunikasiya infrastrukturunun modernləşdirilməsinə start verildi. İlk elektron ATS-lər quruldu, poçt şöbələri genişləndirildi.



Keçən illər ərzində sürətlə inkişaf edən Azərbaycan poçtu artıq bu gün bir sıra beynəlxalq təşkilatlarda bərabərhüquqlu üzv kimi təmsil olunur, özünün dinamik inkişaf dövrünü yaşayır.


Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş genişmiqyaslı islahatlar Azərbaycan prezidenti İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Ölkə başçısının bu sahəyə diqqət və qayğısı nəticəsində Azərbaycan poçtu beynəlxalq standartlar səviyyəsinə çatdırılıb.


Əhaliyə göstərilən xidmətlərin çeşidi, həcmi və keyfiyyəti daim yüksəlir. Beynəlxalq poçt göndərişlərinin həcmi artıb ki, bu da Azərbaycan poçtunun beynəlxalq aləmdə tanınmasına səbəb olub. Respublikanın rabitə sistemi, müasir texnologiyaların yerlərdə tətbiqi dövlət başçısı prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub.



2012-ci il Azərbaycanın kosmik həyatında mühüm bir il olacaq



Bu sahədə nəzərdə tutulan dövlət proqramlara, həyata keçirilən yeniliklər isə daha böyük uğurlar vəd edir.


Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, 2012-ci il Azərbaycanın kosmik həyatında mühüm bir il olacaq. Belə ki, bu ilin sonuna kimi Azərbaycanın ilk süni peykinin orbitə buraxılması nəzərdə tutulur. Artıq yer səthinin müşahidəsi üçün nəzərdə tutulmuş əlavə süni peykin orbitə buraxılması layihəsinin hazırlıq işlərinə başlanılıb. İşlər daha da sürətləndirilərsə, bu il ikinci peykin də orbitə buraxılması mümkün olacaq.


Qeyd edək ki, orbitə buraxılan ilk süni peykin 80%-nin icarəyə verilməsi nəzərdə tutulub. Milli peykin ehtiyatlarından daxili tələbat və beynəlxalq bazarda xidmətlər üçün istifadə planlaşdırılır. Peyk istifadəyə verildikdən sonra kosmik texnologiyalarla teleradio yayımı, diplomatik nümayəndəliklərlə birbaşa və etibarlı rabitənin yaradılması, ölkənin informasiya təhlükəsizliyinin mühafizəsinin gücləndirilməsi, yüksəksürətli peyk internet xidmətinin təşkili, kosmik sahə üzrə kadr hazırlığının təmin edilməsi və insan kapitalının inkişafı üçün yeni imkanların yaradılması və s. təmin ediləcək. Kosmik texnika yeni elmi-texniki tədqiqatlara rəvac verəcək və bu da öz növbəsində innovasiyalara yol açacaq.




Layihə 5-7 il ərzində gəlir gətirəcək



İlkin hesablamalara görə, layihəyə qoyulan vəsaitlərin peykin istismarına başlanılandan sonrakı 5-7 il ərzində qaytarılması nəzərdə tutulur. Azərbaycan peykin imkanlarının yalnız 20%-dən istifadə etmək niyyətindədir, qalan hissəsini isə digər ölkələrin istifadəsinə verəcək. Artıq peykin imkanlarının 40%-i Malayziyaya təqdim edilib, qalan hissə üzrə isə təkliflər qəbul olunur.


Azərbaycan milli peykinin Skandinaviya ölkələri istisna olmaqla, Avropanı tam, Qazaxıstanın böyük hissəsini əhatə etməklə isə Asiyanın yarısını əhatə etməsini istəyir. Peyk teleradio yayım və internetlə transmissiyaya malik olacaq.


Qeyd edək ki, peykin əsas idarəetmə mərkəzi Qala qəsəbəsində, ehtiyat idarəetmə mərkəzi isə Naxçıvanda olacaq.