Azərbaycanda idmanın inkişafı hər il keçdikcə geniş vüsət alır və bu inkişaf yeni-yeni uğurlara vəsilə olur. Müstəqillik əldə etdikdən bu günə qədər Azərbaycan idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlarda 5 mindən artıq medal əldə edib, Olimpiya oyunlarında 4 qızıl, 3 gümüş və 9 bürünc medal qazanıb. Bütün bunlar isə qazanılan uğurlardan, tarixi nailiyyətlərdən xəbər verir.
Artıq Azərbaycan ali, mötəbər idman tədbirlərinə ev sahibliyi edir. Bu isə ölkəmizin idman sahəsindəki uğurlarının, dövlətin bu sahəyə qayğısının nəticəsidir. Bu tədbirlərin Azərbaycanda keçirilməsi üçün ölkəmizdə təşkilati baxımdan da yüksək şərait və imkan var. Bunu dünya idman təşkilatları təsdiqləyir və bu səbəbdən də bu yarışlar reallaşır. Bu gün bir sıra ölkələr dövlətimizin idman sahəsinə qoyduğu yatırımlara, dəstəyinə qibtə edirlər. Bu isə ölkəmizdə idmanın kütləviliyinin artmasına, gəncliyin sağlam gələcəyinin inkişafına kömək edir. Müqayisə üçün qeyd edək ki, əgər 2009-cu ildə Azərbaycan idmançıları iştirak etdiyi beynəlxalq yarışlarda, qeyri-olimpiya və olimpiya növlərində 550 medal qazanmışdılarsa, 2010-cu ildə bu rəqəm 675 medal olub. 2011-ci ildə isə müxtəlif yarışlarda 705 medal qazanılıb.
2012-ci il də idmanımız üçün uğurlu olacaq
Azərbaycan Prezidenti İlham Əliyevdə 2011-ci ilin ölkə idmanı üçün uğurlu bir il olduğunu deyib. Dövlət başçısı qeyd edib ki, idmançılarımız müxtəlif beynəlxalq yarışlarda böyük qələbələr əldə ediblər: "700-dən çox medal əldə etmişik və bu proses uğurla davam etdirilir. Mən ümid edirəm ki, 2012-ci il də idmanımız üçün uğurlu olacaqdır".
İdmançılarımızın qələbələrinin arxasında güclü Azərbaycan dövləti dayanır
Uğurla başa çatan 2011-ci ildə müxtəlif beynəlxalq yarışlarda qazanılmış 705 medalın 270-i qızıl, 193-ü gümüş, 242-si isə bürünc əyarlıdır. Olimpiya idman növləri üzrə qazanılan medalların sayı 276-dır. Gənclərin asudə vaxtının səmərəli təşkili və idmanın kütləviliyini təmin etmək üçün respublikamızda 33 olimpiya-idman kompleksi istifadəyə verilib. 2012-2013-cü illərdə 10 idman qurğusunun idmansevərlərin ixtiyarına verilməsi nəzərdə tutulub. Hazırda paytaxtımızda bədii gimnastika və boks mərkəzləri, hovuz kompleksi, Olimpiya stadionunun inşası davam edir. Cari ildə güləş və cüdo mərkəzlərinin təməlqoyma mərasimləri keçiriləcək. Eyni zamanda, şahmatçılarımız Hollandiyada dünya şahmatının liderləri ilə mübarizə aparırlar. Voleybol komandalarımız "Rabitə", "Azərreyl" və "İqtisadçı" isə qitə miqyaslı nüfuzlu turnirlərdə öndə gedirlər.
İdmançılarımızın qazandıqları bu qələbələr, əslində, möhkəm təmələ əsaslanır. Yəni, onların dünyanın idman arenalarında əldə etdikləri bu qələbələrin arxasında güclü Azərbaycan dövləti dayanır. Təbii ki, Azərbaycanın digər sahələri kimi, idman sektoru da böyük inkişaf dövrünü yaşayır. Dövlətin inkişafı, iqtisadiyyatın daha da güclənməsi, möhkəm dayaqlara əsaslanması idmanın da inkişafında həlledici rol oynayır.
2012-ci il Yay Olimpiya oyunlarına ciddi hazırlıq gedir
Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 16-da Nazirlər Kabinetinin növbəti iclasında çıxışı zamanı dövlət başçısı 2012-ci ildə də sosial infrastrukturların, o cümlədən olimpiya komplekslərinin inşa ediləcəyini diqqətə çatdırıb və hazırda müasir tələblərə cavab verəcək 10 olimpiya kompleksinin inşa edildiyini, daha 3 kompleksin tikintisi üçün isə hazırlıq işlərinin getdiyini vurğulayıb. Prezident 2012-ci ildə Yay Olimpiya oyunlarının keçiriləcəyini də xatırladaraq, ölkəmizin bu beynəlxalq tədbirə ciddi hazırlaşdığını söyləyib: "2012-ci ildə Yay Olimpiya oyunları keçiriləcək. Biz bu oyunlara ciddi hazırlaşırıq. 2011-ci ildə kifayət qədər lisenziyalar əldə etmişik. Dünya, Avropa çempionatlarında qələbələr qazanmışıq, yəni, ümidlərimiz böyükdür. 2012-ci ildə bizim 10 olimpiya kompleksimiz tikiləcək. Böyük Olimpiya Stadionunun tikintisi artıq fəal fazaya keçəcək. Altmış beş minlik böyük Olimpiya Stadionu tikilir. Tofiq Bəhramov adına Respublika stadionunda təmir-bərpa işləri aparılır ki, Bakıda qızlar arasında keçiriləcək dünya çempionatına hazır olsun. Digər idman obyektləri də tikilməkdədir. Böyük gimnastika kompleksi, Bakı "Kristal" İdman Konsert Kompleksi tikilir. Yəni, bu sahəyə həmişə olduğu kimi, böyük diqqət göstərilib".
"İdman ili" bu sahənin inkişafına daha güclü təkan verəcək
Ölkə prezidentinin sərəncamı ilə 2012-ci ilin Azərbaycan Respublikasında "İdman ili" elan edilməsi bu sahənin inkişafına daha da güclü təkan verəcək. "İdman ili" ölkədə Olimpiya idman komplekslərinin tikintisinin davam etdirilməsinə, maddi texniki bazanın yüksəlməsinə imkan yaradacaq.
İdmançılarımızın ən mötəbər beynəlxalq yarışlarında qazandığı uğurlar, eləcə də müasir standartlara uyğun yeni idman komplekslərinin istifadəyə verilməsi imkan verəcək ki, Azərbaycanın ictimai həyatında mühüm amillərdən biri olan bədən tərbiyəsi, xüsusən də idmanın gündən-günə tərəqqisi naminə bu sahədə görülən işlər böyük bir fəaliyyət proqramının tərkib hissəsi kimi "İdman ili"ndə də uğurla davam etdirilsin.
Azərbaycan Avropada ilk dəfə olaraq futbol üzrə 17 yaşadək qızlardan ibarət dünya çempionatına ev sahibliyi edəcək. Bundan əlavə, paytaxtımızda mundial yarışları, Avropa çempionatları və dünya kuboku turnirləri təşkil olunacaqdır. Respublikamızda cari ildə karate üzrə Avropa çempionatı keçiriləcəkdir.
Dövlət başçısı İlham Əliyevin söylədiyi kimi, idman həyatımızın ayrılmaz hissəsidir: "İdmanın inkişafı hər bir ölkənin ümumi inkişafını göstərir. Bu sahədə əldə edilən uğurlar, əlbəttə ki, bizi gələcək uğurlara sövq edir. Biz əldə edilmiş nəticələrlə kifayətlənə bilmərik. Yalnız və yalnız gələcəyə baxmalıyıq ki, daha da böyük qələbələr əldə edək".