“Elektron təhsil”in tətbiqi ölkə təhsilinə hansı yenilikləri gətirəcək?

17 Fevral 2012 17:47 (UTC+04:00)

"Elektron məktəb" layihəsi çərçivəsində tədris müəssisələrində tətbiq olunan texnologiyalar Azərbaycanda informasiya kommunikasiya texnologiyalarına əsaslanan Milli Təhsil Modelini formalaşdırmağa xidmət edir. Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov SİA-ya açıqlamasında deyib ki, bu pilot layihə çərçivəsində əldə edilən təcrübə əsasında Azərbaycanın bütün məktəblərində "Elektron Məktəb" konsepsiyasını tətbiq etmək mümkündür. Onun sözlərinə görə, "Elektron Məktəb" pilot layihəsinə indiyədək 32 təhsil müəssisəsi cəlb olunub.

"Bu, pilot layihə kimi bizim təhsil sistemimizdə öyrənmə mənbəsi rolunu oynayır. Bunun vasitəsilə Təhsil Siyasəti formalaşdırılır. Elektron məktəb layihəsi bir neçə komponentdən ibarətdir. Bunlardan birincisi milli təhsil məlumat bazasıdır. Hər bir ümumtəhsil məktəbi bu gün bu bazaya daxil edilərək milli təhsil məlumat bazasını formalaşdırır. Burada məktəb haqqında məlumat, onun şəklindən tutmuş ünvan, telefon nömrələri, veb-sayt, müəllim sayı, avadanlığı, şagird sayı və digərləri yerləşdirilib. Artıq milli məlumat bazası çərçivəsində təhsil portalında milli məktəb xəritəsi yaradılıb. Bu proqramda Bakı üzrə bütün məktəblər barədə məlumat var. Xəritə vasitəsilə məktəbin harada yerləşməsi, bir-biri ilə hansı məsafədə olması və digər məsələlər əks olunub. Bu baza bütün ölkə üzrə yığılmaqdadır. Elektron məktəbin digər bir komponenti elektron məktəbin idarəedilməsidir. Bu komponent yalnız hazırda 32 məktəbdə tətbiq olunub. Bu gün ən maraqlı cəhət isə elektron jurnal proqramıdır".

Samir Məmmədovun sözlərinə görə layihədə iştirak edən məktəblərdə "elektron məktəb idarəetmə proqramı", "elektron dərslər idarəetmə proqramı" və valideyn nəzarət səhifəsi kimi tətbiq olunan komponentlər geniş istifadə olunur. Onun sözlərinə görə, tətbiq edilən həllər nəticəsində həmin məktəblərdə elektron jurnalların, elektron cədvəllərin, elektron gündəliklərin və SMS vasitəsilə şagirdlərin davamiyyəti və dərslərdə iştirakı haqda valideynlərin məlumatlandırması, elektron tərdis resurslarının istifadəsi mümkün olub: "Elektron jurnalı tətbiq edərkən fikirləşdik ki, bu, bizim məktəbin idarəetməsində həm problemləri aradan götürəcək, həm də şəffaflığı yaradacaq. Çünki elektron jurnalda qoyulan qiymətə bu gün internet vasitəsilə valideyn tərəfindən nəzarət edilir. Bu həmçinin, valideyn-məktəb ünsiyyətində də böyük rol oynayır. Yəni, artıq validyen məktəblə daha sıx əlaqədədir. Valideyn gündəlik məktəbə getməsə də gündəlik qiymətlərindən, onun dərsə gedib-getməməsindən, hətta, müəllimin ona verdiyi tapşırıqdan xəbəri ola bilər. Çünki övladı elektron məktəbdə oxuyan hər bir valideynə xüsusi parol və ligon verilir ki, bunların vasitəsilə internet səhifəyə daxil olaraq öz övladına aid olan səhifəni, onun qiymətlərini görə bilər. Hətta müəllimin hər hansı bir narazıçılığı üçün xüsusi yer var ki, valideyn onu da görə bilər. Müəllim də eyni zamanda, bütün valideynlərlə ünsiyyət qura bilər. Əlbəttə, elektron jurnalın tətbiqi və bu cür vasitə ilə qoyulan qiymətlərin milli məlumat bazasında yığılması nəinki valideynə, ən əsası Təhsil Nazirliyinə və şöbələrə müxtəlif analizlər aparmağa imkan yaradacaq".

Onun sözlərinə görə, elektron təhsil sahəsində fiziki qüsurlu uşaqların rahat şəkildə dərsdə iştirakı təmin olunacaq. Samir Məmmədov qeyd edib ki, proqram çərçivəsində bu kimi layihələrin həyata keçirilməsi təhsilin sonrakı inkişafına da öz təsirini göstərəcək. Lakin nazirlik rəsmisi bu sahədə mövcud olan bir sıra problemlər barədə də danışdı.

"2012-ci ilin sonuna kimi hardasa 2000-ə yaxın müəssisəsini internet şəbəkəyə qoşmağa çalışacağıq. Burada bizdən asılı olmayan səbəblər də var. Səbəblərin biri odur ki, rayon mərkəzləri, şəhər yerlərində yerləşən bütün məktəbləri şəbəkələşdirmişik. Hətta cəbhə bölgələrində yerləşən ucqar kənd məktəblərində 200-250 məktəbi qoşmuşuq. Amma bu texnologiyaların qiyməti çox bahadır. Əlavə vəsaitlərə də ehtiyac var. Dövlət proqramına ayrılan vəsait həcmində imkan qədər işimizi görüb tamamlamışıq. Müəllimlərin İKT bacarıqlarının artıırılmasına gələndə, 150 min müəllimlərin 60%-in təlimlərdən keçirmişik. Amma təbii ki, elektron təhsili tətbiq etmək istəyiriksə, digər müəllimlər də təlimlərdən keçməlidir".

Hər halda nazirlik rəsmisi ümid edir ki, sadalanan texnologiyaları yaxın gələcəkdə Azərbaycanın təhsil sistemində tətbiq etmək mümkün olacaq.