İran bir tərəfdən Suriyadakı qanlı Əsəd rejiminə dəstəyini artırarkən, digər tərəfdən İsraillə apardığı söz müharibəsi Qərblə arasındakı gərginliyi də yüksəldir. Diqqət çəkən məqam isə odur ki, böhranla qalxan toz hər iki tərəfin də işinə yarayır.
Son illər İsrail ilə İran arasında davam edən gərginlik Hürmüz boğazı böhranı ilə yeni bir müstəvi qazandı. İran boğazı bağlamaqla təhdid etdiyi bir vaxtda İsrailin bölgədəki himayəçisi ABŞ buna heç bir şəkildə icazə verməyəcəyi, lazım olsa müdaxilə edəcəyi xəbərdarlığını edir. İsrail isə mətbuatın da dəstəyi ilə bu gərginlikdən maksimum faydalanmağa çalışır. Qərb ölkələri İsraili İranı vurmamaq fikrindən çəkindirmək üçün xeyli "əmək" sərf edir.
İsrail üçün İran bir fürsətdir
İran illərdir bəzi fələstinli qruplardan və livanlı Hizbullahdan İsrailə qarşı istifadə edir. Buna qarşılıq nüvə silahına malik olan İsrail isə bu silahı əldə etməyə cəhd edən İranı vurmaqla təhdid edir. Fələstində müsəlmanların tökülən "qanının alınacağını" bəyan edən, fələstinlilər üzərindən siyasət yürüdən İran bu şəkildə İslam dünyasının mənafeyini müdafiə etdiyini iddia edir. Ancaq eyni İran Suriyada tökülən insan qanına səsini çıxarmır və qətliamlar törədən Əsəd rejiminə açıq dəstək verir. Suriyalı müxalifləri xarici qüvvələrin maşası olaraq qiymətləndirən İran Tunis, Misir və Liviyadakı inqilabları "İran inqilabından ilham aldılar" deyəcək qədər də dəstəkləmişdi. Bölgədəki böhranlardan qidalanan İsrail üçün isə İran bir fürsətdir. İranın hər dəfə \"İsraili yox edəcəyik\" çıxışı israilli liderlər üçün ayrıca bir xoşbəxtlik mənbəyi yaradır. Çünki İranın bu çıxışları İsrailə işğal etdiyi Fələstin torpaqlarında daha çox yəhudi yaşayış məntəqələri tikmək, ya da fələstinliləri daha çox təzyiq altına almaq fürsəti verir. Qısacası hər iki ölkə bir-birindən çox yaxşı istifadə edir.
İsrail ABŞ-ın da dəstəyini alaraq İranla savaşa girərmi?
Bəs, iddia edildiyi kimi İsrail ABŞ-ın da dəstəyini alaraq İrana hücum edə bilərmi? Və ya ABŞ son günlərdə artan gərginliyin nəticəsi olaraq İranla savaşa girərmi? Orta Şərqdə uzun müddətdir bu ifadələr söylənilir: "Böyük güclər 50 il sonraya görə siyasət aparırlar". Yəni hazırda yaşananları yalnız günümüz şərtlərinə görə qiymətləndirmək böyük bir səhvdir. Bölgə öz iradəsi ilə yeni şəkil almağa başladığı bir zamanda Qərb buna qarşı mövqeyini yenidən təyin edir və öz mənafeyi üçün fərqli ssenarilər hazırlayır.
Bölgədə illərdir təhdid olaraq göstərilən qüvvələr bir-bir iqtidara gəlir. 1991-ci ildə keçirilən ilk çoxpartiyalı parlament seçkilərində 231 yerdən 188-ini qazanan, müxalifətdə olan İslam Qurtuluş Cəbhəsi Partiyası Əlcəzairdə hakimiyyətə gəldi. Lakin seçkilərin nəticələri ləğv olundu, ölkədə hərbi çevriliş baş verdi və parlament seçkilərində qələbə qazanmış partiya ləğv edildi. Bu hadisəyə səs çıxarmayan böyük güclər bu gün bu hərəkətin bənzərlərinin Tunisdə, Misirdə, Mərakeşdə olmasına səs çıxarmır. Türkiyədən başlayaraq, digər ölkələrə də yayılan İslama meylli partiyaların iqtidara gəlməsi, şübhəsiz başda Qərb ölkələri olmaq üzrə bəzi böyük qüvvələri narahat edir. İki əsrdən çox bir müddətdir bölgəyə nəzarət edən güclər artıq həm dini istinadlı, həm də milliyyətçi olan bu partiyaların iqtidarında istədiklərini etdirməkdə az da olsa çətinlik çəkəcəklər. Bu partiyaların iqtidarında bölgə ölkələri arasında yaşanacaq iqtisadi və siyasi yaxınlaşmalar isə Qərb, ya da böyük güclər üçün kabus ssenarisi kimidir. Bu vəziyyətdə böyük güclər bölgədəki varlıqlarını necə qoruyacaq? Bölgə ölkələrinin aralarındakı birliyə necə maneə törədəcək? İranla…
ABŞ-ın "demokratiya" gətirdiyi ölkələr
ABŞ, 2001-ci ildə Əfqanıstana, 2003-cü ildə İraqa girdiyində, eyni zamanda İranın bölgədə əl-qolunu açmış oldu. Varlığı qədər lideri haqqında da bir çox cavabsız suallar daşıyan Əl-Qaidəni yox etmək bəhanəsi ilə Əfqanıstana girən ABŞ, eyni şəkildə heç bir zaman olmayan kimyəvi silahları tapmaq üçün İraqı işğal etdi. Terrorla mübarizə üçün Əfqanıstana girən ABŞ bu ölkədən çıxdıqdan sonra geridə hər gün onlarla insanın terror hücumları nəticəsində həyatını itirdiyi iki ölkə buraxır: Əfqanıstan və Pakistan. Ötən ilin sonunda isə İraqdan çəkildi və bu gün qarşımızda artıq üçə bölünmüş bir İraq var.
İran bölgədə sabitliyin yaranmasında maraqlıdırmı?
Bu nəticələr yalnız İranın işinə yaradı. ABŞ işğalları öncəsi Pakistan-Əfqanıstan və İraq arasında sanki sıxışan İran işğallardan sonra bir anda bölgənin ən böyük gücünə çevrildi. ABŞ və Qərb ölkələri Əfqanıstan və İraqdakı iqtidarı devirdiyində İranın bundan ən qazanclı ölkə olaraq çıxacağını bilmirdimi? Bəzi mənbələr israrla "Amerika rəhbərliyi İraqın İranın idarəsinə girəcəyini ehtimal edə bilmədi" tezisini yaysa da, bölgəyə az-çox bələd olan insan belə Şiə kimliyinin milli kimliyin önündə gəldiyini bilir. Eyni şəkildə, Talibanın Pakistandakı ictimai və siyasi dəstəyi də bir sirr deyildi və Əfqanıstanın işğalı ilə Pakistanın qarışıb zəifləyəcəyi də…
Bu gün artıq Bəsrə Körfəzinin mütləq hakimi kimi davranan İran Aralıq dənizinin şərq hissəsində söz sahibinə çevrilməkdədir. İraqdan Suriya və Livana, Bəhreyndən Yəmənə hər yerdə İranın adından danışılır. Belə bir İran, bölgədə sabitliyin yaranmasına, ya da Sünni ölkələr arasında güclü bağlar meydana gəlməsinə razılıq verərmi? İsrail və ABŞ gələcəkdə özləri üçün lazımlı olan İranın yox edilməsini ya da belinin qırılmasını istəyərmi?