Hərbi komissarlıqların ləğvi mütləq idi- MÜNASİBƏT

15 Fevral 2012 15:13 (UTC+04:00)

Fevralın 13-də prezident İlham Əliyev "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun tətbiqi barədə fərman imzalayıb. Belə ki, Azərbaycanda hərbi çağırış sistemində əsaslı dəyişiklik edilib. Fərmana görə, hərbi komissarlıqlar ləğv edilir və onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılır. Fərmana əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2 ay müddətində Xidmətin strukturu, hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibi və ali zabit heyəti vəzifələrinin siyahısı barədə təkliflərini prezidentə təqdim etməlidir.


Yeni yaradılacaq qurum həm çağırışa qədərki gənclərin qeydiyyatı, həm hərbi xidmətə çağırış, həm də xidmətini başa vuran və ehtiyatda olan hərbçilərin mütəmadi toplanışlarının keçirilməsi ilə məşğul olacaq.

Mütəxəssislər bu qurumun bir çox müsbət cəhətinin olduğunu söyləyirlər. Ekspertlərin fikrincə, bu, ölkədə hərbi çağırış və səfərbərlik sisteminin yenilənməsi deməkdir.

Buna çox ciddi ehtiyacımız var idi

Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc hesab edir ki, bu fərman hərbi sistemdə, silahlı qüvvələr sektorunda islahatların davamıdır: "Nəzərə alaq ki, bu adda qurumun mövcudluğu bilavasitə sovet dövründəki idarəçilik elementlərinin saxlanılması demək idi. Ondan imtina isə mütləq bir şərt idi. Bir tərəfdən ona görə ki, "voenkomatlar" kimi tanınan sovet ideoloji sisteminin adını özündə daşıyan komissarlar gerçəklikdə Azərbaycanın ordu quruculuğunda konkret missiyalarını, statuslarını müəyyənləşdirməkdə çətinlik çəkirdilər. Bu həm də Azərbaycanın beynəlxalq əlaqələrində müəyyən bir yer almaqda idi. Xüsusilə NATO ilə fərdi tərəfdaşlıq üzrə əməliyyat proqramı çərçivəsində bununla bağlı addımların atılması bizdən istənilmişdi.

Millət vəkilinin sözlərinə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması ilə cənab Prezident İlham Əliyev bir neçə hədəfi əsas götürmüşdü: "İlk növbədə qeyd etdiyimiz kimi, kütləvi həyatımızı əhatə edən və vətənpərvərliyin, vətənə xidmətin, təhlükəsizliyin təminatının ilkin formalaşmasında iştirak edən bu qurumun ədalətli, şəffaf, insan amilindən azad bir səviyyədə işini reallaşdırması nəzərdə tutulub. Buna çox ciddi ehtiyacımız var idi. Çünki komissarlıqlarda baş verən nöqsanlar, qüsurlar sadəcə cəmiyyətin dövlət rəhbərinə etdiyi müraciətlərdə, xahişlərdə hansısa şikayət məktublarında əksini tapmırdı, eyni zamanda ciddi korrupsiya və digər xarakterli ağır cinayətlər formasında dövlətin müvafiq prokurorluq, hüquq-mühafizə orqanlarında bu gün də araşdırma predmetidir. Hərbi mundir geyinən insanların belə bir hadisələrdə adlarının keçməsi hərbi sferaya, ordu quruculuğuna, peşəkarlığa mənfi təsir göstərən bir amildir. Ona görə də bir il öncə dövlət başçısı Ali Baş Komandan olaraq bu problemlərin ümumi miqyasını nəzərə aldı və Müdafiə Nazirliyi yanında Təşkilat və Səfərbərlik İdarəsi yaradıldı. Orada kollegiyal idarəçilik bərqərar olundu. Müxtəlif qurumlardan insanlar, hətta Parlamentin bir nümayəndəsi həmin formatda yer aldı. Bundan sonrakı dönəmdə isə artıq onun müstəqil bir qurum kimi formalaşması addımını atdı".

Hərbi komissarlıqların kontingenti yeni qurumda yer alacaqmı?

Zənn edirəm ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilk növbədə özünün əsasnamə, nizamlama prinsiplərini, ştat tərkibini formalaşdıraraq, ciddi şəkildə ölkə rəhbərinin qoyduğu vəzifələri reallaşdırmağa çalışacaq. Ən başlıca olaraq vətəndaşların hərbi mükəlləfiyyətə hazırlanması, bu işin təşkili, onların ən sağlam bir vəziyyətdə qeydiyyatının aparılması, gələcək səfərbərlik məsələləri, toplanışa hazırlıq və digər işlərin təşkil məhz bu qurum vasitəsilə həyata keçiriləcək".

Hərbi komissarlıqların kontingenti yeni qurumda yer alacaqmı sualına cavab olaraq Z. Oruc bildirib ki, ilkin dövrdə belə ola bilər: "Amma, sonrakı zamanlarda bu işə dövlət qulluğu sisteminin bir elementi kimi yanaşaraq, müsabiqə və imtahanlardan keçərək formalaşan bir struktura çevrilsin. Yalnız bu halda oraya ictimai nəzarət imkanları böyüyür, həqiqətən də şəffaflıq bərqərar olur. Nə qədər ki, Murovdağ ətəyində, ön cəbhədə səngərlərdə və arxa cəbhədə kimin xidmət edəcəyini hansısa şəxslər müəyyənləşdirəcək, orada neqativliyə və yaxud rüşvətə yer qalır".

Milli Məclisin üzvü Musa Qasımlı yeni xidmətin yaradılmasını ölkəmizdə aparılan və getdikcə dərinləşən islahatların bir hissəsi olduğunu deyib: "Bu, hərbi quruculuq sahəsində yeni bir səhifə açır. Səfərbərlik məsələsində bir irəliləyiş olacaq və bu sahədə ölkəmiz daha qabaqcıl ölkələrin təcrübələrinə yaxınlaşacaq".

Hərbi komissarlıqlara rüşvət yeri, korrupsiya mənbəyi kimi baxılırdı

Hərbi Analitik Tədqiqatlar Mərkəzinin rəhbəri İldırım Məmmədov sözlərinə görə, 20 ildir müstəqillik qazanmış Azərbaycanın buna ehtiyacı var idi: "Hərbi komissarlıqlar ötən əsrin 20-ci illərində, oktyabr inqilabından sonra yaradılan bir qurum idi. Keçmiş sovet rejiminin idarə nümunəsi kimi qalmaqda idi. Hansısa bir formada bu gün neqativ bir məqam kimi görünürdü. Rüşvət yeri, korrupsiya mənbəyi kimi baxılırdı. Çox lazımlı, vacib bir fərmandır. Çünki səfərbərlik və çağırış deyəndə, çoxları nə üçünsə təkcə çağırışı başa düşürlər. Amma səfərbərlik sözü o qədər geniş bir sahəni əhatə edir ki, onun ətrafında saatlarla danışmaq olar. Səfərbərlik xalq təsərrüfatının, zavod və fabriklərin, bütün resursların sülh şəraitindən hərbi şəraitinə keçidi və onların müharibə şəraitində işləməsini nəzərdə tutan bir mövzudur. Səfərbərlik adi içməli sudan tutmuş, anbarlarımızda olan ehtiyat taxıla, qida məhsullarına kimi, silah-sursat, geyim, yanacaq, sürtgü materialı, yolların keyfiyyəti, hansı nəqliyyat vasitəsilə tələb olunan şeyi yerlərə çatdırılması və s. kimi geniş mövzulara malikdir".

Səfərbərlik mövzusunun digər məqamına diqqət çəkən analitik bunun müharibə şəraitində olan bir ölkə üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: "Bir faktı nəzərinizə çatdırım ki, ikinci dünya müharibəsi ərəfəsində səfərbərlik zamanı Almaniyada 12 saata polk hazır olurdu, 3 sutkaya isə atıcı diviziya yaratmaq imkanına malik idi. Sovet İmperiyasını ən nüfuzlu zamanlarında isə, 10-12 saata motoatıcı polk yaradılırdı, 3 günün içərisində isə motoatıcı diviziya döyüş hazırlığı vəziyyətinə gətirilərək cəbhəyə göndərilirdi. Azərbaycan isə buna hazır deyildi. Yəni hərbi xidmətə olmuş bir şəxs səfərbərlik dönəmində hara gedəcəyini bilmirdi".