Son dövrlər özlərini ziyalı kimi təqdim edib və qrup yaradan bir neçə şəxs "siyasi fəaliyyətlə" məşğul olmağa başlayıblar. Bu qrupa isə Eldar Namazov rəhbərlik edir. Bu qrup sözdə cəmiyyət üçün müsbət işlər görür və ziyalıların müzakirə aparması ölkədəki vəziyyəti dəyərləndirmək üçün yaradılmış tribunadır. Özünü Azərbaycanın tanınmış elm adamlarını, ictimai xadimlərini tərkibində birləşdirən qurum kimi qələmə verən bu qruplaşma əslində Azərbaycan cəmiyyətinin mövcud sabit durumunu pozmağa cəhd göstərir.
Eldar Namazovun siyasi keçmişi ilə bugünkü mövqeyi arasında kəskin uçurum var
Eldar Namazovun isə cəmiyyətdə bir ziyalı kimi qəbul olunub-olunmaması sual altındadır. Eldar Namazov uzun müddət məmur olub, Prezident Administrasiyasında çalışıb. Onun siyasi keçmişi ilə bugünkü mövqeyi arasında kəskin uçurum mövcuddur. Eldar Namazovla bağlı yerli qəzetlərin birində yazılan məqalədə qeyd olunur ki, 1993-cü ildə özünü kimlərinsə qohumu kimi qələmə verib ümummilli lider Heydər Əliyevlə görüşmək üçün fürsət axtaran, məqsədə çatdıqdan sonra isə vəzifə alıb siyasi olimpin yaxınlığında məskən salan siz deyildiniz? Əgər keçmiş iş yoldaşlarınızın sizin haqqınızda nələr danışdığını və hansı faktları açıqladıqları eşitsəniz, tam əminliklə demək olar ki, utandıqdan bir daha cəmiyyət arasına çıxmazsınız.
Bir vaxtlar qruplaşmada təmsil olunan vəkil Aslan İsmayılov qurumdan getməsinin səbəbi də məhz Namazov olub. A.İsmayılov bildirib ki,onun birinci gündən etiraz; Eldar Namazova olub: \"Mən istəməmişəm ki, o, forumda aparıcı fiqura çevrilsin. Ən azı yaxın gələcəkdə hər şey bəlli olacaq, insanlar hər şeyi müəyyən edəcək\".
Ziyalılar adından danışmağa cəhd edən hər bir şəxs ilk olaraq özü ziyalıya xas keyfiyyətləri özünə daşımalıdır, öz şəxsi maraqlarını deyil, mili maraqları hər zaman üstün tutmalıdır. Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu bir məqamda proseslərə köhnə nəzərlərlə müdaxilə etmək cəhdləri heç bir effekt vermir.
Vəzirovun məsləhətçisi olan Rafiq Əliyev zamanında niyə etiraz etmirdi?
Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov da hesab edir ki, Eldar Namazovun qrupuna daxil olanların narazılıqları da əslində ictimai motivli deyil. Söhbət ayrı-ayrı adamların şəxsi istəklərinin həll olunmamasıdır ki, bu da tamamilə fərqli xarakterli narazılıqdır: "Deməli, kimsə hansısa problemini həll etmək istəyir, bunun üçün bir dəstə adamı başına yığıb ictimai fon yaratmağa çalışır. Kim başqalarının problemlərinin həll olunması üçün ictimai fon yaratmaq rolunu oynamaq istəyirsə, bu, onun öz işidir. Amma əvvəl-axır aldadıldığını başa düşəcək".
Millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, vaxtilə Azərbaycan ağır problemlərlə qarşı-qarşıya olanda bu insanların hər biri qaçıb gizlənmişdilər: "Bu gün Azərbaycan öz problemlərinin böyük hissəsini həll edib, böyük inkişaf yolu keçib, iqtisadi inkişafa, ictimai-siyasi sabitliyə nail olub. Dağlıq Qarabağ problemindən başqa bütün problemlər demək olar ki, tam şəkildə öz həllini tapmaqdadır. İndi bunların yadlarına düşür ki, onlar ziyalıdırlar".
Maraqlı bir fakta diqqət çəkən Siyavuş Novruzov bildirib ki, Sovet imperiyası vaxtilə Gürcüstanda da Azərbaycandakı kimi 20 Yanvar faciəsinə bənzər qətliam törətmişdi: "Bu qətliamın miqyası Azərbaycandakı qətliamdan kiçik idi. Həmin vaxt Gürcüstanın Mərkəzi Komitəsinin bütün katibləri istefa verdi. Azərbaycanda isə bu qətliamın miqyası nə qədər böyük idi. Amma həmin vaxt Rafiq Əliyev MK-nın ideoloji katibi idi və bu adam vətənpərvər ziyalı idisə, xalqının dərdi onu maraqlandırırdısa, nə üçün istefa ərizəsi yazmadı? O vaxta qədər gözlədi ki, Ayaz Mütəllibov gəlib onu tutduğu vəzifədən azad etdi. Bunları yaşlı, ortayaşlı nəsil bilir. Azadlıq meydanında Qarabağ uğrunda mitinq edən insanlar döyüləndə, tanklar, rus əsgərləri paytaxta yeridiləndə Vəzirovun məsləhətçisi olan Rafiq Əliyev niyə etiraz etmirdi, onu bu işlərdən çəkindirmirdi? Xalq Qarabağ, azadlıq uğrunda mübarizə aparanda niyə bu insanların yadına xalq, millət, Qarabağ, gənc nəsil düşmürdü? Bütün bunlar göstərir ki, onların əməlləri də, fikirləri də özləri kimi qeyri-səmimidir".
Rüstəm İbrahimbəyovun ikili standartları
Diqqəti cəlb edən digər bir məqam isə özlərini ziyalı kimi təqdim edənlərin davranışlarında bunun hiss olunmamasıdır. Aydın məsələdir ki, ziyalı başqaları ilə müqayisədə daha səbirli və kübar olmalı, əks mövqedə olanların da fikirlərinə hörmətlə yanaşmağı bacarmalıdır. Namazov qruplaşmasının əsas siması olan 2009-cu ildən bəri bir-birinə zidd açıqlamalar verən Rüstəm İbrahimbəyov mətbuata müsahibəsində deyir ki, "elə danışmalıyıq ki, heç kəsin şəxsiyyətinə toxunulmasın". Amma ondan əvvəl keçirdiyi mətbuat konfransında hakimiyyətdə təmsil olunanları küçə ifadələri ilə təhqir etmişdi. Rüstəm İbrahimbəyov restoran tikməyə icazə ala bilməməsini ictimai münasibətlərdə ədalət axtarışı fonunda təqdim edir. \"Rüstəm İbrahimbəyov 2010-cu il mayın 7-də \"Azadlıq\" radiosuna müsahibəsində bildirmişdi ki, Azərbaycanda İlham Əliyevi əvəzləyəcək adam tanımır və indiki siyasətçilərdən heç birini Azərbaycan prezidenti rolunda görmür. Bunun üstündən il yarım keçdikdən sonra 2011-ci il dekabrın 28-də bəyan edir ki, \"bu hakimiyyət bizə lazım deyil\".
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP)sədri Məmməd Əlizadənin isə tövsiyəsi belə olub: "Belə forumlar keçirməkdənsə, ziyalılarımız daha səmərəli işlərlə məşğul ola bilər".