Son 2 həftə ərzində havaların şaxtalı keçməsi Azərbaycanın Xaçmaz rayonunun Nabran yaşayış məntəqəsi ərazisindən Sumqayıt sahillərinə kimi Xəzər dənizinin sahil ərazilərinin donması ilə nəticələnib. Ağ rəngə bürünən Xəzərin suları sahildən 200-300 metr içəriyə doğru buz qatı ilə örtülüb. Dənizdəki buz qatının qalınlığı təxminən 30 sm-dən 2 metrə qədər çatıb.
Belə halın şahidi olmayan sakinlər isə bu vəziyyətdən bir növ əyləncə kimi istifadə edib. Donan dənizin üstündə şəkil çəkdirən kim, qartopu oynayan kim, heyvanlarını gəzməyə gətirən kim. Amma insanlar üçün belə hadisələr ilk olduğundan onun nəticəsi barədə düşünmürlər. Ən azından nəzərə almaq lazımdır ki, Azərbaycanda buzun qalınlığı elə də möhkəm deyil və onun qırılması insanların həyatının itirilməsinə səbəb ola bilər. hər halda ehtiyatsızlıq üzündən onların bu əyləncəsi ölümlə nəticələnə bilər.
Bu gün
Fövqəladə Hallar Nazirliyi əahlinin təhlükəsizlik
qaydalarına riayət etməsi ilə bağlı xəbərdarlıq
yayıb. Xəbərdarlıqda bildirilir ki, son günlər
havaların kəskin soyuması nəticəsində su hövzələrində (Xəzər dənizində,
göllərdə, çaylarda və digər su tutar yerlərdə) suyun üzünü buz təbəqəsinin
örtməsi və həmin təbəqənin üzərinə əlavə qarın yağması nəticəsində su
hövzələrinin sahil zolağında hərəkət üçün təhlükəli şərait yaranıb: "Təəssüflər
olsun ki, bəzi vətəndaşlar bu cür təhlükəli vəziyyəti düzgün
qiymətləndirməyərək həmin ərazidən əylənmək üçün istifadə etməyə çalışırlar.
Belə ki, üzəri buzla örtülmüş su hövzələri üzərində əyləncə məqsədilə sürüşmək
(xizəklə və ya xizəksiz), balıq tutmaq, müxtəlif nəqliyyat vasitələrini
çıxarmaq, buz üzərində qaçmaq, yerimək və ümumiyyətlə bütün növ hərəkətlər
həyatınız üçün böyük təhlükə yaratmış olar.
Fövqəladə Hallar Nazirliyi vətəndaşları bu cür su
hövzələrində donmuş sahil zolağından uzaq durmağa və azyaşlı uşaqların bu kimi
yerlərə yaxınlaşmamasına xüsusi diqqət yetirməyə çağırır. Əgər bu kimi
hadisənin baş verdiyi müşahidə olunarsa, vətəndaşlardan təcili olaraq FHN-nin "112" qaynar xəttinə zəng
etmələri və ya əraziyə yaxın Dövlət Sularda Xilasetmə Xidmətinin xilasetmə
məntəqələrinə məlumat vermələri xahiş olunur".
Ekoloqlar hesab edir ki, son günlər müşahidə edilən buzlaşma iqlim dəyişikliyi ilə əlaqədardır. Xəzər dənizinin şimal hissəsində donma daimi bir haldır. Dənizinin şimal hissəsi noyabr ayından martın axırlarına qədər donur. Soyuqlar kəskinləşdikcə buzlaşma Mahaçqala, Dərbənd, hətta Abşerona qədər gəlib çıxır.Xəzər dənizində suyun donması onun suyunun çirklənməsinə, eyni zamanda bioloji aləminin məhv olmasına təsir etməyəcək: "Çünki hazırda dənizin yalnız üst qatı buzla örtülüb. Dənizdəki əsas canlı aləm isə onun aşağı qatlarındadır.
Qeyd edək ki, Xəzər dənizinin Abşeron hissəsində buzlaşma hələ ötən əsrdə 1947 və 1953-cü illərində daha sonra isə 1969, 1970, 1972-ci illərdə müşahidə edilib. Bu hadisələrdən daha çox yadda qalan isə 1953-cü ildə olub ki, bu zaman şimalda yaranan buz kütlələri şimaldan cənuba doğru hərəkət etməyə başlayıb.