Şirvan Regional Elektrik Şəbəkəsi yenilənir

8 Fevral 2012 14:25 (UTC+04:00)

"Şirvan Regional Elektrik Şəbəkəsi"ndə (REŞ) texniki avadanlıqların dayanıqlı vəziyyətdə fəaliyyətinin təmin etmək məqsədilə ötən ilin 4-cü rübü ərzində 35 kilovoltluq və ondan yuxarı gərginlikli EVX-lərdə və yarımstansiya avadanlıqlarında irimiqyaslı yenidənqurma və təmir tikinti işləri aparılıb. "Azərenerji" ASC-dən SİA-ya verilən məlumata görə, istehlakçıları elektrik enerjisi ilə daha etibarlı şəkildə təmin etmək məqsədilə təkcə ötən ilin son rübündə 330 kilovoltluq III, IV "Şirvan", 220 kilovoltluq I, II "Şirvan", 220 kilovoltluq III "Masallı", 110 kilovoltluq I, II, III "Sabirabad" və IV "Ələt" hava elektrik verilişi xətlərində 60 kilometrə yaxın EVX əsaslı təmir edilib, 500 mindən artıq izolyator dəyişdirilib, 300-dən artıq xətt armaturu yeniləri ilə əvəz edilib. Paralel olaraq, "Lovain", "Şorsulu", "Udulu", "Pirsaat", "Atbulaq", "Təzə Qarabağlı", "Masallı-Arus" və "Axtaçı" hava elektrik verilişi xətlərində də 12 kilometrə yaxın hissədə əsaslı təmir işləri yerinə yetirilib və 150 ədəd xətt armaturu dəyişdirilib. REŞ-in balans mənsubiyyətinə daxil olan 110/35/10 kV-lik "Masallı", "Cənub", "Ələt", "Separadi", "Biləsivar", "Astara", "Boradigah", "Salyan", "Şorsulu", "Lənkəran-1", "Hirkan", "Səmədabad", "Cəlilabad" yarımstansiyalarında, eləcə də "Əhmədkənd-3", "Ovçubərə-4", "Ağalıkənd" hava elektrik verilişi xətlərində 30-dan artıq yağ açarları dəyişdirilib, 20-yə yaxın müxtəlif güclü transformatorlarda əsaslı və cari təmir işləri aparılaraq normal iş rejiminə gətirilib.

Digər təmir işləri barəsində məlumat verən mənbə onu da bildirib ki, paylayıcı şəbəkələrdə də (10, 6 və 0,4 kV-lik xətlərdə və transformator məntəqələrində) müxtəlif təyinatlı təmir işləri görülüb ki, bu da avadanlıqların texniki göstəricilərinin keyfiyyətini daha da artırıb.