Əli Həsənov: \"İlin sonuna qədər 3610 mənzildən ibarət olacaq qəsəbələrdə 17 minə qədər məcburi köçkün məskunlaşacaq\"

7 Fevral 2012 14:09 (UTC+04:00)

Bu il ölkə prezidenti İlham Əliyevin tapşırığı ilə məcburi köçkünlər üçün tikililərin sayı 2 dəfə artırılıb. SİA-nın xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. O bildirib ki, bu il Azərbaycanın 9 rayonunda məcburi köçkünlərlə bağlı tikinti işləri aparılacaq. Onun sözlərinə görə, Şəkidə artıq 423 evdən ibarət qəsəbənin tikintisinə başlanılıb: "Mingəçevirdə 502 mənzildən ibarət 10 ədəd doqquz mərtəbəli binanın tikintisi davam edir. İsmayıllıda 45 mənzildən ibarət kiçik qəsəbə Belarus inşaatçıları tərəfindən inşa edilir. 1410 mənzildən ibarət Qaradağ rayonu Müşviqabad qəsəbəsində 20 ədəd 5 mərtəbədən ibarət böyük bir şəhərcik salınacaq. Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində beş mərtəbəli binaların tikintisinə də bu il başlanacaq. Xocavənd köçkünləri üçün 320 fərdi evdən ibarət qəsəbə Beyləqan rayonu ərazisində tikiləcək. İmişlidə fin qəsəbəsinin köçürülməsi üçün 350 fərdi evdən ibarət qəsəbə, Qəbələdə isə 155 evdən ibarət 2 beşmərtəbəli binaların tikintisi aparılacaq".

Ə.Həsənov qeyd edib ki, nəticədə ilin sonuna qədər 3610 mənzildən ibarət olacaq qəsəbələrdə 17 minə qədər məcburi köçkün öz həyat şəraitini yaxşılaşdıracaq.