AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) doktorant və dissertantlar üçün informatika fənni üzrə keçirilən qış imtahan sessiyası başa çatıb. SİA-nın xəbərinə görə, sessiyada respublikanın müxtəlif elmi-tədqiqat və təhsil müəssisələrini təmsil edən 213 tədqiqatçı iştirak edib. Onlardan 44-ü doktorant, 169-u dissertantdır. İmtahanın nəticələrinə görə 110 nəfər əla, 72 nəfər yaxşı, 22 nəfər kafi, 9 nəfər qeyri-kafi qiymət alıb.
Müxtəlif elm sahələri ilə məşğul olan tədqiqatçılar üçün təşkil edilən kurslarda tədris və imtahanların qəbulu dörd elmi istiqamət üzrə aparılır. Bu sessiyada fizika-riyaziyyat və texnika elmləri istiqaməti üzrə 23, kimya-biologiya və tibb elmləri istiqaməti üzrə 52, Yer, coğrafiya və kənd təsərrüfatı elmləri istiqaməti üzrə 15, ictimai-siyasi, sosial-iqtisadi və humanitar elmlər istiqaməti üzrə 123 nəfər imtahan verib. İnstitutun Tədris-İnnovasiya Mərkəzində doktorant və dissertantların ən müasir İKT biliklərə yiyələnməsi, elmi-tədqiqat işlərində yeni texnologiyaların tətbiqi imkanları ilə yaxından tanış olması üçün hər cür şərait yaradılıb.