Xəbər verdiyimiz kimi, "Qəbələ" futbol klubu İspaniyanın "Barselona" komandası arasında əməkdaşlığın növbəti mərhələsinə start verilib.
Siasport.az saytı klubun rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcədən nəzərdə tutulduğu kimi, fevralın 3-11-də "Qəbələ" Futbol Akademiyasının məşqçilər heyəti təcrübə məqsədi ilə Barselonaya səfər edəcək.
Akademiyanın direktoru Ali Yavaşın rəhbərlik etdiyi heyətdə Nail Kərimov (Akademiya direktorunun müavini), Halim Fıçıcı (Gənclər Futbolunun İnkişaf Proqramının rəhbəri), Famil Xəlilov (U-17-nin məşqçisi), Eldəniz Süleymanov (U-16-nın məşqçisi), Hüseynqulu Quliyev (U-15-in məşqçisi) və Sərdar Qafarov (U-14-ün məşqçisi) yer alıblar.
Nümayəndə heyəti səfər müddətində "Barselona"nın aşağı yaş qruplarının çempionatdakı çıxışlarını izləyəcək. Fevralın 4-də "Qəbələ" təmsilçiləri "Camp Nou"da "Barselona" – "Real Sosiedad" matçında olacaqlar. Fevralın 6-dan isə mərhələli şəkildə "Barselona"nın əsas komanda və akademiya təsisləri ilə tanışlıq olacaq.
Sonra akademiya rəhbərliyi ilə görüş təşkil olunacaq. Səfər zamanı klubun idarəetmə sistemi ilə tanışlıq, əsas və əvəzedici komandaların məşqçiləri ilə görüşlər planlaşdırılır.
Mayda ötən ilin dekabrında Qəbələyə Xosep Moratallanın başçılığı altında səfər etmiş məşqçilər heyəti bir daha Azərbaycana gələcək. Səfər zamanı ispanlar yerli məşqçilərin və komandaların durumu və görülən işlərlə bir daha yaxından tanış olacaqlar.