Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri AŞPA Monitorinq Komitəsinin nümayəndə heyəti ilə görüşüblər

2 Fevral 2012 17:16 (UTC+04:00)

Milli Məclisdə (MM) təmsil olunan siyasi partiyaların rəhbərləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüblər. SİA-nın MM-in mətbuat xidmətinə istinadən məlumat verir ki, nümayəndə heyətinə Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora ilə Cozef Debono Qrex və Monitorinq Komitəsi katibliyi rəhbərinin müavini xanım Aqnieşka Naçilo daxildir.

Görüşdə parlamentdəki hakim partiyanın nümayəndəsi, YAP icra katibinin müavini Mübariz Qurbanlı çıxış edərək Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrə, o cümlədən AŞPA ilə əməkdaşlığa xüsusi önəm verdiyini deyib. Milli Məclisdə 11 siyasi partiyanın təmsil olunduğunu bildirib və partiya rəhbərlərini qonaqlara təqdim edib.

Ümid Partiyasının sədri İqbal Ağazadə siyasətlə bağlı bir sıra məsələlər və qanunlar barədə fikirlərini bölüşüb. O, "Siyasi partiyalar haqqında" qanunun yenilənməsinə ehtiyac olduğunu vurğulayıb, "Diffamasiya haqqında" qanun qəbul edilməsini vacib saydığını bildirib.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Azərbaycanda faktaraşdırıcı missiya həyata keçirən monitorinq qrupunun obyektivliyə söykənəcəyinə ümid ifadə edib. Siyasi partiya rəhbəri olan deputatların hamısının çıxışında bir fikir xüsusi vurğulanıb ki, Azərbaycandakı bütün siyasi partiyalar Dağlıq Qarabağ məsələsində yekdil mövqedədirlər, bu məsələdə iqtidarla müxalifət arasında fikir ayrılığı yoxdur.

Görüşdə Monitorinq Komitəsinin həmməruzəçisi Pedro Aqramunt Font de Moranı maraqlandıran suallara aydınlıq gətirilib.