“Hamımız Xocalıyıq” şüarı altında Taksim meydanında yürüş keçiriləcək
31 Yanvar 2012 18:12 (UTC+04:00)
Xocalı Soyqırımının 20-ci il dönümü ilə əlaqədar olaraq fevralın 26-da İstanbulun Taksim meydanında "Hamımız Xocalıyıq" şüarı altında yürüş keçirilməsi nəzərdə tutulur. Millət vəkili Qənirə Paşayevanın SİA-ya verdiyi məlumata görə, hazırda yürüşün keçirilməsinə icazə verilməsi ilə bağlı Türkiyənin Azərbaycandakı səfiri Hulisi Kılıcdan yardım istənilib. Səfir isə öz növbəsində təklifə müsbət cavab verib. "Xocalı soyqırımı bütün Türk dünyasının faciəsidir. Biz bu yürüşü keçirməklə bütün dünyaya hər zaman bir olduğumuzu bir daha göstərə bilərik. Mən inanıram ki, Türkiyə-Azərbaycan dövlətləri hər zaman bir yerdə olub, bundan sonra da qardaş olaraq qalacaq. Bu münasibətləri heç kim poza bilməz. Baxmayaraq ki, ara-sıra bu munasibətlərə kölgə salmaq istəyənlər tapılıb. Lakin, bütün bunlara baxmayaraq biz hər zaman bir millət, iki dövlət olaraq qalacağıq.