Azərbaycan və Türkiyə hər zaman bir-birinə dəstək olub - TƏHLİL

31 Yanvar 2012 16:57 (UTC+04:00)

Fransa Senatı tərəfindən qondarma \"erməni soyqırımı\"nın inkarına görə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun qəbul edilməsi Türkiyədə olduğu kimi, Azərbaycanda da böyük narazılıqla qarşılanıb. Türkiyəyə qarşı atılan bu addım dolayısı ilə Azərbaycana da istiqamətlənib.

İki millət vahid mövqedən çıxış edir

Azərbaycanda hər bir kəs yaxşı dərk edir ki, bu məqamda Azərbaycan və Türkiyə bir yerdə olmalıdır. Bu gün isə, iki millət vahid bir mövqedən çıxış edir, istər geosiyasi, istərsə də geoiqtisadi məkandan vahid nöqtəyə zərbə vurur. Çünki Azərbaycanın tarixi taleyində, milli varlığında və mənəviyyatında Türkiyənin önəmli bir yeri var. Biz elə bir xalqın övladlarıyıq ki, tarixdə çox az xalq bizim keçdiyimiz əzəmətli yolu keçib. Azərbaycan özünün geostrateji mövqeyinə görə tarix boyu bir çox böyük dövlətlərin maraqlarının toqquşduğu siyasət və döyüş meydanına çevrilib. Hər dəfə başı darda olan Azərbaycana qardaş Türkiyədən yardım əli uzanıb. Xalqımızın ümummilli lideri Heydər Əliyev bəyan edirdi ki, "dəfələrlə dediyimiz "biz bir millət, iki dövlətik" sözləri hər bir azərbaycanlının qulağında səslənməlidir. Azərbaycan müstəqilliyə çatdığı anda, dərhal onu ilk tanıyan Türkiyə, ilk səfir göndərən, ilk səfirlik açan da məhz Türkiyə olub. Bu gün isə iki qardaş ölkə arasındakı siyasi, iqtisadi, mədəni, strateji tərəfdaşlıq əlaqələrinin genişləndiyini görən erməni lobbisi, antitürk qüvvələr araya nifaq salmaq, iki qardaş xalq arasında münasibətləri zəiflətməyə çalışırlar.

Pis niyyətli insanlar bizə aid deyil

Türkiyənin bəzi KİV-ləri ədalətsiz mövqedən çıxış edərək, Azərbaycanın bu məsələ ilə bağlı göstərdiyi reaksiyasını kiçiltməyə cəhd edir və Azərbaycanı ciddi bir reaksiya verməməkdə günahlandırır.

Türkiyənin Azərbaycandakı səfir Hulusi Kılıçın dediyi kimi: \"Son zamanlar sanki ermənilərlə fransızlar kənarda qalıb, digər qüvvələr Azərbaycanla Türkiyənin arasını vurmaq istəyirlər. Bu, onlar üçün utandırıcıdır. Pis niyyətli insanlar bizə aid deyil, çünki onlar başqalarının göstərişi ilə iki ölkə arasındakı münasibətlərə xələl gətirmək istəyirlər \".

Halbuki qanun layihəsinə elə ilk olaraq Azərbaycanın Prezident Administrasiyası başda olmaqla, Milli Məclis, ictimai təşkilatlar, vətəndaş cəmiyyətinin bütün sektorları, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri belə, kəskin etirazlarını bildiriblər. Bu etirazlar bu gün də belə davam edir.

İki qardaş ölkənin strateji müttəfiqliyini heç bir qüvvə sarsıda bilməz

Maraqlı məqam isə ondan ibarətdir ki, Türkiyədə "Həpimiz erməniyiz, həpimiz Hrantız" şüarı ilə keçirilən nümayişlər, qardaş ölkənin mətbuatında Azərbaycana qarşı əsassız ittihamlar, bu zərərli xətt Azərbaycanda bəzi siyasi qüvvələr və qəzetlər tərəfindən dəstəklənir.

Unutmaq lazım deyil ki, Türkiyədə kifayət qədər erməni yaşayır. Bundan başqa, Türkiyədə ermənilərə dəstək verən və müxtəlif adlarla pərdələnən qüvvələr də fəaliyyət göstərir. Həmin qüvvələr isə bu məsələni qızışdırmağa, dövlətlərimiz arasındakı münasibətlərə xələl gətirməyə çalışırlar.

Erməni lobbisi kimi Azərbaycanda da bəzi siyasi qüvvələr və qəzetlər Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında maraqlı deyil. İki ölkə arasındakı münasibətlərin yüksələn xətlə inkişafında maraqlı olmayan qüvvələr və dairələr mövcuddur ki, bu sırada da ilk növbədə erməni lobbisinin dəstək verdiyi güclərin maliyyə dəstəyi ilə fəaliyyət göstərən "Azadlıq" qəzeti diqqəti xüsusi cəlb edir. Bu qəzetdə dərc olunan yazılarla tanış olduqdan sonra onun kimə və nəyə xidmət etdiyini təxmin etmək o qədər də çətin olmur. Hətta "Azadlıq" bunu nəinki gizlətmir, hətta Azərbaycan əleyhinə qərəzli fəaliyyəti ilə bu əlaqələrin inkişafına mane olmağa çalışır.

Lakin Erməni lobbisinin və Ermənistanın havadarlarının ciddi cəhdlərinə baxmayaraq, iki qardaş ölkənin strateji müttəfiqliyini heç bir qüvvə sarsıda bilməz.

Tarix göstərir ki, xalqlarımız və cəmiyyətimiz hər zaman eyni mövqedən çıxış edərək bir-birinə dəstək olublar. Azərbaycan torpaqlarının işğalına etiraz olaraq Türkiyənin Ermənistan ilə sərhədləri bağlaması da xalqlarımız arasında olan birliyin bariz nümunəsidir.

Azərbaycan Türkiyənin yanında olub, bundan sonra da olacaq

Bütün dövrlərdə olduğu kimi, anti-Türkiyə, anti-Azərbaycan qüvvələrin budəfki cəhdləri də iflasa uğrayacaq. Türkiyə mətbuatında zaman-zaman ölkələr arasında münasibətlərə kölgə salmaq niyyəti ilə dərc olunan yazılara münasibət bildirən Milli Məclisin sədr müavini Bahar Muradova iki ölkə arasında münasibətlərin bu gün də yüksək səviyyədə olduğunudeyib: "Biz Türkiyəyə qarşı yönəlmiş bütün addımları Azərbaycana qarşı yönəlmiş addım hesab edirik. Düşünürük ki, Türk dünyası bir yerdə olanda qarşıya qoyulan hədəfə çatmaq mümkün olur. İki ölkənin birgə fəaliyyəti bəzi dairələri qane etmir, bu səbəbdən də belə yazılar ortaya çıxır. Milli Məclis olaraq əlimizdən gələni etdik ki, Fransa parlamentində yalançı "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasına dair qanun qəbul olunmasın. Amma təəssüf ki, qanun həm aşağı palatada, həm də Senatda qəbul olundu." Sədr müavini bəyan edib ki, Azərbaycan Türkiyənin yanında olub, bundan sonra da olacaq. Bunu təftiş edənlərə demək istəyirik ki, özlərini yormasınlar. Bundan sonra da belə olacaq.