Türkiyə mətbuatından maraqlı bir məqalə oxudum. Müəllif yazısına hamımızın lap uşaqlıq illərimizdən dərslik kitablarından oxuduğumuz bir məsəllə başlayır: Çayın yuxarı hissəsindən su içən canavar aşağıdakı quzudan "sən niyə mənim suyumu bulandırdın?" deyə hirslə soruşur. Canavar quzunu yeməyi qarşısına məqsəd qoyub, amma çatışmayan bircə bəhanədir…
"Bu torpaqları ən az, uğruna canımı verərəm deyənlər qədər sevən… Bu ölkəyə ən vətənpərvərdən daha çox sadiq olan Hrant Dinkin qətlinə fərman verilmiş bir dəfə. Onun \"Türkdən boşalacaq o zəhərli qanın yerini dolduracaq təmiz qan, erməninin Ermənistanla quracağı zadəgan damarda mövcuddur\" cümləsi bəhanə. Bu cümləni, yazının hamısını oxuduğunuzda Türkün təhqir olunduğunu düşünəcəksiniz. Halbuki, burada bir məcaz var və bir azdan izah edəcəyim kimi, zəhərli qandan nəzərdə tutulan Türk deyil, diasporun hər erməni uşağa anadan olandan peyvənd etdiyi türk düşmənliyidir".
Dırnaq arasında olan bu fikir də həmin məqalədən götürülüb. Türk yazar erməni Hrand Dinkin öldürülməsinə ürək yanğısı ilə yanaşmaqdan savayı, onun türk xalqının "zəhərli qanı" ifadəsini də elə ustalıqla malalamağa cəhd edir ki, sanki bunu bir erməni başqa bir erməni haqda yazır. Amma "üzrü günahından böyük günah" işlədir. Bəli, Türkiyədə belə "tolerant" müxbirlər itə atılacaq qədərdir.
Mənim üçün çox maraqlı bir məqam var. Ermənilər tarixin müxtəlif dönəmlərində, erməninin türklə qonşuluğunun başlandığı vaxtdan bəri türkün qanına susayıb. Qurdun bəhanəsi kimi, əlinə düşən fürsəti heç vaxt əldən verməyib. İmkan düşən kimi insanlarımızı qətlə yetirib, torpaqlarımızı ələ keçiriblər. Bir sözlə türklərin başına tarixin ən böyük müsibətlərini açıblar. Bizim buna reaksiyamız isə, demək olar ki, ermənilərin əməllərinin qarşılığında heç nə. \"Hay\"lara tutarlı cavab vermək əvəzinə tarixdə olmayan, baş verməsi sual doğuran uydurma soyqırımlarda iştirak etmədiyimizin sübutu ilə məşğul olmuşuq. Ermənilərin bizim başımıza açdıqları müsibətləri, soyqırımlarını ya kimsəyə deyə bilməmişik, ya da kimsə bizə qulaq asmayıb. Eyni zamanda bunu "soyqırımına soyqırımı cavabı" kimi yozublar. Bəli, başımıza gələnlərin kimlər tərəfindənsə eşidilməsini istəyirdiksə, öncə bunu kimlərəsə anlatmalı idik, erməninin işə başlamasını gözləməli deyildik, \"vur vurum siyasəti\"ndən əl çəkib ilk addımı biz atmalı idik. 50-60-70 il bundan əvvəl ermənilərin iç üzünü açmaq missiyasını yerinə yetirsəydik bu gün dünyanın çox ölkəsi qondarma erməni soyqırımını yorğan altında belə dilinə gətirməzdi. Əgər ötən əsrin əvvəllərində ermənilərin Azərbaycanda törətdiklərini zamanında bütün dünyaya yaysaydıq, erməni vəhşiliyindən bütün dünya vaxtında xəbər tutsaydı, indi bizi daha tez eşidər, anlayardılar. İstər Cümhuriyyət dövründə, istər Sovet hakimiyyəti illərində, istərsə də müstəqillik illərində azərbaycanlıların soyqırımı məsələsinin təbliğində, hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında gecikmişdik. Nə yaxşı ki, Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gəldi. Məhz o Böyük insanın səyi nəticəsində azərbaycanlıların soyqırımına məruz qalması faktı öz qiymətini aldı. Bəziləri çıxıb deyə bilər ki, müstəqillik dövründə soyqırımı məsələsi daim diqqət mərkəzində olub, erməni vandalizmi haqqında məlumatlar lazımi yerlərə çatdırılıb və s. və ilaxır. Yox qardaşım, ötən əsrin sonlarında baş verən hadisələrin canlı şahidi kimi deyə bilərəm ki, nəinki əsrin əvvəllərində baş verən, hətta 1992-ci ilin fevral ayında baş verən Xocalı soyqırımı Ayaz Mütəllibov hakimiyyəti tərəfindən öz xalqından gizlədildi. Hələ başqa xalqları, ölkələri demirəm. Bu faciəni zamanında dünyaya çatdıra bildikmi? Yox.
Hazırda Ankara Qazi Universitetində çalışan professor Əflatun Nemətzadənin Xocalı soyqırımının səhəri günü İranın paytaxtı Tehranda keçirilən toplantıda başına gələnlər yuxarıda dediklərimizə əyani sübut ola bilər. Ə.Nemətzadə deyir ki, toplantıda ingilis, fransız, rus yox, dini bir, dili bir cənublu azərbaycanlılar əyləşmişdilər. Xocalıda baş verənlər haqqında əlimizdə olan faktları, sübut-dəlilləri ortaya qoyduq, kövrələ-kövrələ başımıza gələnləri danışdıq və əlbəttə onlara hansı düşmənlə üz-üzə qaldığımızı anlatmağa çalışdıq. İclasa qatılanların sükutunu deyəsən, səhv istiqamətə yozduq. Bizə xeyli qulaq asandan sonra üləmalı birisi ayağa qalxıb bizə nə desə yaxşıdır: "Sizə qulaq asdıq, biz bir millətik, bir dinimiz var. Amma insanlarla belə davranmaq müsəlmana yaraşmaz, dinimiz buna yol vermir". Bunu deyib əlindəki fotoşəkilləri bizə uzatdı və: "Ermənilər də insandır, müharibə olanda nə olar? İnsanın başına belə iş aşmazlar". Şəkillər Xocalıda çəkilmişdi. Qadın, uşaq, qoca – bir sözlə xocalılıların qətliamını əks etdirən şəkillər. Bunu azərbaycanlı soydaşlarımız ermənilərin qətliamı kimi təqdim edirdilər. Az qala hayqırdıq, bağırdıq ki, ey insanlar, bu şəkillər ermənilərin yox, Xocalıda öldürülən canı bir, qanı bir azərbaycanlılarındır. Amma farslar demişkən çifayda, soydaşlarımız bizə inanmadılar.
Budur yubanmağımızın bəlası, ermənilər bizdən bir addım irəlidə oldular, hətta azərbaycanlıların meyidlərini öz adlarına çıxdılar. Bizə isə onu inkar etmək qaldı. Özümüzünküləri inandıra bilmədikcə, ingilisi, franslzl, rusu necə inandımaq olar?
Türkiyədə elə bilirsiniz, bu məsələ ilə bağlı hər şey normaldır? Yox. Türkiyə müstəqilliyini 90-100 ildir ki, əldə edib. Tarixdən də məlumdur ki, I Dünya savaşına cəlb edilmiş Osmanlı İmperiyasının içərisində erməni qiyamları başlamışdı. İmperiya ordusundan bütün ermənilər qaçmışdı. Arxa cəbhədə "Böyük Ermənistan" yaratmaq kimi təhlükəli oyuna girmişdilər. Ordusuz, müdafiəsiz qalan şəhər və kəndlər talanır, insanları öldürülür, evləri yandırılırdı. Qısa müddət ərzində Anadolu ermənilərin viran, türksüz qoyduğu bir məmləkətə çevrilmişdi. Azğınlaşmış erməni quldur dəstələri "dənizdən dənizə" xülyasını gerçəkləşdirmək üçün üzünü şərqə - tarixi Azərbaycan torpaqlarına tutdular, yolları üstə olan şəhər və kəndləri məhv etdilər, viranə qoydular. Bu, tarixi faktlardır ki, sizə ərz etdik.
Biz bu tarixi bütün iclas salonlarında, məhkəmə zallarında demək əvəzinə ermənilərin reaksiyasını gözlədik, onların guya soyqırımına məruz qaldıqları haqda cəfəng iddialarının bütün dünyaya yayılmasını gözlədik, dünya parlamentlərində qondarma erməni soyqırımının qəbul olunmasını seyr etdik, nəticədə bu "fakt"ı inkar edənlərin cəzalandırılacağı ilə bağlı hədələri də eşitdik. Sonra nələrin şahidi olacağıq, deyə bilmərəm. Amma bir məsələ bəllidir ki, ermənilərin nazına dözən və onlara dəstək olan güclərin qarşısında acizlik nümayiş etdirsək başımıza çox işlər gələcək. Dünya həqiqəti bilməlidir.
Amma qanımızda olan mülayimlik, unutqanlıq, tez bağışlamaq mərəzi, başqasının yalançı məzlum görkəminə şək-şübhə etmədən inanmaq kimi xəstəliyimiz özümüzə imkan verməyib ki, erməni yalanıarına soyuq başla reaksiya verək. Ermənilərin içində gizlənmiş xəbisliyi, yalançı göz yaşlarını üzə çıxaraq və onların hansı dinə-məzhəbə qulluq etdiklərini ifşa edək. Bu, etiraf edək ki, bizdə çatışmayıb. Ötən əsrin əvvəllərində ermənilər Anadoludan Xəzər dənizinədək, Cənubi Azərbaycandan Dəmirqapı Dərbəndədək qarşılarına keçəni qılıncdan keçirəndə, kəndləri, şəhərləri viran qoyanda, qoca-uşaq, yaşlı-cavan demədən hamısını gülləyə tutanda, süngüsü, gülləsi yetməyəndə isə bütün eli-obanı yurdundan-yuvasından perik salanda da onlara qarşı cavab reaksiyamız lazımi səviyyədə olmayıb. Sovet hakimiyyətinin son illərinədək ermənilərlə olan ədavətimizi unudub onlarla hətta kirvə də olmuşduq, amma ermənilər ötən 70 ildə dəyişməmişdilər, düşmənçiliklərini sürdürürdülər, məqam tapan kimi xəncəri kürəyimizə saplayırdılar. "Hayes, turkes?" sualını verməklə bizim Türkiyədə yaşayan türklərlə eyni millətdən olduğumuza işarə vururdular və bunun "nəticəsini" də özümüzdə hiss edirdik. Azərbaycanlıların az bir qismi "erməni soyqırımı" haqda məlumatlı olsa da, Ermənistanda yaşayan erməninin qocasından tutmuş bələkdəki körpəsinə qədər hamısı bu qondarma hadisənin yasını tuturdu. Sovet hakimiyyəti bizə "erməni soyqırımı"nın olub-olmaması barədə fikirləşməyə belə icazə vermədiyi halda ermənilərə geniş imkanlar yaradırdılar. Biz isə ən yaxşı halda bunun fərqinə varmırdıq.
Qayıdıram türk yazarın erməni həmkarı Hrant Dink haqqında söylədiyi ağıya. Müəllif Türkiyədə erməni dığasının öldürülməsindən sonra küçələrə çıxıb "hepimiz Hrantıq, hepimiz ermeniyik" deyənlərin bu fikrə nədən düşdüklərinə haqq qazandırmağa çalışır. Ancaq bilməmiş deyil ki, yuxarıda söylədiyim kimi, özümüzə zəhmət verib hadisələrin bir addım önündə getmək istəmirik. Ermənilər Hrant Dink ölməmişdən onun ölümündən sonrakı hadisələrin ssenarisini cızmışdılar. "Hepimiz Hrantıq, hepimiz ermeniyik" şüarını da Hrantın qulağına hələ o ölməmişdən əvvəl pıçıldamışdılar.
Türk yazardan soruşmaq lazımdır, ermənilər türk diplomatlarını, Anadoluda sivil insanları, Xocalıda divan tutduqları uşaq, qoca, qız-gəlini süngüdən keçirəndən sonra İrəvanda, İstanbulda, Los Ancelesdə, Parisdə küçələrə çıxıb "biz Məmmədik, Əhmədik" dedilərmi? Yox, heç nə demədilər, bu azmış kimi başımıza açdıqları oyunları da ayaşımıza yazdılar. Adını çəkmədiyim, lakin Türkiyənin "Sabah" qəzetinin köşə yazarı olan arkadaşıma demək istəyirəm ki, yalançı canıyananlıq yetər, dədənin, babanın başına gələnləri unutma.