Azərbaycan Dünya İqtisadi Forumunda uğurla təmsil olundu - TƏHLİL

30 Yanvar 2012 16:50 (UTC+04:00)

İsveçrənin Davos şəhərində yanvarın 25-dən start götürən 42-ci Dünya İqtisadi Forumu yanvarın 29-da öz işinə yekun vurdu. "Böyük transformasiya: yeni modellərin formalaşması" devizi altında keçirilən Forumun əsas mövzusu uzun müddət davam edən qlobal iqtisadi böhran şəraitində yeni iqtisadi modellərin axtarışı olub. Əsasən artım və məşğulluq modelləri, liderlik və innovasiya modelləri, sabitlik və ehtiyatlar modelləri, sosial və texnoloji modellər, iqtisadi böhran şəraitində risklərin azaldılması və idarə olunması məsələləri müzakirə edildi.

Azərbaycan iqtisadiyyatın rəqabətədavamlılığına görə MDB-də birinci yerdə qərarlaşır

Azərbaycan bu dəfə də Dünya İqtisadi Forumunda uğurla təmsil olundu. Bunu dünyanın iqtisadi güc mərkəzlərinin Forumda iştirak edən nümayəndələrinin Azərbaycan hökuməti adından verilən naharda iştirakı da təsdiqlədi. Diqqəti cəlb edən əsas məqam isə ölkəmizin dünya birliyindəki yerinə və roluna verilən önəm idi.

Tədbirdə son illərdə Azərbaycanın keçdiyi inkişaf yolu, reallaşdırılan uğurlu layihələr, əhalinin sosial rifahının yaxşılaşdırılmasından bəhs edən film nümayiş olundu, incəsənət ustalarımız maraqlı konsert proqramı ilə çıxış etdilər. Bütün bunlar Azərbaycanın zəngin mədəniyyətinin dünyada təbliği baxımından mühüm hadisədir.

Davosda Azərbaycana həsr olunan interaktiv sessiyada çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib ki, biz artıq özümüzü çox gözəl sərmayə mühiti olan ölkə kimi tanıtmışıq: "Azərbaycana birbaşa xarici sərmayə axını hər hansı MDB ölkəsindən daha yüksəkdir. İqtisadiyyatın rəqabətədavamlılığı da artmaqdadır. Davos İqtisadi Forumunun reytinqinə əsasən, Azərbaycan iqtisadiyyatın rəqabətədavamlılığına görə 55-ci, MDB-də isə birinci yerdə qərarlaşır. Bu, bizim üçün çox mühüm nailiyyətdir. Belə ki, bu, bizim apardığımız şaxələndirmə siyasətinin artıq bəhrə verdiyini sübut edir".

Azərbaycan iqtisadiyyatında çoxşaxəlilik müzakirə mövzusu olub

Bütün sahələr üzrə dinamik inkişaf yoluna qədəm qoyan Azərbaycan həm də dünyanın və Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan və regionda əsas söz sahibi olan ölkədir. Bu baxımdan Prezident İlham Əliyevin hər il keçirilən Davos İqtisadi Forumunda iştirakı dünyanın siyasi elitasının, nəhəng biznes strukturlarının və nüfuzlu KİV-lərin diqqət mərkəzində olur.Bu isə ondan xəbər verir ki, Avropa siyasətçiləri, dövlət rəhbərləri, iqtisadçılar bir çox məsələlər barədə Azərbaycanın mövqeyini öyrənməyə ehtiyac duyurlar.

Davosda Azərbaycana həsr olunan interaktiv sessiyanın aparıcısı, Davos Forumunun icraçı direktoru Börge Brend çıxışı zamanı ölkəmizin davamlı inkişaf yolunda olduğunu bildirib. Azərbaycanın coğrafi baxımdan strateji mövqedə yerləşdiyini qeyd edən Börge Brend dünyada maliyyə böhranının mövcud olduğu bir dövrdə ölkəmizin qeyri-neft sektorunda 9 faiz iqtisadi artıma nail olduğunun əhəmiyyətini vurğulayıb və bu tədbirdə Azərbaycan iqtisadiyyatının çoxşaxəliliyin müzakirə mövzusu olacağını deyib.

Börge Brend Azərbaycanda neft sektoru ilə bərabər qeyri-neft sektorunun da sürətlə inkişaf etdiyini bildirib. Davos Forumunun icraçı direktoru Azərbaycanın perspektivləri, regiondakı rolu, ölkəyə qoyulan investisiyalarla bağlı dövlətimizin başçısı İlham Əliyevin fikirlərinin böyük maraq doğurduğunu da vurğulayıb.

Diqqət çəkən məqamlardan biri də Dünya İqtisadi Forumuna qatılan ölkələrin Azərbaycanın dünyanın iqtisadi sistemindəki rolunu yüksək qiymətləndirməsi idi. Azərbaycanın malik olduğu potensial, iqtisadi inkişafına görə dünyada lider olan ölkəmizin zəngin enerji resursları Forumun diqqət verdiyi əsas məsələlərdən biri oldu. Bütün bunları şərtləndirən amil isə Dünya İqtisadi Forumunun mühüm siyasi-iqtisadi gücə malik olan Azərbaycanın beynəlxalq birlikdəki mövqeyinə kifayət qədər ciddi münasibət bəsləməsidir.

Uğurlar doğrudan da heyranedicidir

Davosda Azərbaycana həsr olunan interaktiv sessiyada dövlət başçısı İlham Əliyev regional və beynəlxalq məsələlərin hazırkı vəziyyəti, neftdən gələn gəlirlərin insan kapitalına yönəldilməsi, gənclərin xarici ölkələrdə təhsili, onların peşə hazırlığı, Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları ilə bağlı ona ünvanlanan suallara aydınlıq gətirib.

Ölkənin son bir neçə ildə iqtisadi inkişaf göstəricilərinə diqqət çəkən Prezident İlham Əliyev uğurların doğrudan da heyranedici olduğunu deyib: "2004-cü ildən etibarən bu, 300 faiz təşkil edib. Əlbəttə, biz anlayırıq ki, bu artımın ən böyük hissəsi neft və qaz sektorunun payına düşür. Bu da 20 ildir müstəqil yaşayan bir ölkə üçün təbii haldır.

Hər bir ölkə, xüsusən də keçid dövrünü yaşayan ölkə bütün resurslarından, təbii sərvətlərindən istifadə etməlidir ki, güclü iqtisadiyyat qursun. Bu, bizim məqsədimiz və siyasətimiz idi. Çoxmilyardlı iri sərmayələrin neft və qaz sektoruna cəlb edilməsi bizə iqtisadiyyatımızı şaxələndirməyə kömək edir. İndi biz qarşımızda yeni məqsəd qoymuşuq. Məqsəd artıq üç dəfə artmış ümumi daxili məhsulu yenidən ikiqat artırmaqdır. Lakin iqtisadiyyatı əsasən qeyri-enerji sektorunun inkişaf etdirilməsi hesabına ikiqat artırmaq istəyirik".

Budəfəki forumun nəticəsi də təsdiqlədi ki, Azərbaycanın dünyada artan nüfuzu və etibarlı tərəfdaş olması iqtisadi güclər, böyük şirkətlər tərəfindən qəbul olunur və dövlət başçısının ümumdünya miqyaslı müzakirələrdə fikirləri, təklifləri müstəsna əhəmiyyəti ilə fərqlənir. Davos İqtisadi Forumunun builki gedişatı, dünyanın aparıcı siyasi liderlərinin, həmçinin şirkət rəhbərlərinin Azərbaycanın dövlət başçısı ilə görüşlər keçirməsi və ikitərəfli əməkdaşlıq barəsində müzakirələr aparması, bir daha təsdiqlədi ki, ölkəmiz artıq aparıcı dövlətlər sırasına qoşulur və Azərbaycan artıq beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınır və qəbul edilir.