Medvedyevin uğursuz onuncu cəhdi - TƏHLİL

27 Yanvar 2012 16:32 (UTC+04:00)

Yanvarın 23-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş üçtərəfli görüşü başa çatdıqdan sonra prezidentlər bəyan ediblər ki, intensiv danışıqlar nəticəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin razılaşdırılması istiqamətində irəliləyiş əldə olunub. Sülh sazişi hazırlanmasına keçidin mühümlüyünü nəzərə alan Azərbaycan və Ermənistan prezidentləri bu günə kimi görülmüş işlər nəzərə alınmaqla əsas prinsiplər üzrə razılaşmaların əldə olunması prosesini sürətləndirməyə hazır olduqlarını bildiriblər.

Prezidentlər təsdiqləyiblər ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün əsas vasitələrdən biri tərəflər arasında humanitar əlaqələrin inkişafıdır. Bununla əlaqədar Azərbaycan və Ermənistan prezidentləri ziyalılar, elmi və ictimai dairələrin təmsilçiləri arasında dialoqun inkişaf etdirilməsinə dəstək verməyə hazır olduqlarını söyləyiblər.


Qarabağ məsələsi Ermənistan əhalisini narahat etmir


Görüşdə verilən bəyanat müəyyən mənada müsbət çalarları özündə əks etdirsə də qarşı tərəfin bəyanatda razılaşdırılmış məqamlara sonradan əməl edəcəyi şübhə doğurur. Çünki dəfələrlə Ermənistan əvvəlki görüşdə təklif olunan və razılaşdırılmış məqamlara sonradan əməl etməyib.

Ziyalıların, ictimai xadimlərin görüşünün təşkili edilməsi münaqişənin həllində o qədər də əhəmiyyətli rol oynamasa da, bu təşəbbüs yardımçı xarakter daşıyır. Azərbaycan tərəfi dəfələrlə icmaların dialoqunun yaradılması təşəbbüsü ilə çıxış etsə də, ermənilər görüşdən boyun qaçırıb. 2011-ci ilin sonunda da ermənilər icmaların Berlində təşkil edilmiş görüşünə qatılmadılar. Bir sözlə bütün səylərə baxmayaraq ermənilər görüşdən qaçırlar, imtina edirlər, iştirak etmək istəmirlər.

Beynəlxalq qanunlarda isə konkret qeyd olunub ki, icmalar öz aralarında söhbətlər apararaq gələcəkdə bir yerdə yaşamaqla bağlı məsələləri müzakirə edə bilərlər. Buna isə Ermənistandakı siyasi rəhbərlik, onların arxasında dayanan havadarları imkan vermirlər.

Ümumiyyətlə, Dağlıq Qarabağ məsələsi Ermənistanda əhalini narahat edən əsas problem deyil. Bunu Ermənistan hökumətinin keçirdiyi sosioloji sorğu zamanı üzə çıxan faktlar da təsdiqləyib. Ölkə əhalisi üçün Qarabağ ən axırıncı məsələdir. Rəyi soruşulanların böyük hissəsini narahat edən əsas problem Ermənistanı bürüyən işsizlik və kasıblıqdır. "Regnum" agentliyinin xəbərinə görə, hətta Fransanın böyük canfəşanlıqla senatda qəbul etdiyi "erməni soyqırımı" məsələsini rəyi soruşulanların cəmi 1 faizi aktual sayıb. Yerli analitiklərə görə, Ermənistan hökumətinin keçirdiyi rəy sorğusunun nəticələri bu ölkənin işğalçılıq siyasətinin və Qarabağ probleminin həllini indiyədək uzatmasının ölkə əhalisinin mənafelərinə uyğun olmadığını göstərir.


Medvedyevin sonuncu böyük şansı


Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçi bəyanatının real nəticələri Rusiya prezidenti Dmitri Medvedyevin növbəti təşəbbüsünün uğursuzluğunu bir daha göstərdi. Soçi görüşündə ciddi irəliləyiş olmadı. Hərçənd ki, bu, D.Medvedyevin təşəbbüsü ilə 4 il müddətində eyni formatda keçirilən 10-cu görüş idi. Yerli analitiklərin fikrincə, yaxın gələcəkdə öz postunu tərk edəcək prezident Dmitri Medvedyevin təşəbbüsü ilə keçirilən görüşdən ciddi nəticə gözləmək çətin idi. Əgər onun səyləri effektiv olsaydı 4 il müddətində özünü göstərərdi. Rusiya həqiqətən münaqişənin nizamlanmasını istəsəydi, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi məqsədilə Ermənistana təzyiq göstərərdi. Amma təəssüf ki, görüşün sonunda yalnız birgə bəyanat qəbul olundu ki, bu da indiyə qədər olan müzakirələr və əldə olunan nəticələrdən geniş bir şey deyil.

Rusiyalı ekspertlər isə danışıqlar prosesindəki vəziyyəti təhlil edərək bildirir ki, nəticə əldə edilməsi həm münaqişə tərəflərinə, həm Moskvaya lazımdır. Çünki qarşıda hər üç ölkədə seçkilər mövsümü gəlir. Rusiya prezidentinin Qarabağ münaqişəsinin nizamlanmasına dair səyləri səmimi görünür. Çünki bu münaqişənin həlli Rusiyanın milli maraqlarına uyğundur. Bu vasitəçilik Medvedyevin dünya siyasətinə onun Rusiya kimi nəhəngin müstəqil fəaliyyət göstərmək gücündə olan prezidenti kimi təqdim etmək üçün sonuncu böyük şansıdır. O öz prezidentliyi dövründə çox şeylər etmək istəyib, bəzilərini edə bilib, bəzilərini yox. İndiki halda heç bir Putin, heç bir güc strukturu təmsilçiləri onun Qarabağ dair səylərinə mane olmamalıdır. Çünki Azərbaycan və Ermənistanın anlaşma əldə etməsi Rusiyanın maraqlarına uyğundur.


Münaqişənin dondurulmuş vəziyyətdə saxlanılması kimin xeyrinə işləyir?


Xarici ekspertlər isə Rusiyanın heç də münaqişənin həlli üçün bitərəf vasitəçi olmadığını deyirlər. Onların fikrincə, problem ondan ibarətdir ki, ABŞ diplomatik mənada regional inkişaf və təhlükəsizlik məsələlərini ruslara ötürüb. Rusiya isə nəinki diplomatik rol oynayır, həm də erməniləri və azərbaycanlıları silahlarla təmin edir. Moskvanın tərəfləri silahla təmin edərək bitərəf vasitəçi olması mümkün deyil. İsrailli politoloq Aviqdor Eskin də Rusiyanın vasitəçilik missiyasının problemin həllinə yönəldiyinə şübhə edir. Onun fikrincə, Rusiya Qarabağa dair yeni təkliflərlə çıxış etməklə Ermənistanla Azərbaycanı sülhə yaxınlaşdırmaq yox, mövcud status-kvonu saxlamaq istəyir. A.Eskinə görə, Azərbaycanın hərbi və iqtisadi gücünün artması Qarabağda mümkün müharibə zamanı ona üstünlük vəd edir. Rusiya, ABŞ və Fransa isə münaqişənin yenidən alovlanmasının region üçün təsirlərini nəzərə alaraq sakitləşdirici tədbirlər həyata keçirir.

Münaqişənin dondurulmuş vəziyyətdə saxlanılması isə heç bir tərəfin xeyrinə işləmir. Ermənistan indiki durumdan ümumiyyətlə, heç nə qazanmır. İrəvan qeyri-konstruktiv mövqeyinə görə, hamıdan iqtisadi-siyasi əhəmiyyəti olan beynəlxalq layihələrdən təcrid olunub və Qərb üçün başağrısına çevrilib. Onlar uduzurlar, çünki iqtisadiyyatları inkişaf etmir, tənəzzülə uğrayır. Azərbaycan isə torpağının 20 faizinin işğal olunmasına görə, hələ ki, məğlub vəziyyətdədir.