Fransanın qəbul etdiyi qanuna qınaqlar davam edir - TƏHLİL

25 Yanvar 2012 18:37 (UTC+04:00)

Bu günlərdə Fransanın uydurma "erməni soyqırımı"nın inkarına görə, cinayət məsuliyyəti nəzərdə tutanqanunun qəbulu ilə bağlı müzakirələr davam edir. Bu məsələyə ölkə daxilində olduğu kimi, beynəlxalq ictiamiyyətdə münasibət birmənalı deyil.

Fransada uydurma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun iki həftə ərzində qüvvəyə minəcək. Yelisey Sarayından bildirilib ki, prezident qanunu nəzərdə tutulduğu müddətdə, yəni yaxın iki həftə ərzində imzalayacaq.

Bu arada Fransa prezidenti Nikola Sarkozi Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana yeni məktub göndərib. Məktubda deyilir ki, Fransa Senatının qəbul etdiyi "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun hansısa ölkəyə qarşı yönəlməyib. Nikola Sarkozi Türkiyə hökumətinin başçısını ortaq mənafeləri nəzərə almağaümumi maraqlardan çıxış edərək hərəkət etməyəçağırıb.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının baş katibi Haluk İpək isə bildirib ki, Fransa Senatının \"erməni soyqırımı\"nı tanıması təkcə Türkiyəyə deyil, həm də Azərbaycana qarşı yönəlmiş aktdır. O hesab edir ki, Fransanın belə qanun qəbul etməyə haqqı yoxdur. Çünki tarixi faktlara əsasən ermənilər kimi kiçik Qafqaz xalqları hazırkı vəziyyətə məhz Osmanlı İmperiyasının himayəsi və müdafiəsi sayəsində çatıblar. SİTAT:Senatın qərarı hələ heç nə demək deyil. Belə ki, Fransada bu qanunu ləğv etmək üçün tədbirlər görən ağıllı senatorlar var. Türkiyə Fransaya qarşı əvvəl tətbiq etdiyi sanksiyalarla kifayətlənməyəcək. Biz başqa variantlara, o cümlədən hüquqi müqaviməti də nəzərdən keçiririk. Türkiyə Xocalı soyqırımının tanınması üçün əlindən gələn hər şeyi edəcək.

Türkiyənin Azərbaycandakı səfirliyi Fransa Senatının uydurma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması barədə qəbul etdiyi qərarla bağlı açıqlama yayıb. Açıqlamada deyilir: "İnkarçılığın Cəzalandırılmasına Dair Qanun"un Fransa Senatında qəbul edilməsi hüquqa, insan hüquqlarına, söz və fikir azaldığına, ayrıca, Fransanın daima özünü ən böyük müdafiəçisi olaraq təqdim etdiyi ümumbəşəri dəyərlərə tamamilə zidd olan bir addımdır: "Fransa tarixində bir qara ləkədir. Türk Dünyasının qəlbini sızladan bu qərarı şiddətlə qınayırıq. Fransız Siyasətçilər tarixçi rolunda çıxış etməklə və özlərini hakim bilərək Türk tarixini mühakimə etməklə öz hədlərini aşıblar. Bu qərar Türk Millətinə və tarixçilərə qarşı edilən bir hörmətsizlikdir. Bu qərar Fransanı geriyə, 1789-cu il Fransa İnqilabı öncəsinə atıb. Bəzi fransız senatorların seçkilərə hesablanan və bunun uğrunda özlərini "qapalı dairənin" içində həbs etdiklərini görməməsi təəssüf hissi doğurur. Azərbaycanın vəzifəli şəxslərinin və siyasətçilərinin də qeyd etdiyi kimi, Fransa rəhbərliyi, regionda sülhün bərqərar edilməsi üçün yeritdiyi vasitəçilik missiyasını layiqincə yerinə yetirə bilməyəcəyini bir daha nümayiş etdirib. Əsasən Fransa Hökumətinin öz səriştəsizliyini və tərəfgirliyini görüb öz istəyi ilə Minsk Qrupundan uzaqlaşması ən yaxşı çıxış olacaq".

Fransa Senatında qəbul edilən qondarma soyqırımını inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsinə etiraz etmək istəyən bir qrup senator Konstitusiya Məhkəməsinə müraciət edəcək. Bu məqsədlə senatorlar imzatoplama kampaniyasına başlayıblar. Senator Natali Qule məhkəməyə müraciət üçün lazım olan imzaları toplayacaqlarına ümid etdiklərini bildirib. Müraciət üçün 60 imzanın yaxın günlərdə tamamlanacağı qeyd edilir.

İqtidar partiyası olan Xalk Hərəkəti Birliyindən də (UMP) iki millət vəkili qanuna etiraz üçün imza kampaniyasına qatılacaqlarını açıqlayıblar. Parlament üzvlərindən başqa, Senatdakı ana müxalifətdəki Sosialist Partiyasının bir qrup senatoru başlayan kampaniyaya dəstək verməyə hazırlaşır.Fransa parlamentinin sədri Bernard Accoyer isə parlamentlərin tarixi məsələlərlə bağlı qanun qəbul etməsinin əleyhinə olduğunu desə də, imza kampaniyasına qatılmayacağını açıqlayıb.

Xatırladaq ki, qanun layihəsi Fransa parlamentinin hər iki palatasından keçib və onun qüvvəyə minməsi üçün Nikola Sarkozinin imzası tələb olunur. Qanun saxta "soyqırım"ı inkar edənlərin 1 il azadlıqdan məhrum edilməsini və 45 min avro miqdarında cərimələnməsini ehtiva edir.