Ramil Usubov: \"Cinayətlərin 83 faizinin açılması təmin edilib\"

24 Yanvar 2012 18:21 (UTC+04:00)

Azərbaycan Daxili İşlər Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda çıxış edən Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, Azərbaycan cinayətkarlıqla mübarizənin nəticələrinə görə 2011-ci ildə də MDB və Şərqi Avropa məkanında tutduğu öncül mövqeyi qoruyub saxlayıb.

Nazir qeyd edib ki, ötən il qeydə alınmış 22 min 982 cinayətin 90 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10 faizini ağır və xüsusilə ağır növlər təşkil edib. Cinayətkarlığın strukturunda və dinamikasında ciddi dəyişikliklər baş verməyib, əvvəlki illərdə qeydə alınan müsbət meyllər qorunub saxlanılıb. Ağır və xüsusilə ağır cinayətlər 6,5 faiz, o cümlədən qəsdən adam öldürmə və ona cəhdlər 2,2 faiz, quldurluqlar 11 faiz, hədə-qorxu ilə tələb etmələr 29,2 faiz azalıb, adamları girov götürmə və banditizm faktları qeydə alınmayıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətlərin 83 faizinin açılması təmin edilib. Prokurorluq orqanları ilə birgə, keçmiş illərdən bağlı qalmış 246, o cümlədən 51 ağır və xüsusilə ağır, habelə görülmüş təxirəsalınmaz və çevik tədbirlərlə 932 cinayət "isti izlərlə" açılıb.