Azərbaycan ordusu böyük imkanlara malikdir - TƏHLİL

23 Yanvar 2012 14:46 (UTC+04:00)

Güclü ordu elə güclü dövlət deməkdir. Bu gün sürətlə inkişaf edən Azərbaycanın silahlı qüvvələri də ölkənin bu inkişaf tempinə uyğun şəkildə formalaşır, daha da güclənir və qüdrətlənir. Azərbaycanın tarixən güclü ordu ənənələri olsa da, ötən əsrin sonlarında yenidən müstəqillik qazandıqdan sonra bu sahədə ciddi problemlərlə üzləşdik. Lakin ulu öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə yenidən hakimiyyətə qayıdışından sonra ordu quruculuğu sahəsində əsaslı dönüş yarandı, bu sahənin inkişafına böyük diqqət ayrıldı. Bu gün isə artıq Azərbaycan Silahlı Qüvvələri regionda aparıcı güc strukturuna çevrilib, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənib, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi formalaşıb. Atəşkəsi mütəmadi olaraq pozan düşmənə verilən layiqli cavablar deyilənlərə bariz nümunədir.

Ordu quruculuğu prosesinin dövlət rəhbəri səviyyəsində prioritet elan olunması ölkənin milli maraqlarının təmin edilməsi baxımından kifayət qədər önəmli əhəmiyyət daşıyır.

Biz bölgədə ən güclü orduya malikik

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bir daha bəyan edib ki, biz hərbi gücümüzü artırırıq və artıracağıq: "2010-cu ildə bu rəqəmləri mən dəqiq xatırlayıram, başqa rəqəmləri də xatırlayıram. Amma bu rəqəmləri yaddaşımda xüsusilə dəqiq saxlayıram – 2011-ci ildə hərbi məsələlərə 3 milyard 413 milyon dollar xərclənmişdir, 2012-ci ildə 3 milyard 474 milyon. Yəni, təxminən eyni rəqəmdir. İki ildə görün, biz ordu quruculuğuna nə qədər böyük vəsait sərf edirik. Əvvəlki dövrdəki vəsaiti də əlavə etsək, biz də görərik və hamı da görər ki, bu gün Azərbaycan ordusu böyük imkanlara malikdir. Biz bölgədə ən güclü orduya malikik, maddi-texniki təchizat yüksək səviyyədədir, ən müasir silahlar, texnikalar, döyüş helikopterləri, döyüş təyyarələri, raketlər, artilleriya qurğuları, - hamısını sadalamaq çətindir, - alınır və bizimlə hərbi sahədə əməkdaşlıq edən ölkələrin coğrafiyası da genişlənir".

Hər il və hər ay bizi qələbəyə yaxınlaşdırır

Gündən-günə güclənən Azərbaycan ordusunun müasir texnika ilə təminatı, tədrisin NATO standartları səviyyəsinə çatdırılması artıq öz bəhrəsini verir. Zaman-zaman Azərbaycan və Ermənistan ordularının müqayisəli təhlili aparılır. Hətta ötən il Böyük Britaniyadakı Beynəlxalq Araşdırmalar İnstitutu "Hərbi Balans 2011" adlı hesabatında göstərilən rəqəmlər də Azərbaycan ordusunun düşmən ordusu ilə müqayisədə böyük üstünlüklərə malik olduğunu və rəsmi Bakının torpaqları hərb yolu ilə azad etmək qüdrətində olduğu barədə bəyanatlarının konkret faktlara əsaslandığı təsdiq edir.

Hesabatda ilk öncə Azərbaycan və Ermənistanın Silahlı Qüvvələrə ayırdığı vəsaitin müqayisəli təhlili verilib. Bildirilib ki, Azərbaycan 2009-cu ildə hərbi büdcəyə 1 mlrd. 500 milyon, 2010-cu ildə 1 mlrd. 590 mln. 2011-ci ildə isə 3 mlrd. 200 milyon dollar vəsait ayırıb. Ermənistanda isə bu rəqəmlər müvafiq olaraq 401 mln., 434 mln. və 405 mln-dur. Bir sözlə, Ermənistan orduya ayırdığı vəsaitlə bağlı nəinki Azərbaycanla rəqabət apara bilmir, hətta bu vəsaiti azaltmağa vadar olub.

Nazirlər Kabinetinin iclasında ölkə Prezident çıxışı zamanı ordumuzun döyüş hazırlığına və maddi-texniki təminatı məsələsinə toxunaraq bildirib ki, bizim hərbi potensialımız daha da artmalıdır: "Biz indi hərbi xərcləri yüksək səviyyədə saxlayırıq. Müqayisə üçün deyə bilərəm ki, Ermənistanın ümumi xərcləri 2 milyard dollardır. Bizim hərbi xərclərimiz ondan təxminən 2 dəfə çoxdur. Yəni, bu, artıq reallıqdır. İllər keçdikcə bu fərq daha da artacaq, Azərbaycanın hərbi gücü artacaqdır. Hazırda imzalanmış kontraktların icrası nəticəsində indi demək istəmirəm, amma bizim döyüş qabiliyyətimiz əhəmiyyətli dərəcədə artacaqdır və məsələnin həlli üçün biz az itkilərlə daha da böyük uğurlar əldə edə bilərik. Ancaq yenə də deyirəm, Azərbaycan sülhsevər dövlətdir. Biz çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq onu da bilirik ki, hər il və hər ay bizi qələbəyə yaxınlaşdırır. Hər il və hər ay Azərbaycan daha da güclü, Ermənistan daha da gücsüz olur".

Biz əsl döyüş meydanından da onların qaçmalarını dəfələrlə görmüşük

Prezident İlham Əliyevin sərəncamı ilə 2005-ci ilin 16 dekabrında yaradılan Müdafiə Sənayesi Nazirliyi tərəfindən qısa müddət ərzində ölkədə 42 istehsal sahəsi yaradılıb, istehsal olunan müdafiə təyinatlı məhsulların çeşidləri 658-ə çatdırılıb.2012-ci ildə qarşıda duran əsas prioritet məsələlərdən biri də Azərbaycanda partlayıcılar istehsal edən zavodların tikintisidir. Müdafiə Sənayesi Nazirliyi 2012-ci ilin sonuna qədər 60 ədəd "Aerostar" və "Orbiter-2M" tipli pilotsuz uçuş aparatları təhvil verəcək.

Bundan başqa Azərbaycanda silah və texnikaları sınaqdan keçirmək üçün Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ən müasir Sınaq Mərkəzi yaradılır.

Sınaq-test mərkəzində yerli istehsal olan silahlar, döyüş sursatları və digər müdafiə təyinatlı məhsullar testlərdən keçiriləcək. Mərkəzin ən müasir texnologiyalarla təchiz olunmuş laboratoriyasında dəqiq diaqnozlar qoyulacaq. Sifarişçi şirkətlər Azərbaycandan aldıqları silah və sursatların bu mərkəzdə özləri testlərini keçirə biləcəklər.

NATO standartlarına cavab verən mərkəzdə gələcəkdə müraciət əsasında digər dövlətlərə məxsus şirkətlər də öz məhsullarının testlərini apara biləcəklər.

Silahlı Qüvvələrimizin hazırkı durumunu yüksək qiymətləndirən dövlət başçısı eyni zamanda, Azərbaycanda istehsal olunan hərbi məhsulların say və çeşidinin də artdığını diqqətə çatdırıb: "Biz 600-ə yaxın çeşiddə hərbi məhsul istehsal edirik. Yəni, bu gün Azərbaycan ordusu böyük qüvvədir və biz bu qüvvədən lazım olan halda istifadə edə bilərik və edəcəyik.

Qarşı tərəf də bunu bilir. Ona görə də bizdə olan məlumata görə, qarşı tərəfdə - Ermənistanda Azərbaycanın hərbi imkanları ilə əlaqədar böyük təlaş və təşviş vardır. Biz bu məlumatları müxtəlif mənbələrdən alırıq və bizim imkanlarımıza cavab vermək üçün onların heç bir imkanı yoxdur. Necə ki, BMT Təhlükəsizlik Şurasına seçkilərdə onlar döyüş meydanından qaçmışlar. Çünki bilirsiniz ki, vaxtilə, yəni əvvəlki dövrdə Ermənistan da orada namizəd idi. Sonra sakitcə oradan çəkildilər. Çünki bilirdilər ki, Azərbaycanla mübarizə apara bilməyəcəklər. Eləcə də biz əsl döyüş meydanından da onların qaçmalarını dəfələrlə görmüşük. Onlara aid olmayan torpaqlardan öz xoşları ilə çıxsınlar və beləliklə, sülh bərpa oluna bilər".

Ölkəmizdə hərbi qulluqçuların sosial müdafiəsi diqqət mərkəzindədir

Son illər dövlət büdcəsindən orduya aid xərclərin davamlı şəkildə artırılması, hərbi qulluqçuların sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər diqqəti cəlb edir. Dövlət başçısının şəxsi tapşırığı ilə ötən il Milli Ordunun 43 hərbi şəhərciyində tikinti-bərpa və yenidənqurma işləri aparılıb. Hərbi hissə və birləşmələrdə müasir tələblərə cavab verən onlarla əsgər yataqxanaları, yeməkxanalar, avtomobil və hərbi texnika parkları, tibb məntəqələri, qazanxanalar, idman şəhərcikləri, camaşırxana və hamam kompleksləri hərbçilərin ixtiyarına verilib. Bu obyektlər istilik və isti su ilə fasiləsiz təmin olunub, ən müasir texniki avadanlıqlar alınıb, yeni magistral elektrik və mühəndis kommunikasiya xətləri, transformator yarımstansiyaları quraşdırılıb. 2011-ci ildə müxtəlif hərbi şəhərciklərdə xidməti yaşayış binaları tikilərək zabit və gizirlərin ailələrinə paylanılıb.

Ötən il dekabrın 28-də Azərbaycan Respublikası Prezidentinin imzaladığı növbəti Fərman hərbi qulluqçulara göstərilən dövlət qayğısının bundan sonra da sistemli şəkildə davam etdiriləcəyindən xəbər verir. Sənəddə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması öz əksini tapıb.