Albaniyada batan tankerdə olan itkin düşmüş azərbaycanlı dənizçilər axtarılır

16 Yanvar 2012 10:48 (UTC+04:00)

Albaniyanın Porto Romana sahillərində Tuzlada yerləşən "Saygı Denizcilik ve Elektrik" şirkətinə məxsus olan və Sierra Leona bayrağı altında üzən tanker partlayışdan sonra batıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qəza nəticəsində gəminin göyərtəsində Azərbaycan, Gürcüstan, Türkiyə vətəndaşları daxil olmaqla 15 nəfər olub. Qəza zamanı 2 nəfər həyatını itirib, Azərbaycan vətəndaşı olan gəmi kapitanı da daxil olmaqla 2 nəfər isə itkin düşüb. Sonradan kapitanın da öldüyü bildirilib. Nəticədə gəmidə olan 15 heyət üzvündən 3 nəfər ölüb, 12 nəfər isə yaralanıb.

Azərbaycan Xarici İşlər Nazirliyi isə qəza zamanı həlak olan və yaralanan azərbaycanlı dənizçilərin taleyini araşdırmağa başlayıb. XİN-in mətbuat katibi Elman Abdulalyev bildirib ki, nazirlik Azərbaycanın Yunanıstanda, eləcə də Albaniyada akkreditə olunmuş səfirliyinə hadisənin təfərrüatlarını və azərbaycanlı dənizçilərin taleyinin aydınlaşdırılması ilə məşğul olmağı tapşırıb.