Bu gün hakim Yeni Azərbaycan Partiyasına (YAP) üzv olan Azərbaycan mədəniyyətinin bir neçə nümayəndəsinə üzvlük vəsiqəsi təqdim edilib. SİA-nın xəbərinə görə, partiyanın mərkəzi qərargahında keçirilən görüşdə xalq artistləri Ağadadaş Ağayev, Zülfiyyə Xanbabayeva, əməkdar artistlər Elza Seyidcahan, Lalə Məmmədova, Cavanşir Əliyev, Eterri Cəfərova, o cümlədən müğənni Samirə Allahverdi, Yaşar Yusifov, modelyer Gülnarə İbadova, aktyor Elməddin Cəfərov və rəssam Xəzər Nəbiyev iştirak edib.
Mərasimdə çıxış edən YAP sədrinin müavini, icra katibi, millət Əli Əhmədov YAP-a üzv olmaları münasibətilə sənət adamlarını təbrik edib. O bildirib ki, bu incəsənət nümayəndələrinin hər biri bu vaxta kimi partiyanın işlərində yaxından iştirak ediblər. Onun fikrincə, bu gün onlara vəsiqələrin verilməsi partiyaya çoxdan üzv olan sənət adamlarının rəsmiləşdirilməsi kimi qiymətləndirilə bilər.
"Onlar bu illər ərzində partiya ideyalarının təbliğində ən fəal iştirak edən insanlardır. Bu sənət insanlarının çoxlu sayda sevənləri, pərəstişkarları var və onların partiyaya daxil olması öz müsbət nəticələrini göstərəcək. Mədəniyyət işçiləri Azərbaycan xalqına layiqincə xidmət edərək hörmət qazanıblar. Əminəm ki, vəsiqə aldıqdan sonra onların partiya ilə əməkdaşlığı daha da artacaq. Bu partiyanın həyatında da əlamətdar bir hadisədir. Biz də öz növbəmizdə istəyirik ki, partiya üzvləri hörmət qazanan, layiqli insanlar olsun", - deyə o əlavə edib.
YAP üzvlərinin sayının 540 min nəfərə yaxın olduğunu deyən Ə.Əhmədov yaxın gələcəkdə bu sayın 600 min nəfərə çatacağını deyib. O, indiyə kimi Azərbaycanda bu partiya qədər güclü siyasi təşkilatın olmadığını qeyd edib: "Hər il partiyamızın sıralarına 25-30 min nəfər insan qoşulur. Bu sadəcə, statistika deyil və YAP-ın gücü təkcə bu rəqəmlərdə deyil. Bu statistikanın arxasında görülən işlər, xalqa xidmət edən fəaliyyət dayanır. Bu gün Azərbaycan prezidentinin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edir. İnkişaf prosesi bütün sahələrdə özünü göstərməkdədir. Hesab edirəm ki, gələcəkdə uğurlarımız daha da çox olacaq. Bu mənada ölkəmizdə mədəniyyət və incəsənət sahələrində də ciddi inkişaf prosesi baş verməkdədir. Hesab edirəm ki, tanınmış sənət adamlarının, mədəniyyət və incəsənət xadimlərinin partiyamıza üzv olmalarına qərar verməsinin kökündə də bu amil dayanır. İnanıram ki, YAP sıralarına qoşulmuş sənətçilər bundan sonrakı fəaliyyətlərində də partiya və dövlət başçısının həyata keçirdiyi işləri dəstəkləyəcəklər".
Mədəniyyət nümayəndələrinin hər biri də onlara göstərilən bu diqqət və qayğıya görə öz təşəkkürlərini bildirib.
Xalq artisti Ağadadaş Ağayev partiyaya rəsmi sürətdə üzv olduğundan qürur hissi duyduğunu deyib. O, bu günün onun həyatında ən əlamətdar günlərdən biri olduğunu söyləyib.
Xalq artisti Zülfiyyə Xanbabyeva isə bu günün onun həyatında xoş günlərdən biri kimi yazıldığını deyib. Əməkdar artistlər Elza Seyidcahan, Lalə Məmmədova, Cavanşir Əliyev də bu partiyanın və dövlətin həyata keçirdiyi siyasəti hər zaman dəstəklədiklərini qeyd ediblər. Onlar bundan sonrakı fəaliyyətlərində də bu işlərə sadiq qalacaqlarını və fəaliyyətlərini daha da genişləndircəklərini qeyd ediblər.
Tədbirin sonunda partiyanın sədr müavini, icra katibi Əli Əhmədov bütün mədəniyyət nümayəndələrinə üzvlük vəsiqələrini təqdim edib.