AŞPA-nın Kişi və qadınlar üçün bərabər imkanlar komitəsinin iclası keçiriləcək

13 Yanvar 2012 12:38 (UTC+04:00)

Yanvarın 20-də Avropa Şurası Parlament Assambleyasının qış sessiyası öz işinə başlayacaq. Sessiya çərçivəsində qurumun bir neçə komitəsinin, o cümlədən, Kişi və qaınlar üçün bərabər imkanlar komitəsinin iclasları da keçiriləcək. Bu tədbirdə ölkəmizi təmsil edəcək nümayəndə heyətinin üzvü Sahibə Qafarova SİA-ya açıqlamasında deyib ki, iclasda "Mədəni həyatda iştirak etmək hüququ", "Dünyada qadınların hüquqlarının genişləndirilməsi", "Avropa Şurası Konvensiyasına müvafiq olaraq qadınlara qarşı ailədə zorakılıqla mübarizə" və digər məsələlər haqqında müzakirələr aparılacaq. İclasda çıxış etməsi nəzərdə tutulan millət vəkili, ölkəmizdə həyata keçirilən gender siyasəti, məişət zorakılığına qarşı mübarizə üzrə həyata keçirilən tədbirlər haqqında da məlumat verəcək.

Ümumiyyətlə isə Sahibə Qafarova ölkəmizdə həyata keçirilən uğurlu gender siyasətinin müsbət nəticələr verdiyini söyləyərək bildirib ki, dövlətin təşviq edici tədbirləri və qəbul olunan çox böyük əhəmiyyət kəsb edən qərarlar qadınlarımızın cəmiyyətə daha çox transformasiyasını təmin edib, onların ictimai həyatda və idarəçilikdə rolunu daha da gücləndirib.