Riqadakı azərbaycanlılar Fransada qondarma qanunun qəbul edilməsi cəhdini pisləyib

9 Yanvar 2012 10:23 (UTC+04:00)

Riqadakı "Ocaq" Azərbaycan Mədəniyyəti Mərkəzi Fransa parlamentinin aşağı palatası tərəfindən qondarma "erməni soyqırımı"nın tanınmamasının kriminal hesab edilməsi barədə qanun layihəsinin qəbul edilməsi ilə əlaqədar dəyirmi masa keçirib. SİA-nın xəbərinə görə, Beynəlxalq Yaxın və Orta Şərq, Mərkəzi Asiya və Siyasi Araşdırmalar İnstitutunun direktoru Aydın Əsgərov tədbirə toplaşanlara müraciət edərək deyib ki, Fransa parlamentinin aşağı palatasının bu qərarı tarixi həqiqətlərə əsaslanmır və beynəlxalq hüquqa ziddir. Fransanın bu cür biabırçı mövqeyi yalnız etiraza layiqdir.

İnstitutun elmi ekspert şurasının sədri Viktor Kolçak qeyd edib ki, beynəlxalq münaqişələrin həlli üsulu dövlətin ehtiyatlarının qarşıdurmalara, bütöv ölkələrin məhv edilməsinə deyil, əməkdaşlığa yönəldilməsinə xidmət etməlidir. V.Kolçak vurğulayıb ki, 1915-ci ildən yüz il keçir, o dövrün hadisələri ilə məşğul olmaq nəyə gərəkdir, axı indi Yaxın Şərq müasir problemlərlə üzləşib. Tarixin öyrənilməsi ilə peşəkar tarixçilər məşğul olmalıdırlar.

Beynəlxalq İnstitutunun Qazaxıstan üzrə elmi ekspert şurasının üzvü Yuri Mosiyenko deyib ki, əgər Fransa dövlətinin başçısı N.Sarkozi qondarma "erməni soyqırımı"nın tanınmamasının kriminallaşdırılmasına yönəlmiş belə bir addım atmaqla növbəti prezident seçkilərində "xal toplamaq" fikrindədirsə, bu, onun üçün yaxşı piardır. Lakin belə bir siyasi mövqe tutan Fransa hökuməti bu qərarın nəticələrini dərk etmir.