Paytaxtda hava küləkli olacaq

5 Yanvar 2012 08:38 (UTC+04:00)

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər zəif duman olacağı, axşam havanın tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yanvarın 5-də gündüz arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcə isti, gündüz 5-10 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarına gəlincə, yanvarın 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə dumanlı olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcə isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18 dərəcə şaxta olacağı gözlənilir. Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlayıb. Yanvarın 5- də ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.