Qubanın 6 yaşayış məntəqəsinin yolu bağlandı

4 Yanvar 2012 17:10 (UTC+04:00)
Yağan güclü qar Qubanın mərkəzi ilə yaşayış məntəqələri arasında əlaqəni kəsdi. SİA-nın verdiyi məlumata görə, problem daha çox ucqar dağ kəndlərinin yollarında özünü göstərir. Küsnət Xanagah, Qonaqkənd, Dağ Talabı, Yenikənd, Çiçi, Qımıl və Xaroşo kəndlərinə gedən bütün yollar buz bağladığından həmin ərazilərlə nəqliyyat əlaqəsi tamamilə kəsilib. Səhər saatlarından həmin kəndlərdən rayon mərkəzinə yollanan bütün avtobuslar mənzil başına çata bilməyib. Sürücülərin sözlərinə görə, ucqar dağ kəndlərinə gedən yollarda vəziyyət acınacaqlı həddə çatıb. Dağətəyi ərazilərdən keçən bütün kənd yolları buzlu olduqundan həmin ərazilərdə nəqliyyatın hərəkəti təhlükəlidir. Quba mərkəzi avtovağzalından da problemin olduğunu təsdiqlədilər. Avtovağzalın növbə rəisi Rəhman Dadaşovun sözlərinə görə, yollar qarlı olduğuna görə nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb. Hidrometroloqlar isə bu gündən hava şəraitinin sabitləşəcəyini və ayın 8 nə qədər əlverişli iqlim tempinin davam edəcəyini deyirlər. Qarlı hava şəraəti şimal bölgəsinin digər rayonlarında hələlik hər hansı bir problemin yaranmasına səbəb olmayıb.