Paytaxtda avtomobil təmiri sexində yanğın olub, bir nəfər ölüb

3 Yanvar 2012 14:48 (UTC+04:00)

Paytaxtda avtomobil təmiri sexində yanğın olub, bir nəfər ölüb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyə Bakı şəhəri, Xətai rayonunda yanmış avtomobil haqqında məlumat daxil olub. Hadisə yerində müəyyən olunub ki, təxminən 2 gün əvvəl baş vermiş yanğın nəticəsində vətəndaşa məxsus avtomobil təmiri sexində ümumi sahəsi 15 kvadratmetr olan xidməti otağın yanar konstruksiyaları içərisində olan əşyalarla birlikdə yanıb.

Hadisə yerinin kəşfiyyatı zamanı 1955-ci il təvəllüdlü Fəxrəddin Əjdər oğlu Babayevin yanmış cəsədi aşkar olunub.

Fövqəladə Hallar Nazirliyinin \"101 qaynar xətti\"nə və \"112 zəng mərkəzi\"nə baş vermiş yanğın hadisəsi barədə məlumat daxil olmayıb.