Yeni ili bayramı bizə neçəyə başa gələcək? - ARAŞDIRMA

30 Dekabr 2011 17:52 (UTC+04:00)

İnsanlar hər dəfə təzə ili fərqli şəkildə qeyd etmək istəyir. Bu il daha çox nəzərə çarpan fərqlərdən biri yeni ilin xarici ölkələrdə qeyd edilməsidir. Əslində, bu, yeni adət deyil, amma öncəki illərə nisbətən bu il bayramı xaricdə qeyd etmək istəyənlər daha çoxdur. İnsanlarımızın yeni ili harada və necə qarşılayacağını, bayramın iqtisadi cəhətdən nə qədər məsrəf tələb etdiyi araşdırmağa çalışdıq.


İmkanlılar Yeni ili harda qarşılamaq istəyirlər?


Hələ ay öncəsindən qeydiyyatlarını həll etmiş həvəskarların kimisi artıq istədiyi ölkədədir, kimisi də yola çıxmağa hazırlaşır. Maraqlıdır, xarici ölkələrdə yeni ili qeyd etməyə yollananlar buna nə qədər pul xərcləyirlər?


Öncə məlumat üçün qeyd edim ki, dekabr ayının başından bir çox turizm şirkətlərinin biletləri- yeni il paketlərinin demək olar ki, yarıdan çoxu satılmışdı. Çünki yeni ili xaricdə keçirməyi planlaşdıranlar biletlərini hələ 2-3 ay öncədən sifariş edirlər. Belələrini nə Avropanın sərt qarlı-şaxtalı havası, nə də tez-tez təxirə düşən təyyarə reysləri maraqlandırır. Azərbaycanda havaların mülayim keçməsi də imkanlı həmvətənlərimizi məhz qarlı havada yeni ili qeyd etmək üçün xaricə yollanmağa həvəsləndirir.


Mədəniyyət və Turizm Nazirliyindən SIA-ya verilən məlumata görə bu il xaricdə yeni ili qeyd etmək istəyənlər daha çox Rusiya, Türkiyə və Gürcüstanı seçirlər. Finlandiya, Yaponiya, ABŞ, İtaliya, Fransa və bəzi Şərq ölkələrini seçənlər də var. Şərq ölkələrinin (özəlliklə də, Yaponiya, Hindistan, Çin, Koreya) ekzotik və cəlbedici olduğunu düşünən səyahətçilərin fikrincə, bu ölkələrdə yeni il daha da maraqlı keçir.


Dünyada yeni il şənliyinin ən möhtəşəm keçirildiyi şəhərlərdən biri Moskvadır. Rusiyanın başqa şəhərlərində də yeni il şənlikləri gözəl təşkil olunur. Rusiya yeni ilə şaxtalı hava ilə girəcək. Amma sərt şaxta bu ölkəyə olan türist axınının qarşısını ala bilmir. Dünyanın hər yerindən bura turistlər yeni il qeyd etməyə gəlir. Azərbaycandan da bu ölkəyə yeni ili qarşılamaq üçün gedənlər az deyil.


Restoranlar və əyləncə mərkəzlərində


Xaricdə yeni ili qeyd etməyə imkanı və vaxtı olmayan vətəndaşlarımız şəhərdəki əyləncə mərkəzlərinə yollanır, ya da otellərdə təşkil olunmuş bayram şənliklərinə qatılır. Yəni, bayramı evdən kənarda, amma ölkədən çıxmadan qeyd edənlər də az deyil. Ailəsini əyləncə mərkəzlərindən birinə şənlənməyə aparan ailə başçısı gərək cibinə güvənsin.


Zatən cibinə güvənməyən kimsə yeni il axşamı 4-5 nəfərlik ailə ilə çölə çıxmağı, hardasa əylənməyi ağlından belə keçirməz. Çünki, onsuz da bahalı olan Bakı yeni il ərəfəsində və bayram axşamında fantastik dərəcədə bahalı bir şəhərə çevrilir.


Biz isə 4-5 nəfərlik ailənin orta səviyyəli restoran və ya kafedə yeni il şənliyi üçün gərəkən xərcləri hesablamağa çalışaq:


• Plov - 20 manat


• Şorba - 30 manat


• Hind toyuğu - 40 manat


• İçkilər - 50 manat


• Salatlar – 20 manat


• Tort və şirniyyatlar - 50 manat


• Çərəz - 20 manat


• Meyvə - 15 manat


• Digər yeməklər - 15 manat


• Başqa xərclər - 100 manat


Göründüyü kimi, kafe və restoranda yüngülvari yeni il şənliyi adambaşına 100 manat, 4-5 nəfərlik ailəyə isə 400-500 manata başa gəlir. Qiymətin bahalığına baxmayaraq, bayram günlərində kafe-restoranlarda, əyləncə mərkəzlərində boş yer tapmaq çətin olur.


Böyük şənliklərin böyük qiymətləri


Şəhərimizdəki əyləncə mərkəzlərində və restoranlarda yeni ili qeyd etmək üçün maraqlı tədbirlər və proqramlar təşkil edilir. Bu əyləncələrə qatılmaq isə fərqli qiymətlərədir. Elə əyləncə mərkəzləri var ki, bayram gecəsi tanınmış müğənniləri, aktyorları və illizionistləri səhnəsinə çıxarır. Təbii ki, bundan sonra qiymətlər də vurur "kəllə-çarxa".


Ölkənin 1 nömrəli VİP məkanına çevrilməkdə olan "Buta Palace" sarayı 3, 4 və 5 yanvar 2012-ci il tarixlərində balaca uşaqlar üçün yeni il proqramı hazırlayıb. Bu tədbirlə bağlı açıqladıqları məlumatda təşkilatçılar vəd edirlər ki, proqram maraqlı olacaq. 3 zonaya ayrılmış "Buta Palace" həm uşaqlar, həm də onların valideynləri üçün nəzərdə tutulub. Valideynlər monitorlarla təchiz edilmiş rahat zonada əyləşərək əsas zalda Yeni il proqramını birbaşa izləyə bilərlər.


Balaca tamaşaçıları şən klounlar və nağıl personajları qarşılayacaq, onları \"Sehirli Buta\"nın nağıllar aləminə aparacaqlar. Orada isə onları hədiyyələr gözləyir. Biletin qiyməti hər uşaq üçün 25 manatdır. 3 yaşdan yuxarı uşaqla gələn valideyn də özünə bilet almalı olacaq. Əgər istəmirsə, qonşu zaldan içəridəki bayramı pulsuz seyr edə bilər.


"Grand Hotel Europe" ("Avropa" mehmanxanası) 31 dekabr 21:00-da təşkil edəcəyi Yeni il gecəsinə populyar aktyorların iştirakı ilə bayram şənliyi vəd edir. Gecənin aparıcıları -\"Bu şəhərdə\" yumoristik layihəsinin aktyorları Rafael və Coşqun olacaq. Təşkilatçılar gözəl Yeni il ab-havası, canlı musiqi, instrumental orkestr, müsabiqələr, rəqslər, geniş çeşidli bayram menyüsü, səhərə qədər diskoteka vəd edirlər. Biletlərin qiyməti isə vətəndaşın orta aylıq əmək haqqı civarındadır. 199 manat adi biletin qiymətidir. 299 manata isə VİP bilet satılır.


"Diamond Klub"da 2012-ci İli qarşılamaq sizlərə 60 manat (standart) və 100 manat (VİP) başa gələ bilər. Bu qiymət paketinə bayram proqramı, orijinal və əyləncəli müsabiqələr, prizlər və sürprizlər daxildir.


"Landmark" oteli də yeni il ehtiraslarından kənarda qalmayıb. Otelin 20-ci mərtəbəsində yerləşən "Sky Bar və Lounge" məkanına 150 manat ödəməklə 31 dekabrda keçiriləcək şənlikdə iştirak edə bilərsiniz.


"Hyatt Park"ın uşaqlar üçün təşkil edəcəyi Yeni il şənliklərinin qiyməti böyüklər üçün 30 manat, uşaqlar üçün 50 manatdır. Təşkilatçılar bayram tədbirinə şəhid uşaqlarını, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin uşaqlarını dəvət etməyi planlaşdırır.


Uşaqlar yeni ili harada daha şən keçirə bilər?


Uşaqların sevimli bayramı olan Yeni ili daha rəngarəng keçirmək üçün paytaxt ərazisində fəaliyyət göstərən teatrlar müxtəlif şənlik və tamaşalar hazırlayıb. Uşaqlar üçün ən böyük şənlik Heydər Əliyev Sarayında təşkil edilir (dekabrın 28-30-da). Biletlərin qiyməti 5-10 manat arasındadır, artıq hamısı satılıb qurtarıb.


Yanvarın 3-4-də isə sarayın səhnəsində Moskva İri Kuklalar Teatrı \"Madaqaskar\" adlı şou proqramla çıxış edəcək. Rus dilində təqdim ediləcək bu tamaşaya biletlərinin qiyməti 5-25 manat arasındadır.


Kukla Teatrında da uşaqları sürpriz gözləyir. Dekabrın 30-dan yanvarın 5-nə kimi balacalar \"Balaca əjdahanın nağılı\" tamaşasına tamaşa edə bilərlər. Bu tamaşaya biletlərin qiyməti 2 manatdır.


Şıxəli Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında da yeni illə bağlı şənliklər təşkil olunub. Yanvar ayının 6-dək uşaqlar \"Qış nağılı\", \"Buratino\" tamaşalarına tamaşa edə bilərlər. Hər iki tamaşaya biletin qiyməti 8 manatdır.


Azərbaycan Dövlət Rus Dram Teatrının Yeni il tamaşaları isə yanvarın 8-dək davam edəcək. Uşaqları teatrda Şaxta baba və Qar qızla əyləncəli görüş gözləyir. Lakin bu teatrda anşlaqdır- bütün tamaşalara biletlər artıq satılıb qurtarb.


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Yeni il şənlikləri isə yanvarın 1-dən 5 dək davam edəcək. Teatrda şənlikdən başqa uşaqlar üçün \"Cupbulu əjdaha\" tamaşası nümayiş olunacaq. Saat 12:00, 14:00 və 16:00-da olacaq tamaşanın qiyməti 7 manatdır.


Bakı Dövlət Sirkində Rusiya sirkinin möhtəşəm proqramı nümayiş etdirilir. Yanvarın 10-dək davam edəcək konsertin ayın 8-dək olan biletleri artıq satılıb qurtarıb.


Yeni il şəhər gəzintisindən sonra evdə qarşılansa…


Evdən kənarda yeni ili qeyd etmək istəyənlərdən bəziləri də sadəcə ailəvi şəkildə yeni il gəzintisinə çıxır, əylənir, daha sonra evdə bayram süfrəsi açır. Bu daha sərfəlidir, nəinki hardasa yemək-içmək.


Tutaq ki, 4-5 nəfərlik bir ailə yeni il gəzintisinə çıxır. Əvvəla ailənin avtomobili olmalıdır ki, istədiyi ünvana rahat gedə bilsin. Əgər yoxdursa, onda taksi xidmətindən istifadə etməlisən. Bakıdakı taksilərə adi günlərdə yaxın düşmək olmur, o ki qaldı bayram axşamı yaxınlaşasan...


Yolkanın yanına getməklə iş bitmir, uşaqlara çərəzdən, oyuncaqdan almaq, yolkanı ətrafında şəkil çəkdirmək gərəkdir. Deyə bilərsiniz ki, öz fotoaparatınızla çəkəcəksiniz. Xeyr, yolka ki, sizin deyil, qabağında dayanıb şəkil çəkdirmək üçün yerindən asılı olaraq bir neçə manat pul ödəməlisiniz.


Bundan başqa gəzinti və yola sərf olunan vaxtda aclığını təxirə salmaq üçün yüngül yeyəcək və içəcəklər almalısan ki, bunları da şəhərdə normal qiymətdən 2-3 qat baha hesablayacaqlar. Bu sıraya attraksionları və digər əyləncə qurğularının xidmətlərini də əlavə etmək lazım gələcək. Yəni, 4-5 nəfərlik ailənin sadə bir bayram gəzintisi azı 100 manat aparır.


Evə "Şaxta baba" dəvət etmək istəyənlər də əlavə xərc çəkməli olacaqlar. Yarım saatlıq "Şaxta baba və Qar qız" cütlüyü sizin ən yaxşı halda bir yüzlüyünüzü aparacaq. "Yeni ili gətirən" qonaqların uşaqlarınıza verdiyi hədiyyələrin pulunu da siz ödəməlisiniz.


Bayramınız mübarək olsun!