Azərbaycan hərbiçiləri gələn il bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər

30 Dekabr 2011 10:44 (UTC+04:00)

Azərbaycan hərbiçiləri gələn il bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hərbiçilərimiz yanvarın 9-dan mayın 11-dək Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən, Vilnüsdə ingilis dili kurslarına qatılacaqlar.

Yanvarın 12-13-də isə zabitlərimiz Vaşinqtonda keçiriləcək Azərbaycan-ABŞ ikitərəfli hərbi məsləhətləşmələrinin növbəti plenar sessiyasında iştirak edəcəklər. Azərbaycan-ABŞ iş planına əsasən, yanvarın 18-dən oktyabrın 20-dək hərbiçilərimiz ABŞ-da piyada təməl zabit kursunda iştirak edəcəklər.

Yanvarın 23-27-də isə Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən, Bakıda ikitərəfli əməkdaşlıq üzrə ekspert danışıqları keçiriləcək.