Amerikanın Gallup Tədqiqat İnstitutu Ermənistandakı sosial problemlərlə bağlı sosioloji sorğu keçirib. Sorğunun nəticələri göstərib ki, işğalçı ölkədə yüz minlərlə vətəndaş ölkədən qaçmağa hazırlaşır. Ermənistanda doğum sayı da kəskin azalıb. Belə ki, əgər 20 il əvvəl ölkədə 80 min uşaq doğulurdusa, indi bu rəqəm 40 minə enib. Tədqiqatlar göstərib ki, əvvəllər Rusiya, Birləşmiş Ştatlar və digər ölkələrə köçənlər qohumlarına pul göndərirdilərsə, indi bu yardım xeyli azalıb. 2011-ci il ermənilərin 20 illik müstəqillik tarixində ən ağır il oldu.
10 uşaqdan 4-ü yoxsulluq həddindən aşağı səviyyədə yaşayır
Ermənistanda fəaliyyət göstərən Regional Araşdırmalar Mərkəzinin 2011-ci ilin yekunlarına dair hesabatında deyilir ki, bu ölkənin üç əsas problemindən heç biri öz həllini tapmayıb.
"Armenia today" saytının mərkəzin rəsmi nümayəndəsinə istinadla yaydığı məlumatlarda deyilir ki, Ermənistanda keçirilmiş prezident seçkilərinə etiraz edən xalq 2008-ci il martın 1-də zorakılığa məruz qalıb. Hakimiyyəti zəbt edənlər bu gün quldurluq yolu ilə o qədər varlanıblar ki, dövlət onlardan qorxur.
Xarici siyasətdə də heç bir irəliləyiş olmayıb. "Qüdrətli" erməni diasporunun artıq əvvəlki kimi bu və ya digər ölkənin parlamentində sözləri keçmir. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyi halda Ermənistan bu təşkilatda müzakirəyə heç bir məsələ çıxara bilmir.
Ermənistanın iqtisadiyyatı isə olduqca ağır vəziyyətdədir. Əhalinin 36 faizi yoxsulluq həddindən də aşağı səviyyədə yaşayır. Bu isə 1 milyon 200 min nəfər deməkdir. Nəzərə alsaq ki, məhz bu qədər də adam ölkəni tərk edib, onda ölkə əhalisinin hamısının yoxsulluq həddindən aşağı səviyyədə yaşadığı aydın olur. Rəsmi statistikaya görə, uşaqların 40 faizi (hər 10 uşaqdan 4-ü) yoxsulluq içində yaşayır. Bu məsələ hakimiyyəti ciddi düşündürməlidir. Lakin hakimiyyət nümayəndələri öz bizneslərini inkişaf etdirməyi daha üstün tuturlar.
Məsələn, Gümrü əhalisi hələ də zəlzələnin nəticələrini aradan qaldıra bilmədikləri halda, bu şəhərin meri özü üçün otellər və istirahət mərkəzləri tikdirir. Diasporun nümayəndəsi Narek Arutünyan rüşvətlə hakimiyyət nümayəndələrini ələ alaraq böyük bizneslə məşğul olur. Artıq diaspora Ermənistandan fayda götürdükdə onu müdafiə edir.
Əhalinin ümumi yoxsulluq göstərcisi 36 faiz təşkil edir
Ermənistandakı uşaqların 3,7 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır, ümumilikdə isə uşaq yoxsulluğu 41,4 faiz təşkil edir. Halbuki, əhalinin ümumi yoxsulluq göstərcisi 36 faiz təşkil edir. Panorama.am saytının verdiyi məlumata görə, bu barədə Ermənistanın Əmək və Sosial Məsələlər Naziriliyinin Sosial dəstək idarəsinin sədri Astqik Minasyan uşaq hüquqlarının müdafiəsinə həsr edilmiş parlament müzakirələrində bildirib.
Nazirliyin nümayəndəsi qeyd edib ki, ünvanlı ailə müavinəti aktual olaraq qalır. \"Necə edək ki, müavinət məhz yoxsul ailələrə çatsın?\", - o deyib.
Minasyanın sözlərinə görə, son ildə həyata keçirilən məlumat bazasının uyğunluq səviyyəsinin yüksəldilməsi əvvəllər sistemdə qeydiyyatda olmayan və müavinət düşən yoxsul ailələri aşkar etməyə imkan verib.
Erməni Milli Konqresinin (EMK) koordinatoru Levon Zurabyan isə deyib ki, Ermənistan bahaçılıq və səfillik dövrünü yaşayır: "Yoxsulluğa yönələn bu siyası taktika Ermənistanı uçuruma aparacaq. Quldur dövlət kimi fəaliyyət göstərən rəsmi İrəvan siyasi baxımdan heç nəyə qadir deyil".
Müxtəlif versiyalara görə, təkcə Rusiyada 800 min Ermənistan vətəndaşı ailəsini dolandırmaq, acından ölməmək üçün çalışır. Bir neçə yüz min erməni isə Gürcüstan və Türkiyədə çalışıb ailəsini yaşatmağa çalışır.
Sovet İttifaqı dağılandan sonra 1 milyon erməni ölkədən qaçıb
"Ermənistanda yaşayış evlərinin çoxu boşdur, çünki minlərlə insan bu ölkəni tərk edir. Bütün dünya Yer kürəsinin yeddi milyardıncı sakininin doğulmasını qeyd etdiyi bir vaxtda bəzi ölkələr əhali azlığından əziyyət çəkir. Bu meyil Ermənistana xüsusilə güclü zərbə olub". Karnegi Fondunun böyük elmi işçisi Tomas de Vaalın ABŞ-da çıxan "The National İnterest" jurnalında dərc edilmiş məqaləsində yer alıb.
Məqalədə vurğulanır ki, sonuncu siyahıyaalmanın nəticələrinə görə, Ermənistan əhalisinin sayı 3,3 milyon nəfərdir: "Onların üçdə iki hissəsi şəhərlərdə, qalan üçdə biri isə kənd yerlərində yaşayırdı. O vaxtdan bəri kənd əhalisinin yarısı iş tapmaq üçün bu ölkədən köçüb gedib. Şəhər sakinlərinin də xeyli hissəsi onlardan nümunə götürüb. Çoxları belə hesab edir ki, vəziyyət əslində daha pisdir.
1989-1992-ci illərdə ölkəyə 400 min erməni gəldiyinə baxmayaraq, əhalinin sayı azalıb. Görünür, həmin adamların az bir qismi bu respublikada qalıb. Sovet İttifaqı dağılandan bəri ölkəni tərk etmiş insanların sayı 1 milyona yaxındır".
Müəllif qeyd edib ki, miqrasiya ilə əlaqədar məsələlər Ermənistan üçün onun əsas müttəfiqi olan Rusiya ilə münasibətlərdə problemlər yaradır: "Baş nazir Tiqran Sarkisyan Rusiya hökumətinin "Həmvətənlər" adlı proqramı ilə əlaqədar narahat olduğunu açıq bildirib. Rusiya hökuməti həmin proqram çərçivəsində keçmiş sovet respublikalarından Sibirin əhalisi seyrək vilayətlərinə köçməyə hazır olan sakinlərə, o cümlədən minlərlə erməniyə vətəndaşlıq və iş vəd edir. Belə təsəvvür yaranır ki, müttəfiqlərdən biri özünün demoqrafik problemlərini digərinin hesabına həll etməyə çalışır".
Müəllif mühacirətin bu dərəcədə əldən saldığı ölkənin intensiv inkişaf edəcəyini gözləmək çətin olduğunu bildirib. O qeyd edib ki, yerli kənd təsərrüfatının rentabellik səviyyəsi aşağıdır, bu sahədə məşğul olanlar yalnız minimum dolanışıq təmin edə bilər.
"Yoxsulluq artıq milli təhlükəsizliyi hədələyən məsələyə çevrilib"
"Ermənistanda insanların çörək almağa pulu yoxdur. Uşaqlarını vaxtından tez yatırdırlar ki, körpələr şam yeməyi istəməsin. Bax, bütün bunlar indiki Ermənistanın real üzüdür". Ermənistan parlamentinin iclasında deputat Viktor Dəlləkyan bu fikridədir.
Erməni deputatın sözlərinə görə, Ermənistanda 1.5 milyon insan yoxsuldur və intihar edənlərin 40 faizi məhz işsizlərdir: "Yoxsulluq artıq milli təhlükəsizlik məsələsinə çevrilib. Ermənistanda yaşayan uşaqların 40 faizi yoxsulluq həddindədir. Əlil uşaqlar arasında isə bu göstərici daha çox- 70 faiz təşkil edir"
Həyatlarına könüllü son qoyanların tam əksəriyyəti isə 30-65 yaşlı işsizlərdir. Beləliklə, aşkar görünür ki, yoxsulluq Ermənistanda artıq milli təhlükəsizliyi hədələyən məsələyə çevrilib. "Əgər problem həll olunmasa, ölkə daxilində nəticələrini təxminləyə bilmədiyimiz sosial fəlakət yaşana bilər. Ona görə də Serj Sarkisyan iqtidarından soruşuram: bu fəlakətli vəziyyətdən çıxmaq üçün nə etmək fikrindəsiniz?!\"- Dəlləkyan deyib.
Göründüyü kimi, Ermənistan yeni sosial partlayışa hamilədir. Ac-yalavac xalqın üsyana qalxaraq qudurmuş hakim rejimi tarix səhnəsindən silib atacağı günə az qalıb. Nəhayət erməni xalqı özünün düçar olduğu fəlakətlərin əsl səbəbləriini anlayır. Bu səbəblər arasında ən mühüm yeru Azərbaycana qarşı təcavüzün nəticələri tutur.
Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri