Yol Polisi əməkdaşlarının fəaliyyəti ilə bağlı redaksiyamızın poçtuna sürücülər tərəfindən mütəmadi olaraq şikayətlər daxil olur. Kimi yol polis əməkdaşlarının sürücülərlə kobud davranmasından, kimi rüşvət tələb etməsindən, kimi də avtomobilinin heç bir səbəb olmadan cərimə meydançasına aparılmasından şikayətlənir.
Ölkəmizdə korrupsiyaya qarşı mübarizə aparıldığı, rüşvətxorluğun yığışdırılması üçün qərarlar, fərmanlar verildiyi bir dövrdə yol polis əməkdaşlarının vəzifəsindən tamah məqsədi ilə istifadə etməsi, qanun keşikçilərinin əl atdığı müxtəlif variantlar sürücüləri əməlli-başlı təngə gətirib.
"Nə simic adamsan, 100 manat ver qaytarım sənədlərini çıx get"
Şabran şəhəri H.Əliyev küçəsi 62a yaşayan, Əli Həmzəyevin redaksiyamıza müraciət etməsinə səbəb də Yol Polisi əməkdaşının onun hüquqlarını pozaraq rüşvət tələb etməsi ilə bağlıdır.
Ə.Həmzəyevin dediyinə görə, qayınatasına məxsus vaz 2107 markalı, 10 VP 967 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun 83-cü kilometrində heç bir səbəb olmadan yol patrul xidməti tərəfindən maşını saxlanılaraq ondan rüşvət tələb olunub: "Sənədlərimi yol polis idarəsinin əməkdaşı Məmmədnayev Əmirxana təqdim etdim. O, maşının yük yerinə baxış keçirdikdən sonra problem tapmasa da məni kənara çəkərək bildirdi ki, "hörmət elə sənədlərini verim çıx get". Pulum olmadığını və ona pul verməyəcəyimi bildirdikdə, Ə.Məmmədnayev məni hədələyərək başıma oyun açacağını bildirdi və içkili olub-olmadığımı yoxlamaq üçün cihaz gətirdi. Aparat guya mənim içkili olduğumu göstərdi. Ancaq sağlamlığımla əlaqədar olaraq ümumiyyətlə, içki qəbul etmədiyimi bildirib, Məmmədnayevdən içkili olmadığımı həkiminin təsdiq etməsini tələb etdim.
O isə cavabında "nə simic adamsan, 100 manat ver qaytarım sənədlərini çıx get" dedi. Məndən rüşvət ala bilmədiyini görən polis nəfəri qayınatamı kənara çəkərək ondan 45 manat rüşvət aldı. Sonra isə əsassız bir protokol yazaraq orada bildirdi ki, guya mən birtərəfli yolda yolun sağ yox, sol hissəsi ilə hərəkət etmişəm. Uzun mübahisədən sonra məcbur olub protokola imza atdım. Ancaq bunun əvəzində mənə heç bir qəbz verilmədi. Xahiş edirəm mənə və mənim kimi yüzlərlə sürücüyə qarşı olunan bu haqsızlıqlara qarşı tədbir görülsün".
Bu nə ilk nə də son hadisədir. Yol Polis əməkdaşlarının ədalətsiz hərəkətləri o həddə çatıb ki, artıq onlarla bağlı Avropa Məhkəməsinə də müraciət edən var. Bunu isə ölkəmizdə miqrant kimi yaşayan Gürcüstan vətəndaşı edib. Soin Seidiyev Avropa Məhkəməsinə yol polisinin ondan rüşvət tələb etməsi ilə bağlı müraciət edib. S.Seidiyev öz şikayətində bildirib ki, Bakıya qohumlarının toyuna gələrkən sürdüyü maşının qeydiyyata düşmədiyini əsas gətirən yol polisi ondan rüşvət tələb edib. Polisin tərtib etdiyi protokolu imzalayanda, ondan rüşvət istənilməsini protokolun arxasına yazan şikayətçidən yol polisləri protokolu ala bilib. O isə baş verənlərə aydınlıq gətirilməsi üçün Avropa Məhkəməsinə müraciət edib.
Məsələ ilə bağlı apardığımız araşdırma zamanı Xocasən qəsəbəsindəki Yol Polisi Postunun polis baş leytenantı İlqar Niftəliyevin ünvanına da çoxsaylı şikayətlər eşitdik. Sürücülər onun kobud davranmasından, haqsız rüşvət tələb etməsindən şikayətləndilər.
Şikayətlər cədvəli bununla da bitmir...
Sürücülər arasında keçirdiyimiz sorğu zamanı onlar bildirdilər ki, sürücülük vəsiqəsinin alınması üçün dövlət rüsumu 21 manat olsa da, bu gün bu qiymətə istisna hallarda kimsə vəsiqə ala bilər. 800 manat rüşvət verməklə isə heç bir yol hərəkəti qaydasını bilmədən, imtahan vermədən asanlıqla vəsiqə almaq mümkündür.
Yol polisinin radar "əməliyyat"ından şikayətlənən sürücülər isə bildirdilər ki, magistral yollarda hər addım-başı quraşdırılan radarlar sürücülərdən külli miqdarda pul almaq üçün vasitədir. Qanuna görə, magistral yolda radarın qurulması ilə bağlı xəbərdarlıq nişanı olmalı olsa da əksər yollarda belə nişanlar yoxdur. Radara "düşən" sürücülərin cərimələnməsi zamanı onlardan müxtəlif məbləğ tələb olunur. Burada vahid qiymət olmadığından, qiyməti YPX əməkdaşları müəyyən edir ki, bu da haqsızlıqlara səbəb olur.
Sürücülər son vaxtlar polislərin əməlli-başlı gəlir mənbəyinə çevrilən evakuatorlardan da şikayətləndilər. Onların dediyinə görə, haqlı-haqsız avtomobillər cərimə meydançalarına daşınır. Sürücülər avtomobili meydançadan çıxarmaq üçün ödədikləri məbləğin əvəzində onlara qəbz verilmədiyini, əlavə pul alındığını, avtomobillərin daşınması zamanı zədələndiyini dedilər.
"Zerkalnı" nömrələrin verilməsi, avtomobillərin texniki baxışdan keçirilməsi zamanı da sürücülərdən dövlət rüsumunda nəzərdə tutulmuş məbləğdən bir neçə dəfə çox pul alınır.
Sürücülərin yol polis əməkdaşlarının onlarla kobud davranmasına etiraz edirlər. Səbəb oldu-olmadı avtomobili saxlayan polislərinin yerli yersiz müdaxiləsi, qeyri-etik davranışı, avtomobildə qadın və uşaqların olmasına baxmayaraq sürücüləri səbəbsiz yerə yolda ləngitməsi ilə bağlı narazılıqlar var. Bu kimi halların daha çox Bakı - Şamaxı - İsmayıllı - Qəbələ magistral yolunda özünü göstərdiyi deyilir.
Polislər isə bildirir ki, Bakı-Şamaxı Yolunun Yol Polisi komandiri Şahmar Süleymanovun tapşırığı ilə qayda pozuntusu oldu-olmadı bütün maşınlar yoxlanılmalıdır.
Yoxlamanın neqativ təsirləri isə göz önündədir...
Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi bu gün dövlətdən ən çox dəstək alan, texniki və maddi bazasını genişləndirilən, işçilərinin yüksək əmək haqqı ilə təmin edilən qurumlardan biridir. Hazırda Yol-Patrul Xidmətinin əməkdaşı 700 manat əmək haqqı alır. Son illər yol polisinin xidmətində olan avtomobillər bütünlüklə yenilənib. Ancaq görünür ki, polis əməkdaşlarının rifahının yaxşılaşdırılması onların işində müsbət dönüş yaratmaq əvəzinə əks nəticə verməyə başlayıb.
\"Rüşvət alan polis Daxili İşlər orqanlarının sıralarından xaric olunur\"
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyevə müraciət etdik. K.Əliyev bildirdi ki, ölkədə korrupsiyaya qarşı mübarizə tədbirləri görüldüyü bir vaxtda Yol Polisi sistemində belə bir halın olması inandırıcı deyil: "Əgər belə hal baş verərsə mütləq aidiyyəti üzrə bizə məlumat verilməlidir. Vətəndaşlardan rüşvət alınma faktı varsa, Daxili İşlər Nazirliyinin \"102\" xidmətinə və ya, Dövlət Yol Polisi İdarəsinin növbətçi hissəsinə yazılı və ya şifahi məlumat verə bilər. Bu zaman qanun çərçivəsində müvafiq addımlar atılacaq, qanunvericiliyin tələblərini pozan polis əməkdaşlarına qarşı ciddi tədbirlər görüləcək. Qeyd edim ki, belə hallara yol verən polis əməkdaşları Daxili İşlər orqanlarının sıralarından xaric olunurlar".