1881-ci ilin yanvar ayından Bakıda nəşrə başlayan "Kaspi" qəzetinin mətbuat tariximizdə xüsusi rolu olub. Qəzetin rus dilində nəşr edilməsinə baxmayaraq onun Azərbaycan ictimai-siyasi mühitinə təsir etmək imkanları olduqca geniş idi.
"Kaspi"nin fəaliyyətini izlədikcə bir həqiqəti də görmək mümkün olur. Qazetin rus dilində çıxmasa da, redaktorunun rus millətindən olsa da (qəzetin ilk redaktoru V. Kuzmin olub) bu mətbuat orqanına da az təzyiqlər olmayıb. Azərbaycan həyatı ilə bağlı reallıqları yazması "Kaspi" üçün az problemlər yaratmayıb. Bəlkə elə buna görə də idi ki, qəzetin Azərbaycan dilində "Çıraq" adlı əlavəsinin nəşri hər vasitə ilə qəbul edilmədi. Bu o zaman idi ki, Qafqaz bölgəsində yaşayan rusların da, gürcülərin də, ermənilərin də öz dillərində çoxlu sayda mətbuat orqanları çıxırdı.
"Kaspi"nin fəaliyyətində daha yeni bir mərhələ tanınmış milyonçu və maarifpərvər xadim olan H.Z.Tağıyevin bu qəzeti 1897-ci ildə alıb, azərbaycanlıları oraya toplaması oldu. O qəzetin redaktorluğunu orada artıq 6 ay fəaliyyət göstərmiş Ə.M.Topçubaşova tapşırdı. "Kaspi" qəzeti 38 il fəaliyyət göstərdi. Bu, həqiqətən böyük bir dövrdür. Və bu dövrdə Azərbaycan xalqının həyatında çox ciddi hadisələr baş verdi.
Azərbaycanda xalqın maariflənməsi, elmlənməsi sürətləndi, çoxlu sayda ictimai-siyasi təşkilatlar yarandı, yeni qəzet və jurnallar açıldı, 1905-ci il inqilabı baş verdi, Oktyabr manifesti qəbul edildi, Birinci Dünya müharibəsi başlandı, 1917-ci ilin fevral-burjua inqilabı oldu, nəhayət 1918-ci ilin 28 mayında Azərbaycan xalqı İstiqlal bəyannaməsini qəbul edib, Şərqdə ilk demokratik dövləti – Azərbaycan Xalq Cümhuriyyətini yaratdı.
Bu müddət ərzində "Kaspi" mövcud oldu, yaşadı, ciddi mətbuat orqanı kimi öz çoxsaylı auditoriyasını yaşatdı. Ə.M.Topçubaşovdan sonra Ə.Hüseynzadə, qəzetin son saylarına – yəni 1919-cu ilin martına qədər isə A.Veynberq "Kaspi"nin baş redaktoru oldular.
Uzun illərin fasiləsindən sonra, 1999-cu ilin mart ayının 7-də yenidən müstəqilliyinə qovuşmuş Azərbaycanda "Kaspi" fəaliyyətə başladı. Həftəlik qəzet olaraq nəşr edilməyə başlayan "Kaspi"nin fəaliyyətinə dəstək verən Azərbaycanın xanım ziyalısı, filologiya elmləri üzrə fəlsəfə doktoru Sona Vəliyeva idi. Müasir "Kaspi"nin rəhbəri olan Sona xanım getdikcə kollektivi formalaşdırır, yeni istedadları bu mətbu orqana cəlb edirdi. Bu çalışmaların nəticəsi idi ki, qəzetin tirajı artır, forması dəyişirdi. Qəzet yeni və maraqlı layihələr həyata keçirirdi.
Hazırda qəzetə təcrübəli jurnalist Natiq Məmmədli Baş redaktorluq edir. Onun gəlişindən sonra qəzetin həftəlik 24 səhifədən ibarət ədəbiyyat əlavəsi də nəşr edilir. Bu da "Kaspi"nin yeni və geniş bir oxucu auditoriyasını əhatə etməsi deməkdir.