Abbas Ələsgərov: \"Azərbaycanda şəhərsalma və tikinti fəaliyyəti sahəsində ilk dəfədir ki, Məcəllə hazırlanır\" - MÜSAHİBƏ

26 Dekabr 2011 12:32 (UTC+04:00)

SİA Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərovun yap.org.az saytına verdiyi müsahibəni təqdim edir


- Abbas müəllim, məlum olduğu kimi müstəqil Azərbaycan dövləti son illər bütün sahələr üzrə dinamik inkişaf etməkdədir. Ölkəmizin bütün guşələrində quruculuq işləri həyata keçirilir. İstərdik ki, öncə Azərbaycanda şəhərsalma və arxitektura sahəsində dövlət siyasətinin əsas istiqamətləri haqqında fikirlərinizi bildirəsiniz ...

- Bildiyiniz kimi Azərbaycan Respublikası Konstitutiyasına görə insanların sağlam və təhlükəsiz mühitdə yaşayıb işlənmə hüququ vardır. Şəhərsalma sahəsində dövlət siyasətinin əsas istiqamətləri isə bu vəzifələrin reallaşdırılmasına yönəldilən tədbirlərin həyata keçirilməsindən ibarətdir. Çünki belə bir mühitin yaradılması məhz şəhərsalma fəaliyyəti nəticəsində baş verir. Bu fəaliyyətin dövlət siyasətinin tərkib hissəsi səviyyəsinə qaldırılması məqsədilə 2006-cı il fevral ayının 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərancamı ilə keçmiş Dövlət Tikinti və Arxitektura Komitəsinin əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaradılmışdır.

Lakin şəhərsalma siyasətinin həyata keçirilməsi təkcə bizim Komitənin fəaliyyəti ilə məhdudlaşmır. Məktəb tikintisi, səhiyyə və idman obyektlərinin tikintisi, mədəniyyət ocaqlarının yaradılması və bərpası, turizm, iqtisadi infrastrukturanın inkişafı, mühəndis-kommunikasiya şəbəkəsinin genişləndirilməsi və ekoloji mühütin sağlamlaşdırılması ilə məşğul olan bütün mərkəzi icra hakimiyyəti orqanlarının birgə fəaliyyəti, təbii ki, əlaqələndirilmiş fəaliyyəti bütövlükdə şəhərsalmanın inkişafını təmin edə bilər. Yalnız belə olduqda əhalinin həyat fəaliyyətinin səmərəli və dayanıqlı inkişafına nail olmaq mümkündür.

Mübaliğəsiz demək olar ki, son 10-12 ildə qeyd etdiyimiz sahələrdə ölkəmizin əldə etdiyi uğurlar bunu deməyə əsas verir. Bu müddətdə ölkə rəhbərliyinin, xüsusilə Prezident İlham Əliyevin səyi nəticəsində ölkəmizdə demokratik və münbit investisiya mühiti yaradıldığından, iqtisadiyyatımızın və regionlarımızın investisiya cəlbediciliyi yüksəlmiş, vaxtilə "əyalət qəsəbəsi" təəssüratı bağışlayan rayon mərkəzləri qısa müddətdə müasir şəhərlərə çevrilə bilmişdir.

Bu da bir həqiqətdir ki, Ümummilli lider Heydər Əliyevin qətiyyəti nəticəsində 1994-cü ilin sentyabrında imzalanan "Əsrin müqaviləsi" ölkənin qazandığı uğurların hərəkətverici qüvvəsi kimi təzahür etmişdir.


- Azərbaycanın şəhər və qəsəbələrinin yeni baş planlarının hazırlanması işi hansı səviyyədədir?

- Bütün bu inkişafın tənzimlənməsinə təminat yaradacaq müvafiq sənədin olması da tələb olunur. Bildiyiniz kimi bele bir tələbatı ödəyəcək ümumiləşdirici sənəd baş plandır.

Bu sahədə dövlət siyasətinin həyata keçirilməsi Azərbaycanın bütün şəhər və qəsəbələrinin yeni baş planlarının hazırlanmasının təmin edilməsi və yerlərdə onlara riayət edilməsinə daimi nəzarəti həyata keçirməkdən ibarətdir. Baxmayaraq ki, əksər Baş planların hazırlanması 90-cı illərdən əvvəlki dövrə aiddir və yeni prinsiplərə uyğun yenilərinin işlənməsinə ehtiyac vardır, yerlərdən bununla əlaqədar demək olar ki, heç bir təşəbbüs göstərilmir. Lakin bildirmək istərdim ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş "Yerli icra hakiməyyətləri haqqında Əsasnamə"yə əsasən Baş planların hazırlanması birbaşa yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aiddir. Bunu nəzərə alaraq bu günə kimi Komitənin sifarişi ilə 21 rayon mərkəzlərinin baş planları başa çatdırılmışdır.

Hazırda Gəncə, Sumqayıt, Xırdalan və Şəki şəhərlərinin Baş Plan layihələri üzərində iş gedir.

Onlar işlənildikdən sonra Komitənin nəzdində yaradılmış Şəhərsalma Şurasında baxılır və müsbət rəy alındıqdan sonra təsdiq etmək üçün müvafiq yerli icra hakimiyyəti orqanlarına göndərilir. Respublika əhəmiyyətlı şəhərlərin baş planları Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Eyni zamanda qeyd etməliyəm ki, hələ respublikanın 50-yə yaxın şəhərinin Baş Planı işlənməlidir.

Bundan əlavə, Bakı şəhərinin mərkəzi hissəsinə daxil olan Vaqif prospekti, İ.Qutqaşınlı və Y.Səfərov küçələri arasındakı ərazinin yenidən qurulmasının müfəssəl planlaşdırma layihəsi də işlənib başa çatmışdır. Hazırda həmin layihə baxılmaqdadır. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı"nın icrası ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Aran, Quba – Xaçmaz, Gəncə - Qazax, Şəki - Zaqatala və Lənkəran iqtisadi rayonlarının regional planlaşdırma sxemlərinin işlənməsi həyata keçirilir.


- Bu sahə ilə bağlı mövcud qanunvericiliyi, hüquqi bazanı qənaətbəxş qiymətləndirmək olarmı?

- Təbii ki, bu suala birmənalı cavab vermək düzgün olmazdı. Çünki, uzun müddət özünəməxsus qanun, standart və normaları olan SSRİ kimi ölkənin tərkibində olmuş Azərbaycan Respublikasında sahəni bu və ya digər formada tənzimləyə biləcək hüquqi baza mövcuddur. Bunların əksər hissəsi SSRİ-dən qalma olsa da, bizim özümüzün müstəqillik dövründə hazırlanan qanun və digər normativ sənədlər də mövcuddur. Buna misal olaraq Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış "Şəhərsalmanın əsasları haqqında", "Memarlıq fəaliyyəti haqqında", "İnvestisiya fəaliyyəti haqqında", "Standartlaşdırma haqqında" Azərbaycan Respublikasının qanunlarını, "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində tarixi-memarlıq abidələrin bərpası və qorunması haqqında", "Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərancamlarını, Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş "Şəhərsalma sənədlərinin tərkibi, tərtibatı, razılaşdırılması, dövlət ekspertizasının aparılması və təsdiq olunması Qaydaları"nı, "Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması. Dövlət şəhərsalma norma və qaydaları"nı və bu sahəyə aid xeyli miqdarda digər normativ-texniki sənədləri göstərmək olar.


- Milli Məclisdə Şəhərsalma və Tikinti Məcəlləsi müzakirəyə çıxarılıb. Sizcə, bu sənəd hansı yenilikləri özündə ehtiva edir və bu sahə ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində əhəmiyyəti nədən ibarət olacaq?

- Şəhərsalma və Tikinti Məcəlləsi məlum olduğu kimi qaydalar toplusudur. Azərbaycanda şəhərsalma və tikinti fəaliyyəti sahəsində ilk dəfədir ki, Məcəllə hazırlanır. Deməli, həm indiyədək mövcud olan qaydaların, həm də bir sıra yeni qaydaların hüquqi cəhətdən təsiri güclənir.

Məcəllədə səhərsalma və tikinti fəaliyyətinin informasiya təminatı sisteminin yaradılması və ondan istifadə qaydaları məsələlərinə yer verilmişdir. Bunun bir çox üstünlükləri var. Ən əsası odur ki, informasiya təminatı şəhərsalma və tikinti fəaliyyətinin, xüsusən də tikintiyə başlamaq üçün bütün razılaşmaların aparılması prosesinin sürətləndirilməsinə xidmət edir.

Qeyd etmək lazımdır ki, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin hüquq və vəzifələri aydın şəkildə əks olunmuşdur. Təqdim olunan məcəllədə mühüm yeniliklər nəzərdə tutulmuşdur. Məcəllədə şəhərsalma sənədlərinin hazırlanması üzrə icraatın aşkarlığını təmin edən təfərrüatlı prosedurlar nəzərdə tutulmuşdur. Həmçinin, bu sənəddə fərdi yaşayış evlərinin tikintisi ilə bağlı prosedurlar ciddi şəkildə sadələşdirilir. Belə ki, fərdi yaşayış evlərinin qısa vaxt ərzində sənədləşdirilməsi, tikintisi, istifadəsi və rəsmiləşdirilməsini nəzərə alan prosedur və normativ qaydalar vətəndaşların tələblərinə uyğun işlənilmişdir. Bununla yanaşı məcəllədə tikintisi üçün icazə tələb olunan və olunmayan obyektlər müəyyənləşdirilir. İlk növbədə, tikintisi üçün icazə tələb olunan obyektlər birinci və ikinci məsuliyyət dərəcəli obyektlərdir. Buna misal hündür mərtəbəli yaşayış evlərini göstərmək olar. Bu binalar üçün xüsusi təhlükəsizlik tələblərinə cavab verməsi ilə bağlı məsuliyyət səviyyəsi müəyyən olunub. Belə obyektlərin tikintisi üçün mütləq icazə alınmalıdır. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Məcəllədə tikinti məsələlərinə geniş yer ayrılır. Bu da tikinti məsələlərində mövcud olan problemlərin aradan qaldırılmasına xidmət edəcəkdir.


- Hazırda ölkəmizin hər yerində, o cümlədən Bakı şəhərində tikinti-quruculuq işləri həyata keçirilir. Bu prosesdə memarlıq ənənələrinə nə dərəcədə riayət olunur?

- Keçən əsrin 90-cı illərinin ortalarından başlayaraq ölkədə ümumi inkişafın, o cümlədən şəhərsalmanın tempi və həcmi artır, müasir çoxmərtəbəli yaşayış evləri tikilir, ictimai binalar yenidən qurulur, avtomobil yolları, müasir körpülər, idman qurğuları, otellər istismara verilir.

Heydər Əliyev Sarayının, Nizami adına kinoteatrının, muzey və teatr binalarının, "Azərbaycanfilm" kinostudiyasının yenidən qurulması və əsaslı təmiri, turizm obyektlərinin, idman-sağlamlıq komplekslərinin inşası həyata keçirilərkən memarlıq fonu, memarlıq-planlaşdırma həllərinin həcm-məkan həlli, eləcə də fasadların tərtibatında milli memarlıq ənənələrinə uyğun üsulları tətbiq edilmışdır.

Tarixi məhəllələrin yenidən qurulması zamanı layihəçilər "tikinti fonu" adlanan problemlə üzləşirlər. Bu, memarlıq baxımından dəyərli olan istər yaşayış, istərsə də ictimai binalara yaxın sahələrdə yerləşən, fiziki və mənəvi cəhətdən bərpası mümkün olmayan tikililərdir.

Məlumdur ki, XIX əsrin sonundakı neft bumu Bakını dünyanın ən iri sənaye mərkəzləri sırasına çıxardı. 1901-ci ildə dünyada neftin yarısından çoxu Bakıda çıxarılırdı. Varlanmış yerli milyonçular – Hacı Zeynalabdin Tağıyev, Ağamusa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Ağabala Quliyev, İsabəy Hacınski və xarici neft sənayeçiləri, o cümlədən Nobellər, Rotşildlər və başqaları öz dəbdəbəli sarayları və villalarının tikintisi üçün xeyli vəsait xərclədilər. Bakı milyonçularının sifarişi ilə Avropadan peşəkar memarlar dəvət olunurdu.

Müxtəlif vaxtlarda Bakıda məşhur memarlar – İ.V.Qoslavski, İ.K.Ploşko, E.Y.Skibinski, K.B.Skureviç, A.V.Eyxler, İ.V.Edel, N.Q.Bayev, A.V.Şusev və başqaları çalışmışlar. Müxtəlif üslublarda layihələndirilmiş möhtəşəm memarlıq əsərləri bu gün də qədim şəhəri bəzəməkdədir. Qeyd etmək lazımdır ki, tikinti üçün torpaq sahələrinin ayrılması, köhnəlmiş tikililərin sökülməsi, bilavasitə tikintinin özü şəhərin mərhələlərlə işlənən planlarının tələblərinə uyğun olaraq aparılırdı.

Qeyd etmək lazımdır ki, Bakı şəhərində bu gün tikilən memarlıq obyektlərinin layihə sənədlərinin hazırlanmasında yerli memarlarla yanaşı məşhur əcnəbi memarlar Zaha Hadid, Frans Yans, Valter Mari, Rikardo Smit və başqaları da iştirak edir, gözəlləşən paytaxtımıza müasir dünyanın yeni mütərəqqi memarlıq nümunələri bəxş edirlər.

Bu gün paytaxtımızda, dənizkənarı park ərazisində orijinal formasına görə milli musiqi aləti olan tarı xatırladan Muğam Mərkəzi tikilib istifadəyə verilmişdir. Məşhur memar Zaha Hadid tərəfindən layihələndirilən Heydər Əliyev adına Mərkəzin tikintisi tamamlanmaq üzrədir. Azadlıq meydanında iki 30 mərtəbəli beşulduzlu otel, həmçinin şəhərin dağlıq hissəsindəki Parlament prospektində "Üç alov" kompleksi: 38 mərtəbəli yaşayış evi, 36 mərtəbəli otel və 34 mərtəbəli ofis binası, orijinal formalı Azərbaycan Xalçası muzeyi şəhərə xüsusi yaraşıq verəcəkdir.

Bütün bu işlərin görülməsində ölkə Prezidenti cənab İlham Əliyevin cəsarətli və qayğıkeş münasibətini qeyd etməmək olmaz. Məhz Onun şəxsi münasibəti nəticəsində muzeylərdən tutmuş Bakı şəhərində tarixən formalaşmış mədəni irsin qorunmasına qayğı ilə yanaşılaraq ölkəmizin hər yerində xüsusən də, Bakıda xeyli müasir obyektlər tikilmişdir ki, onlar da nəinki şəhərin gözəlləşməsinə, eyni zamanda bu sahədə ölkəmizə yeni "nou-hau"ların, innovatik yeniliklərin gətirilməsinə zəmin yaradır. Bununla belə, onu da qeyd etmək lazımdır ki, vaxtilə Bakı şəhərində yaranmış vəziyyətdən istifadə edərək uğursuz memarlıq həlli olan obyektlər də inşa edilmişdir. Onların bəzilərinin indi sökülməsi məsələsi də müzakirə mövzusuna çevrilib.


- Abbas müəllim, Azərbaycan Respublikasında informasiya cəmiyyətinin formalaşdırılması üzrə Ulu öndər Heydər Əliyevin imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyadan (2003-2012-ci illər) irəli gələn vəzifələrin reallaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş "Elektron Azərbaycan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər çərçivəsində hansı işlər görülür, elektron xidmət hansı səviyyədədir?

- Azərbaycanın davamlı və dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədi ilə informasiya və kommunikasiya texnologiyalarından (İKT) istifadə olunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilmiş və bu sahədə mühüm tədbirlər görülmüşdür. "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)", eləcə də informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı qəbul edilən digər normativ hüquqi aktlar əsasında dövlət orqanlarının əhaliyə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsi sahəsində hüquqi baza formalaşmışdır.

Məlumdur kı, modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün əhaliyə elektron xidmətlərin göstərilməsi zəruridir.

"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının icrası ilə əlaqədar Komitədə müvafiq işlər görülmüşdür.

Komitənin rəsmi arxkom.gov.az saytında xüsusi elektron xidmət bölməsi yaradılmışdır.

Aidiyyəti üzrə göstərilən xidmətin adı (Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi fəaliyyət növü üzrə hüquqi və fiziki şəxslərə xüsusi raziliq (lisenziya) verilməsi), bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı, müvafiq sənədlərin (ərizə, blank, nümunələr və digər) elektron formaları elektron xidmət bölməsində yerləşdirilmişdir. Şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsi təmin edilmişdir.

Elektron xidmət bölməsinə müraciət edən şəxslər tərəfindən müəyyən edilmiş qaydada doldurulmuş ərizə və tələb olunan sənədlərin skan edilmiş surətlərinin elektron surətdə qəbul edilməsi, bu barədə göndərən şəxsə təsdiqetmə bildirişinin göndərilməsi və həmin sənədlərə qanunvericiliklə müəyyən ediımiş qaydada baxılması təmin edilmişdir.

Elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görülmüşdür. Hazırda Komitədə elektron imzanın tətbiq edilməsi üzrə müvafiq işlər davam edir.